"DYP-nin bəzi əməkdaşları bilməlidir ki, xidməti avtomobil onun atasının maşını deyil"

Baxış sayı:
14455

Sürücülər bir çox hallarda DYP əməkdaşlarının sayrışan işıqları yandıraraq üstünlük əldə etdiyinin şahidi olurlar. Belə hadisələr bir çox halda yollarda qəza vəziyyətinə səbəb olur. Qeyd edək ki, DYP əməkdaşları yol hərəkəti haqqında qanuna uyğun olaraq bəzi hallarda sayrışan işıqla sürücülər üçün tətbiq edilən qaydalardan kənar hərəkət edə bilərlər. Bura əməliyyat, təhlükəsizliyin təmin edilməsi və sair daxildir. Ancaq, DYP-nin bəzi patrul avtomobillərinin heç bir əsas olmadan sayrışan işıq və səs siqnallardan istifadə edərək üstünlük əldə etmələri halları ilə də rastlaşırıq. Bu da təbii ki, sürücülərə təhlükəli anlar yaşadır. Bəs belə hadisələrin qarşısının alınması üçün hansı tədbirlər görülür? Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevlə əlaqə saxladıq.
Rüfət Quliyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, DYP əməkdaşlarının əsassız olaraq sayrışan işıqdan istifadə edərək üstünlük əldə etməsi yolverilməzdir: "Belə hallarla rastlaşdıqda vətəndaşlarımız 902 qaynar xəttimizə, eyni zamanda rəsmi saytımıza onlayn şəkildə müraciət edə bilərlər. Biz həmin hadisəni araşdırıb hüquqi qiymət veririk. Daxili İşlər Nazirliyi bu kimi halların baş verməməsinə xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, əməkdaşlarımız xidmətdə olarkən, patrul avtomobilini idarə edərkən lazım olduqda sayrışan işıqlarla hərəkət edə bilər. Bu sadəcə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə aparıla bilər".
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə mövzu haqqında bəzi DYP əməkdaşlarının onlara verilən səlahiyyətlərdən sui-istifadə etdiklərini bildirdi: "Qeyd etmək lazımdır ki, patrul avtomobilləri operativ nəqliyyat vasitələridir. Bu səbəbdən müəyyən hallarda sayrışan işıqları yandırıb, səs siqnallarındn istifadə edib qaydanı poza bilərlər. Amma bu o demək deyil ki, sən hər dəfə qaydanı pozmalısan. Bu artıq xəstəlik halına çevrilib. Hətta son vaxtlarda biz təcili yardım avtomobillərinin də sayrışan işıq və səs siqnallarından əsassız olaraq istifadə etmələrinin şahidi oluruq. Nəticədə isə ağır qəzalar baş verir, insanların həyatı təhlükəyə atılır. Hər bir DYP əməkdaşı bilməlidir ki, ona verilən xidməti avtomobillər onun atasının alıb bağışladığı maşın deyil, dövlət əmlakıdır. Qeyd edim ki, patrul avtomobillərində müəyyən texniki avadanlıqlar var ki, yol polisi zərurət olmadan qayda pozduqda bilmək mümküdür".
Ruslan Yusibov