HƏBSXANADAN NÖVBƏTİ MƏKTUB - Günahsız olaraq 8 il həbs cəzası aldığını iddia edən məhbusdan ölkə başçısına müraciət

Baxış sayı:
10420

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Sizin məhkəmə-hüquq sistemində, hüquq-mühafizə orqanlarında apardığınız islahatlar, kadr dəyişikliyi, istintaq orqanlarında obyektivliyə riayət edilməsi, neqativ hallara, süründürməçiliyə qarşı kəskin bəyanat və göstərişləriniz ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılansa da, əfsuslar olsun ki, humanizm prinsiplərinizə qara kölgə salan məmurlar da yox deyil. Məhz bunun nəticəsidir ki, mənim kimi günahsız (məmurların istədiyi rüşvəti vermək imkanı olmayan, vətənpərvər kimsəsiz insanlar), zərərçəkmiş şəxslər, ağır cəza alıb türmələrdə nahaqdan əzab çəkir, öz hüquqlarının bərpası uğrunda vuruşsalar da, heç nəyə nail ola bilmirlər.
Məlumat üçün bildirim ki, 07.03.2019-cu il tarixdə barəmdə açılan saxta cinayət işi çərçivəsində birtərəfli aparılan istintaq hərəkətləri zamanı ziddiyyətli, böhtan xarakterli, sübuta yetirilə bilməyən epizodlarla şablon xarakterli tərtib edilən və günahsız həbsimə səbəb olan 16.07.2020-ci il tarixli ittiham aktında analoqu olmayan hüquq və qanun pozuntularına yol verilmişdir. İbtidai istintaq zamanı yol verilmiş qanun pozuntuları, saxta cinayət işində analoqu olmayan hüquq pozuntuları, özümün zərərçəkmiş və təqsirsizliyim barədə aidiyyatı üzrə Respublika Baş Prokurorluğuna yazmış olduğum 100-ə yaxın ərizə-şikayətlərimə etinasız yanaşılaraq, hal-hazıradək heç bir qanuni tədbir görülməmiş, eləcə də haqlı şikayət və tələblərim nəzərə alınmayaraq, əsassız saxta ittiham müdafiə edilmişdir.
Xüsusilə vurğulayıb, diqqətinizə çatdırmaq istəyirəm ki, birinci instansiya məhkəməsindən yuxarı instansiya məhkəməsinə kimi baş tutan bütün proseslər istintaqsız keçirilib, saxta ittihamda əksini tapan sübuta yetirilə bilməyən böhtan xarakterli ifadələr dublikat şəklində “hökm”ə köçürülərək, sifarişə uyğun olaraq mənə faciə-soyqırım doğuran şəkildə (özüm zərərçəkmiş olduğum halda) 8 il ağır cəza verilibdir.
Möhtərəm Prezident!
Günahsız həbs edildiyim vaxtdan indiyədək saxta ittihamın ləğv eidlməsi, böhtan xarakterli epizodlara xitam verilməsi üçün aidiyyatı üzrə bütün orqan və instansiyalara etdiyim ərizə şikayətlərimə etinasız yanaşılaraq, obyektiv tədbir görülmürsə, yuxarı instansiya məhkəməsi olan Ali Məhkəmə şikayətimi Pleniuma çıxarmağa ehtiyat edirsə, deməli, yalnız Sizin müdaxilənizə ehtiyac yaranır. Odur ki, artıq 5-ci ildir rastlaşdığım qərəzli və neqativ hallardan bezərək, Avropa Məhkəməsinə və beynəlxalq məhkəmələrə deyil, bu haqsız, acınacaqlı cəzadan qurtulmaq üçün müstəsna səlahiyyət sahibi kimi Sizə müraciət edərək, barəmdə çıxarılan ədalətsiz məhkəmə hökmlərinin ləğvinə və ədalətin bərpa olunmasına göstəriş vermənizi xahiş edirəm.
Hazırladı: KƏNAN
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.