Elçin Yusubov-Taleh Bəşirov tandemindən “Böyük qayıdış”a həqarət

Baxış sayı:
3710

Məcburi köçkünlər kirayəyə göndərilir: “Siz bura yamaqsınız”
 
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov və adıçəklən qurumun şöbə müdiri Taleh Bəşirovun məcburi köçkünlərə yaşatdığı zülm davam edir. Bakının Novxanı çimərliyi sahilində - “Sarıqaya” yaşayış massivinin “Metallurq” düşərgəsinin bir hissəsini zəbt edən və qanunsuz olaraq satışa çıxaran cütlük, məcburi köçkünlərə təzyiq göstərməkdə davam edir. Prezident seçkilərindən sonra artan təzyiqlərin biri də məcburi köçkünlərin kirayəyə çıxarılması ilə bağlıdır.

 
“Bizə deyirlər ki, siz bura yamaqsınız, şəhər sizin yeriniz deyil”
 
Məsələ bundadır ki, məcburi köçkün düşərgəsinin tamamını boşaltmağa, öz biznes layihələrini qısa zamanda reallaşdırmağa çalışan əmlak məmurları nə yolla olursa-olsun qaçqınları düşərgədən çıxartmaq niyyətindədir. Bu məqsədlə də məcburi köçkünlərin “Böyük qayıdış” proqramı əsasında öz dədə-baba yurdlarına dönməsini gözləməyə səbirləri çatmayan Elçin Yusubov-Taleh Bəşirov ikilisi, öz əlaltıları vasitəsilə məcburi köçkünlərə həqarət etməkdən çəkinmir. Bu barədə məcburi köçkünlərdən biri deyir:
 
“Bizə söyləyirlər ki, sizi qısa zamanda kirayəyə çıxaracaq, zor gücünə olsa da ərazini boşaldacağıq. Ona görə də ən yaxşısı özünüzün bu düşərgəni tərk etməyinizdir. Bildirirlər ki,  hara istəyirsiniz gedə bilərsiniz. Qohumlarınız, dostlarınızın evinə, kirayəyə, yaxud Qarabağa. Önəmli olan qısa zamanda bu ərazini boşaltmağınızdır. Söyləyirlər ki, 30 ildir burada yaşadınız bəsdir. Siz bura yamaqsınız, şəhər sizin yeriniz deyil. Sizin yeriniz dağlar, dərələrdir və ora da gedəcəksiniz”.
 
Bahalı avtomobil korteji və qoçu dəstələri: Mətin Eynullayev Azərbaycanı “banan respublikası” ilə səhv salıb
 
Əmlak Məsələləri Dövlət Xidmətinin yetkililəri məcburi köçkünləri qorxutmaq, onları 30 ildir ki, məskunlaşdıqları ərazidən didərgin salmaq üçün ən müxtəlif üsullardan istifadə edir. Bunlardan biri tez-tez bahalı avtomobil kortejləri və qoçu dəstələri ilə köçkün düşərgəsinə səfər etmək, məcburi köçkünlərin evlərinə baxış keçirmək, onları sorğu-suala tutmaqdır. Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin tabeçiliyindəki məmurlar – Elçin Yusubov və Taleh Bəşirov öz əlaltıları vasitəsilə məcburi köçkünlərin gözlərini qorxutmağa, onları yaşadıqları evlərdən didərgin salmağa çalışır. İşin ən maraqlı tərəfi isə budur ki, bu şəxslər öz qanunsuz hərəkətlərini qanun adı ilə ört-basdır etməyə cəhd edir, dövlət adından danışırlar. Təbii ki, məcburi köçkünlər baş verənlərin bir qrup məmurun harınlığı olduğundan əmindirlər və onlar haqlı olaraq hesab edirlər ki, hər bir vətəndaşına sahib çıxan Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı əsla bu cür haqsızlığa rəvac verməz. Görünən odur ki, Mətin Eynullayev Azərbaycanı hansısa banan respublikası ilə səhv salıb və yəqin ki, necə böyük səhv etdiyini dövlət başçısı tərəfindən cəzalandırılacağı zaman anlayacaq.
 
Emin QƏDİMOV
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.