HACI ŞAHİNİN ÖLÜMÜNÜN ARXASINDAKI SİRR PƏRDƏSİ - İran onun aradan götürülməsində nə üçün maraqlı idi və bunu necə bacardı...

Baxış sayı:
1567

2023-cü ilin həyatımıza qədəm qoyması ilə pandemiyadan üzü bəri davam edən gərginlik və depressiya dönəminin sona çatacağına ümidliydik. Amma demək olar ki, hər günümüz yeni təlaşlı xəbərlərlə açılır.

Zənnimizcə, hər şey 27 yanvar tarixində, yerli vaxtla səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücumla başladı. Hansı ki, hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu müqavimətsiz keçərək, səfirlik əməkdaşlarına atəş açdı. Bu zaman səfirliyimizin əməkdaşları terrorçunu zərərsizləşdirməyə cəhd göstərdi. Bununla belə, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralandı...

Daha sonra, martın 2-də tanınmış ilahiyyatçı Hacı Şahin qəfil ölüm xəbəri gəldi. İddia olundu ki, o, ürək çatışmazlığı nəticəsində vəfat edib. Əslində, bu açıqlama sıradan bir şəxs olmayan Hacı Şahinin öz əcəli ilə, yəni ürəyində yaranmış problem səbəbindən ölməsi versiyasına kölgə salır. Çünki, qeyd etdiyimiz kimi, o, tanınmış din adamı, ictimai xadim - "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023), Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi və QMİ-nin Qazilər Şurasının üzvü idi. Üstəlik, mərhum xalq arasında kifayət qədər sevilən, hörmət edilən şəxs və din xadimi rütbəsi daşımanın haqqını vermiş adam idi.

Məsələnin üzərinə şübhə və sirr pərdəsi sərən amillərdən biri də Hacı Şahinin ölümündən əvvəl paylaşdığı “Whatsapp” statusu oldu. Bu statusu diqqətə alarsaq, onun ölümünün təsadüfən baş verməsi haqda iddialar kifayət qədə şübhə doğurur. Çünki ölüm heç kimə öncədən xəbərdarlıq edərək gəlmir. Yəni heç kim hansı an, hansı məqamda ömrünün sona yetəcəyi haqda əvvəlcədən məlumatlı olmur. Belə olsaydı - ölüm qəfil bir hadisə olmasaydı, hər bir insan əzizləri və dünya ilə vidalaşmağa zaman qazanardı, yarımçıq qalmış dünya işlərinin tamamlamağa vaxtı olardı. Beləliklə, öz versiyamızdan çıxış edərək, qəfil ölümün təbii əcəl, yoxsa qətl səbəbilə olduğu üzərində ehtimallar yürüdə bilərik.

Azərbaycan əhalisinin böyük əksəriyyətinin şiə olduğunu və İranın da uzun illərdir bundan istifadə edərək ölkəmizə vilayəti kimi baxdığını, ölkəmizin bir dövlət kimi mövcudluğuna düşmən mövqeyindən yanaşdığı kimsəyə sirr deyil. Xüsusilə 44 günlük müharibədən sonra İran üstünü örtüb torpaqladığı anti-Azərbaycan düşmən münasibətini açıq-aşkar biruzə verməyə başladı, çünki artıq bunu sərgiləməmək üçün əsası yox idi.

