"DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini övladına əlillik dərəcəsi verilməməsindən şikayətçidir / Video

Baxış sayı:
521

Astara rayon sakini Abbasov İlqar Ağacan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Vətən müharibəsinin iştirakçısı olan oğlu Ağacanzadə İlham İlqar oğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən, Abbasov İlqar Ağacan oğlu, yazaraq Sizdən kömək istəyirəm. Oğlum Ağacanzadə İlham İlqar oğlu, 2016-ci ilin Aprel döyüşlərinin  iştirakçısı olub. Səhhəti gözlə görüləcək qədər ağır vəziyyətdədir. İllərdir yarasından gələn çirkli qan kəsmir, ağrıları dayanmır. Yaralandıqdan sonra qırılan qabırğaları çıxarıblar. İç orqanları fəaliyyətini itirib. Tikiş yerindən çirklı maye gəlir. Buna baxmyaraq, Astara Rayon Xəstəxanasının baş həkimi Gülnar Muxtarova xəstəliyi olduğu kimi yazmır.

Ailəmizin maddi durumu çox zəifdir. Bu səbəbdən, imkanım yoxdur ki, müalicəyə aparım.

Oğluma qazi statusu verilməyib, əlilliyi yoxdur. Odur ki, “YAŞAT Fondu” heç bir xərci boynuna götürmür.

Bir ata kimi çarəsiz vəziyyətdə qalmışam. Hara gedirəm, qapıları üzümə bağlayırlar.

Astara Rayon Xəstəxanasının həkim heyəti bildirir ki, “mənim üçün qazi olmayıb ki!" Görün, nə qədər çirkin bir ifadədən istifadə edirlər.

Xəstəxananın direktoru Oktay həkim qazi statusu olmayanlara hörmət qoymur.

Oğlumun bədənindən 20-25 qəlpə çıxarılıb. “Ege Hospital” müayinə üçün 150 manat pul tələb edir, imkanım çatmır. Amma məni başa düşən yoxdur. Oğlumun gözümün önündə hər gün əziyyət çəkməsi məni məhv edir".

Məsələ ilə bağlı Astara Rayon Xəstəxanasının baş həkimi Gülnar Muxtarova ilə əlaqə saxladıq. O, bildirdi ki, Ağacanzadə İlham İlqar oğlu Həkim Məsləhət Komissiyasından keçib: "Komissiya onu müayinə edib. Əvvəl biz onu ixtisaslı müayinə üçün xəstəxanalara göndərmişdik. Xəstə ixtisaslı müayinədən keçib və səhhətində əlilliyə səbəb olan xəstəlik aşkarlanmamışdır. Əlilliyə səbəb olan xəstəlik olmadığı üçün biz onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərə bilmirik. "Forma 88" bizim xəstəxanada yazılmır, Lənkəran xəstəxanasında yazılır.

Bir daha qeyd edirəm, xəstənin diaqnozunda əlilliyə səbəb bir xəstəlik aşkarlanmayıbsa, bunun günahı bizdə deyil. Burada yaşayan bütün qazilərdən soruşa bilərsiz. Hər biri ilə necə lazımdırsa, o cür danışılır. Hər şey bizim əlimizdə deyil. Niyə mənim haqqımda belə fikirlər səsləndiriblər, bilmirəm?! Mən baş həkim olaraq, üzərimdəki öhdəliyimi icra etmişəm.

“Mənim üçün qazi olmayıbsan” cümləsini işlədənə ayıb olsun, sadəcə, bunu deyə bilərəm. Bu, tamamilə yalan məlumatdır".

Jalə FAMİLQIZI

Redakisyadan: Mövzunu davam etdirəcəyik. Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.