"Atamdan qalan torpağı əkib-becərməyə imkan vermirlər" - LERİK SAKİNİ RƏSMİ QURUMLARDAN KÖMƏK İSTƏYİR

Baxış sayı:
422

Lerik Rayonu, Dızdipok kənd sakini Bünyadov Ramin Rəhim oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi qarşılaşdığı problemlə əlaqədar səlahiyyətli qurumlardan kömək istəyir:

“Mən, Bünyadov Ramin Rəhim oğlu, yazaraq bildirirəm ki, atamdan mənə qalan, hazırda bir hissəsi adıma olan torpaq sahəmdən istifadə etməyimə imkan vermirlər.

2023-cü ildə Lerik rayon məmurları tərəfindən şərlənərək, 2,1 il müddətinə həbsdə yatmışam. 7 ay isə nəzarət altında yaşamalıyam.

Lerik rayonunda vəzifəli şəxs mənə dedi ki, bir də torpaq məsələsinin üstündə bura gəlsən, səni narkotiklə həbs etdirəcəyəm, 18 il gedib yatarsan türmədə. Bu səbəbdən də haqqımı tələb etməyə qorxuram. Fakt, sübut ortada olsa da, görməzdən gəlirlər.

Həbsdən çıxmışam, iş yoxdur. Məsləhət görürlər ki, gedib təsərrüfatımla məşğul olum. Ona da imkan vermirlər. 

Penitensiar Xidmətin rəisi Fikrət Qafarov məsləhət verdi ki, şəhərdən uzaqlaş, get təsərrüfatınla məşğul ol.

1992-ci ildə bizə verilən 30 sot həyətyanı toraq sahəsinin 20 sotunu Şivəxanov Ağamməd Gulməmməd oğlu zəbt edib. Sənədi hansı qurumun verdiyi də bəlli deyil. Həmin sənədi də sizə təqdim edirəm. Mənim özümdə isə bütün sənədlərin hamısı qanuni yolla verilmiş sənədlərdir. 20 sot torpağımı qanunsuz yerə zəbt etmələrinə baxmayaraq, Yusubov Mehralı Xaliq oğlu ilə birləşərək, yolumu da bağlayıblar.

Adlarını çəkdiyim şəxslər Lerikdə yaşamırlar, ancaq may ayında gəlirlər.

Pay torpağımı isə Hüseynova Almaz və İbayev Nehmət mənimsəyib. Sənədlər əlimdə olsa da, səsimi çıxaran kimi məni tutdururlar.

Mən həbsdən çıxmış adamam, gedim şəhərdə hansı işdə işləyim?! Həm də adıma torpağım olduğu halda niyə elimdən uzaq düşməliyəm?!

Sizin sayt vasitəsilə İcra Hakimiyyətinə və digər səlahiyyətli qurumlara səslənirəm. Xahiş edirəm, səsimə səs verin. Mənim torpaqlarım mənimsənilib, əlimdə sənədlərim var. Sadəcə adamım və pulum yoxdur...".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.