​Britaniya ilə Avropadan növbəti Breksit razılığı...

Baxış sayı:
10495

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Breksitdən sonrakı dövrdə əlaqələrə dair sazişin və Siyasi Bəyannamənin layihəsi üzrə razılıq əldə ediblər. Beləliklə, bu həftənin sonunda Londonun Brüsseldən ayrılması barədə yekun sənədlərin imzalanması ərəfəsində bütün maneələr aradan qalxıb.
Muxalifet.az BBC-yə istinadla xəbər verir ki, Britaniyanın Baş naziri Tereza Mey jurnalistlərə müsahibəsində sənədlərin son mətninin hər iki tərəf üçün əlverişli olduğunu bildirib. O, həmçinin Aİ Şurasının prezidenti Donald Tuskla görüşü ərəfəsində rəhbərlik etdiyi kabinet üzvlərinə telekonfrans vasitəsilə sazişin detalları barədə məlumat verdiyini əlavə edib.
Aİ Şurasının bəyanatında da tərəflər arasında ticarət, təhlükəsizlik və digər sahələrdə gələcək əlaqələrə dair ilkin razılaşma əldə olunduğu bildirilib. Sazişin layihəsi Aİ-yə üzv dövlətlərin Brüsseldəki Daimi Nümayəndəliyinə təqdim olunub. Qanun kimi qüvvəyə minməmiş layihədə London və Brüsselin gələcəkdə bərabərhüquqlu və daha geniş iqtisadi əməkdaşlıq etməsi nəzərdə tutulur. Bundan başqa, “Brexit”dən sonra Britaniyanın tamamilə müstəqil iqtisadi siyasət aparacağı da təsbit edilib.
Aİ Şurasının prezidenti Donald Tusk Tvitter səhifəsində bildirib: “Aİ ilə Britaniya arasında əlaqələrin gələcəyinə dair Siyasi Bəyannamənin mətnini dərhal İttifaqın 27 üzvünə göndərdim. Müzakirə komissiyasının sədri mənə məlumat verib ki, sənədlə bağlı razılıq əldə edilib və təsdiq edilməsi üçün üzv ölkələrin liderlərinə təqdim ediləcək”.
Britaniyanın Aİ-dən ayrılması barədə saziş və Siyasi Bəyannamə bazar günü keçiriləcək Aİ sammitində və Britaniya parlamentində müzakirəyə çıxarılacaq.