Əlbəttə, bir qədər də keçmişə nəzər salsaq deyə bilərik ki, Tehran rejiminin ölkəmizə qarşı irimiqyaslı təxribat aksiyalarından "ən parlağı" 2015-ci ildəki Nardaran hadisələri oldu. Hansı ki, həmin dönəmdə molla rejimi Nardaranı daxili "alov çəmbəri" kimi alışdırmışdı. Üstəlik, o vaxt Bütün Qafqazın şeyxi statusuna baxmayaraq Allahşükür Paşazadənin İranla dini qardaşlıq ritorikası da kifayət qədər özünə yer etmişdi və dövlətimizin maraqlarına qulluq etməli olan şeyx vəzifəsinin haqqını verə bilmirdi. Lakin ondan fərqli olaraq, məlum hadisələrin partlama məqamında Nardaranda baş verən olaylara münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli, “Mən Nardaran əhalisinə də müraciət edərək demək istəyirəm ki, ayıq-sayıq olsunlar, hər hansı xarici dövlətin, xarici qüvvələrin təhriki ilə Azərbaycanda dini dövlətə qarşı qoymaq cəhdlərinə qətiyyətlə yox desinlər” kimi ifadələri ilə dövlətin yanında, İranın isə təxribatına qarşı mövqe sərgilədi. O, həmçinin ifadə etmişdi ki, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir: “Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb, ölkədə ictimai-siyasi sabitlik var. Belə şəraitdə Azərbaycanda bu sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, məsələlər mütləq qanun çərçivəsində həllini tapmalıdır. Hüquqi dövlətdə yaşayırıqsa, hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək qətiyyən yolverilməzdir”.

Bir daha qeyd edirik ki, zamanında bu mövqeni Qafqazın şeyxi göstərməli olduğu halda, məhz Hacı Şahin sərgilədi və Paşazadədən fərqli olaraq dövlətinin yanında olduğunu nümayiş etdirdi. Təsadüfi deyil ki, bu səbəbdən ona İranyönlü cərəyan tərəfindən "saray imamı" ləqəbi də qoyulmuşdu.

Üstəlik, Hacı Şahinin İranın Bakı emissarı Ocaq Nejata bağlılığı haqda məqsədli şayiələr də dövriyyəyə buraxılmışdı. Lakin İrana bağlı insan mütləq gözükölgəli olmalı idi və dövlətinin başını təhlükə aldığı məqamda onu müdafiə etməzdi. Bu baxımdan, şübhə yox idi ki, həmin şayiələr sadəcə onu gözdən salmağa hesablanmışdı.

Hacı Şahin Həsənli “təqlid” prinsipinə əməl etsə də, İran mollaları onu sevmirdi, xüsusilə son illər onun haqqında tez-tez səslənən “saray mollası” ifadəsi səbəbsiz deyil. O, vaxtilə İran rejiminin Bakıda təsir ocağı kimi tanınan Məşədi Dadaş məscidinin yenidən dinə qaytarılmasında rol oynamışdı, həmçinin inanclı kəsim üzərindəki nüfuzu molla rejiminin bu kütləyə təsirinə mane olurdu.

Eynilə, böyük ehtimalla o da proqnozlaşdırılırdı ki, Şeyxdən sonra QMİ-nin sədri, əslində isə daha nüfuzlu dini lider olaraq Hacı Şahin önə çıxacaqdı ki, bu da İranyönlü şiə kəsimi içində Tehran heyranlığı ab-havasını zəiflədəcək, molla rejiminin bu kəsimin əliylə Azərbaycan dövlətinin içində təxribat törətməsinin qarşısnı alacaq, yolunu bilmərrə kəsəcəkdi.

Çünki Nardaran hadisələrindən sonra dövlət İranın Azərbaycandakı dini təsirinə qarşı mübarizəni aktiv mərhələyə keçirdi. Bu prosesdə “təsir agentləri”nin neytrallaşdırılması ilə yanaşı, milli dini liderin hazırlanması da əhəmiyyətli idi. Ona görə ki, ölkə əhalisinin yarısından çoxunun inancı olan şiəliyi dəyişmək yox, bunu “Xomeyniçilikdən” ayırmaq, Əhli-beyt eşqinin Azərbaycan insanı üzərində İranın siyasətinə alət olmasının qarşısını almaq lazımdır. Bu baxımdan, Hacı Şahin təkcə millət yox, dövlət tərəfindən də bu obrazda qəbul olunurdu.

Şübhəsiz ki, bundan sonra molla rejimi Hacı Şahinin ölümündən istifadə edərək, onun nüfuz etdiyi inanclı kəsimi yenidən ələ keçirmək istiqamətində aktivləşəcək. Əlbəttə, Tehranın buna nə dərəcədə nail ola biləcəyi şübhə altındadır. Amma bütün bunlara paralel olaraq Hacı Şahinin nüfuz etdiyi kəsimə bundan sonra kimin xitab edəcəyi də əhəmiyyətlidir.

