Çingiz Hüseynzadə Avropa Komissiyasının rəhbəri oldu - FOTO

Baxış sayı:
7557

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib. MOK-dan bildirilib ki, tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər. Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irs, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Baş Assambleyada Ç.Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib. Həmçinin “Tokio 2020”, “Paris 2024” Yay, “Pekin 2022” Qış Olimpiya oyunlarının, 2023-cü ildə Krakov və Malopolskada təşkil olunacaq üçüncü Avropa Oyunlarının hazırlıq işlərinə dair hesabat məruzələri dinlənilib. Yeri gəlmişkən, Baş Assambleyada Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov da çıxış edib. A. Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub. İlk olaraq iyul ayında Bakıda gerçəkləşdirilmiş XV Avropa Olimpiya Gənclər Festivalı haqqında danışan nazir Bakının bu yarışa hazırlığı, görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqda məlumat verib. Azad Rəhimov vurğulayıb: “Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu yarış 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 763 yerli və beynəlxalq texniki heyət oyunların həyata keçirilməsinə cəlb olundu.12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynayıb". Nazir bildirib ki, Avropa Olimpiya Gənclər Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olub.