Konstitusiya Məhkəməsi də Konstitusiyaya qadağa qoyub – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
3829

KM-in qəbul və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov səlahiyyətini aşıb
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 34 və 35-ci maddələrinə uyğun olaraq bu ilin fevralın 6-da Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqların bərpa olunması ilə bağlı şikayət verilib. Konstitusiyaya və “Konstitusiya Məhkəməsi haqqında” qanuna zidd olaraq şikayəti vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov “öyrənib”. Dırnaq işarəsinin qoyulması Anar Cəfərovun belə hüququnun olmamasından qaynaqlanır.
“Konstitusiya Məhkəməsi haqqında” qanunun 36.1 maddəsinə görə, Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin bu qanunun 34.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunun ilkin öyrənməsini Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir. Qəbul şöbəsinin müdiri Anar Cəfərov isə KM-in Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada KM-in aparatı deyil, səlahiyyətini aşıb. Eyni zamanda öyrənmə şikayətin qanunun 34.6-cı maddəsinə uyğun olub-olmamasından ibarətdir. Şöbə müdirinin  isə “öyrəndiyində” bu 34.6 maddəsindən bir söz də yoxdur. Bundan başqa, öyrənilən şikayətlə bağlı , qanunun 36.2 maddəsinə əsasən, bir və ya bir neçə hakim təyin edilməlidir. Anar Cəfərov isə “öyrəndiyi” şikayəti əndabadi məktubla geri göndərib. Halbuki icraata qəbul edilmədən imtinanın əsasları 37-ci maddədə doğrulanıb. Qəbul şöbəsinin müdirinin səlahiyyətinə aid olmayan cavabı bir yana, bu səlahiyyətsiz cavabda nə imtinadan yazılıb, nə də icraatdan. Sadəcə, konkretlik göstərilmədən “Konstitusiya Məhkəməsi haqqında” qanunun tələblərinin nəzərə alınması xahiş edilib. (?)
Qəbul şöbəsinin müdirinin səlahiyyətinə aid olmayan işlərə baş vurması illərdir sürür. Əvvəllər şikayətin əsaslandırılmadığı (?) əsas bəhanə idisə, indi ilkin öyrənilmə və konkretlik göstərilmədən geri qaytarılma. Halbuki şikayətin geri qaytarılması qanunda yazılmayıb. Yəqin ona görə, “qanunun tələbini nəzərə almaq xahiş olunur”.
Şikayəti ilkin öyrənməli olan KM-in Daxili Nizamnaməsi ilə müəyyən edilən KM aparatınn diqqətinə çatdırırıq ki, şikayət qanunun 34.4.2 və 34.7 maddələrinə uyğun verilib. Yəni məhkəməyə müraciət etmək hüququna qadağa qoyulub və ərizəçiyə digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmayan ağır və bərpaolunmaz zərər vurulub. Bununla bağlı isə birbaşa KM-ə müraciət etmək hüququ əsaslandırılıb. Təkcə onu demək yetər ki, ərizəçi məhkəmə qərarı olmadan həbsdə saxlanılıb, evində axtarış aparılaraq mənzili , əmlakı talan edilib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı son qərardır və altı aydan sonra Məhkəmə Hüquq Şurası işə qarışandan sonra saxta akt ümumi şöbədən göndərilib.  Ümumiyyətlə, həm Nizami məhkəməsinin, həm də Bakı AM-in CK-sının qərarları e-məhkəmə informasiya sistemində yoxdur, yəni saxtadırlar. Ərizəçinin məhkəməyə müraciət etmək, məhkəmə yolu ilə hüququnu təmin etmək hüquq və azadlığı pozulub. Nə yazıq, Konstitusiya Məhkəməsinə də basqı yapıb, şikayətə baxılmasına qadağa sifarişi verilib. KM haqqında qanunun 5.2 maddəsinə görə isə, hər hansı şəxs tərəfindən konstitusiya icraatına təsir, məhdudiyyət, hədə və müdaxilə edilməsi yolverilməzdir. Bəs niyə KM-in özü icraata qıraqdan sifarişlə qadağa qoyur?
Şikayət yenidən Konstitusiya məhkəməsinə təqdim edilir və qanuna uyğun baxılması qanunun, Konstitusiyanın tələbidir.
Məğrur BƏDƏLSOY