Bəs, Hacı Şahinin ölümünün təsadüf olmadığını qəbul etsək, İranın burada hansı maraqlardan çıxış etdiyini necə təsnif edə bilərik? Hacı Şahinin aradan götürülməsindən İran nə əldə edə bilər?

Birincisi, Allahşükür Paşazadənin qeyri-qənaətbəxş dini fəaliyyətindən meydana gələn İran-fars-şuubiyyə aludəçiliyini neytrallaşdıran, bu kəsimin dövlətin ətrafında birləşməsini təmin edən şəxsin şeyxi qanuni əvəzləməsi İran təsirinin də zəifləməsinə gətirəcəkdi. Xüsusilə, Türkiyə-Azərbaycan tandemi dini-ideoloji müstəvidə də İranın təsirinin yox edilməsini zəruri edir.

İkincisi, İran Azərbaycan dövlətinə bağlı bir şəxsi aradan götürməklə Allahşükür Paşazadənin son dönəmlər laxlayan taxtını bərkitməklə yanaşı, hələ nəyəsə qadir olduğunu da ortaya qoymağa çalışdı. Üstəlik, bu ölümün ardınca Xətai rayonundakı “Bravo” hipermarketinə hücum zamanı banklardan birinin təhlükəsizlik əməkdaşının öldürülməsi ilə ölkədaxili xaosa imza ata biləcəyinin mesajını vermək istədi.

Üçüncüsü, Azərbaycanın dini-ideoloji müstəvidə İrandan qopmasını əngəlləmək. Bəllidir ki, Hacı Şahin yaşadığı müddətdə bu mümkün olmayacaqdı. Çünki o, dini nüfuzu ilə yanaşı, insani keyfiyyətləri ilə də toplumun rəğbətini qazanmış şəxs idi.

Burada daha bir neçə maraqlı məqama toxunaq. Hacı Şahinin ölümünün ardınca cəmiyyətdə gündəmi zəbt edən xəbərlərdən biri onun ürək çatışmazlığından əziyyət çəkdiyi və bu səbəblə vəfat etdiyi haqda iddialar oldu. Hətta tibb dünyası mənsubları onun ürək xəstəliyinin yeni olmadığı, dəfələrlə müalicə aldığı, lakin çox zaman müalicəyə önəm vermədiyini, nəticədə də bu xəstəliyin ölümə səbəb olduğunu irəli sürdülər. Həm də bu versiyanı irəli sürən tibb mənsubları nədənsə insanları ciddi-cəhdlə buna inandırmağa çalışdılar. Onlar “haqlı” olduqlarını sübut etmək üçün Hacı Şahinin ürəyinə stent qoyulduğunu bildirdilər.

Amma diqqətinizə çatdıraq ki, ürəyində stent gəzdirənlərin tez bir zamanda vəfat edəcəyini düşünmək doğru deyil. Stent daşımaq hələ o demək deyil ki, həmin şəxs qısa zamanda infarktdan vəfat edəcək. Ürəyində stent olan və uzun müddət yaşayan insanlar kifayət qədərdir.

Bundan başqa, bəzi həkimlərin guya, Hacı Şahinin ciddi ürək problemi yaşaması haqda iddialarına baxmayaraq, onun oğlu Hüseyn Həsənli, "Belə bir məlumat yayıldı ki, Hacı Şahin Həsənli səhhətində ciddi problem olmasına baxmayaraq "Baku Medikal Plaza"da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxananı tərk edib. Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən", - kimi ifadələri ilə mərhumun iddia olunan miqyasda ürək xəstəliyi yaşamış olduğunu inkar etmiş oldu.

"Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyib. Ona görə də atam xəstəxananı tərk edib", - deyə Hüseyn Həsənli açıqlamasında deyib.

Bundan başqa, Hüseyn Həsənli, "Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir", - deyə Hacı Şahinin ölüm səbəbinin ürəyindən olmasını istisna edir.

Bu baxımdan, haqlı olaraq sual meydana çıxır ki, sizə nə düşüb bu şəxsin məhz ürəyindən vəfat etdiyində israr edirsiniz?

Məlumat üçün bildirək ki, kiminsə qəsdinə duranda onu izi itirməklə qətlə yetirməyin müxtəlif versiyalarına əl atmaq olur. Bu metoda əsasən xüsusi xidmət və kəşfiyyat orqanları əl atır. Bunlar radioaktiv maddələr və zəhərli bitkilərdən düzəldilən qatqılarla mümkündür. Dediklərimizə sadə bir misal gətirək. Bitkilər aləmində "sarı jasmin" deyilən bitki mövcuddur. Bu bitki həmçinin "Gelsemium elegans" də adlanır. Ona "infarkt otu" da deyilir. Çünki bu və ya digər şəkildə onu qəbul edən şəxslər ürək çatışmazlığı problemi yaşayır və onun hansı səbəbdən vəfat etməsini əksər hallarda müəyyən etmək mümkün olur. Bu, yalnız bəzi inkişaf etmiş ölkələrdə aparılan laborator analizlər nəticəsində ortaya çıxır. Bu barədə internet məkanında kifayət qədər məlumat var. Hörmətli həkimlərimiz də həmin bilgiləri əldə edə bilərlər... 

Hacı Şahinin ölümünün ardınca İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakain bəyan etdi ki, onun dəfninə toplaşan şəxslərin çoxluğu azərbaycanlıların dərin dindarlığına dəlalət edir. Ardınca keçmiş səfir bildirdi ki, Həsənli fars dilinə dərindən bələd idi, İranla sıx əlaqələri var idi və özünü Əli Xamneinin davamçısı hesab edirdi. Buradan keçmiş səfirə çatdıraq ki, Hacı Şahinin insanlar içində hörməti onun iranyönlü dərin dindarlığından yox, dövlətinə bağlı şəxs olduğundan və dini inancından asılı olmayaraq insanlara təmənnasız kömək etməsindən qaynaqlanır. Çünki insanlar içində Hacının bu davranış nümunəsini sərgilədiyini bildirən xeyli faktlar var.

İkincisi, İranla sıx əlaqəsi olan və Xameneinin davamçısı olan şəxslərin Azərbaycan dövlətinin qəsdinə duranlar olduğunu dəfələrlə görmüşük. Bu iki xüsusiyyəti özündə ehtiva edən şəxs heç bir halda Azərbaycan dövlətinə sadiq ola bilməz, çünki bu iki anlam - İrana sıx bağlı olmaq və Xamenenin davamçısı olmaqla öz dövlətinə sadiq olmaq bir-birinə daban-dabana ziddir. Yəni bir tərəfdən keçmiş diplomatın dili ilə Hacı Şahinin "öz adamı" olduğunu ortaya atan İran, hazırkı məqamda Hacı Şahinin ölümündən də istifadə etməyə çalışır.

Yuxarıda da yazdığımız kimi, Ayətullah rejimi 1990-cı illərin əvvəlindən “İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsi” halında qonşu ölkədəki vəziyyətə təsir rıçaqları ilə özünü qorumaq üçün Azərbaycanda təsir imkanlarını artırmağa çalışır. Tehran Azərbaycan əhalisinin yarıdan çoxunun irsi və ya dindar şiələrə mənsub olmasından istifadə edərək, dini faktora arxalanır.

2000-ci illərdən Hacı Şahin Azərbaycanın şiə dindarları arasında İranın maraqları naminə dini və siyasi təbliğatın aparılmasına əsas maneələrdən biri olub. O, Azərbaycanda nəinki ortodoksal şiələr arasında (dindarlar arasında azlıq təşkil edir), həm də İslamın əsas qaydalarına əməl edən, şiəlik və sünnilik arasındakı fərqlərə həqiqətən də dərindən fikir verməyənlər arasında ən populyar mənəvi hakimiyyət idi (ölkədə belə inananlarlar çoxluğu ar). Hacı Şahin məsciddə cümə çıxışları zamanı sosial şəbəkələrdə, televiziyada izahat və maarifləndirmə işlərində fəallıq göstərirdi. Eyni zamanda o, İran ayətullahlarının göstərişlərini kor-koranə yerinə yetirməkdən yayınıb, Azərbaycan dövlətçiliyinə hörmətlə yanaşıb, ölkədə mövcud olan dövlət quruluşuna sadiq olub. Əslində, Hacı Şahin içinə İran zəhəri sızmamışdı, o, Azərbaycana xas şiəliyin parlaq siması idi.

Azərbaycanda mövcud olan rəsmi və qeyri-rəsmi din xadimlərinin heç biri nüfuzuna, populyarlığına, fəaliyyətinə, eləcə də dünyəvi hakimiyyətlərlə anlaşa bilmə qabiliyyətinə görə onunla müqayisə oluna bilməzdi. Nəticə etibarilə onun ölümü dini müstəvidə istər-istəməz boşluq yaradır. Onun yerini iranpərəst təbliğatçılar tutmağa cəhd edə bilərlər ki, böyük ehtimalla buna da səy göstərəcklər. Lakin, unutmaq olmaq ki, belə bir “perspektiv” Azərbaycanın milli təhlükəsizliyinə açıq təhlükədir. Çox güman ki, bu faktı müvafiq qurumlar da diqqətdən qaçırmayacaq...

Hacı Şahinin martın 2-də qəfil dünyasını dəyişməsinin ardınca, martın 4-də “Bravo”dakı silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun da “Facebook” profilini Xameneinin şəkil və 313 rəqəmi bəzəyir.  Baş verənləri məntiqi ardıcıllıqla düzsək, Hacı Şahinin “ölümü”nün ardınca (niyə "ölüm" yazıram, çünki onun öz əcəli ilə vəfat etdiyinə inanmıram, heç kim də zəhmət çəkib buna inandırmasın) Xamenei və 313 aşiqinin qarət kimi qələmə vermək istədiyi təxribatla insanların həyatına qəsd etmək bahasına törədilən hadisənin sıradan, təsadüf olmasını düşünmək ən azı sadəlövlhlük, ağılsızlıq olar. Hacı Şahinin ölümünü market terroru təqib etməsinin müəllifi İrandırsa, bu terror hansı məqsədlə meydana çıxa bilər? Bəlkə, Hacı Şahinin ölüm səbəbləri haqda şübhə buludlarını dağıtmaq məqsədi ilə. Məqsəd fikri din xadiminin ölümü, ölüm səbəbləri haqda düşüncələrdən yayındırmaq, gündəmi başqa istiqamətə yönəltməkdir. 

Bir daha bildiririk ki, dövlət üçün əhəmiyyətli şəxslərin qəfil-təsadüfi ölümü sıradan hadisə deyil, bu təsadüf ola bilməz. Təkcə onu diqqətə alın ki, “Whatsapp” mesajı ilə ölümün nəfəsinin ona yaxınlaşdığını, həyatına sui-qəsd olacağını daha aydın çatdırmaq olmazdı ki, ilahiyyatçı bunu etdi.

Sonda isə onu da deyək ki, Azərbaycanın ictimai-siyasi xadimlərinə sui-qəsd İranın dosyesində birinci hadisə deyil. Ziya Bünyadov, Rafiq Tağı sui-qəsdi də bu qəbildəndir. Eynilə, bu yaxınlarda baş vermiş sui-qəsd hadisəsi - Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı da bu qəbildən idi və İran molla rejiminin terror əməlinin müəllifliyini inkar edəcək qədər yüksək səviyyədə həyasızlığı da beynəlxalq sferada nadir nümunədir.

Hələ ki, İran-fars-şuubi-rafizi rejiminin son qurbanı Hacı Şahin oldu və bir daha vurğulayaq ki, bu hadisənin öncəki fraqmenti Tehrandakı səfirliymizə hücum idi. Bu ölümün təsadüf, "nə qəfil, nə sirrli" olduğunu təkidlə israr edən də fars-şuubi-rafizi rejim qədər suçludur.

Ülviyyə ŞÜKÜROVA