Korrupsiya ilə mübarizə köklü islahatdan keçir – TƏSƏLLİ İLƏ XƏSTƏLİK SAĞALMAZ

Korrupsionerin korrupsiyadan, rüşvətxorun rüşvətdən əl çəkməsi müşkül məsələdir. Canavarın ətdən, narkomanın narkotikdən imtina etməsi qədər ağırdır. Ancaq bəs iradə, şüur insana nədən ötrü verilib? Axı, haqqında söz açdığımız korrupsiya sağalmaz mərəz də deyil. Təki “xəstə” islah olmaq istəsin, narkotikdən üzlüşmək üçün ən əvvəl özü səy və dözüm göstərsin. Bu yoxdursa, heç bir təbib ona kömək edə bilməyəcək və gec-tez o, labüd sonluğa tuş gələcək, ya türməyə gedəcək, ya da (narkomandırsa) vaxtından əvvəl qəbir evinə...
Azərbaycanda son günlər korrupsiya ilə mübarizə söz–söhbəti yayılıb. Di gəl, azacıq araşdıranda məlum olur ki, yeni hoqqa “yuxarılar”ın korrupsiya mərəzindən total şəkildə xilas olmaq “istəyi” daha çox xalq və Qərb qarşısında gözdən pərdə asmağa oxşayır, görüntü kampaniyası xarakteri daşıyır, özünü təmizə çıxarmağa xidmət edir. Halbuki, məsələ cididir. Xüsusilə də məmur oliqarxların varidatı barədə Qərb mətbuatının açıqlamaları, qonşu ölkələrdə xalq hərəkətının simpitonları parlametin buraxılması, olkəmizdə şəhid ailələrinə veriləsi birdəfəlik yardımların verilməməsinə etirazlar səngimir. Demək istəyirik ki, ağlı başında olan görsə ki, qonşuda yanğındı, özü evi barədə tədbir görər.
Azərbaycanda korrupsiya ilə mübarizə (əgər belə şey varsa) yenə də onu törədən səbəbə qarşı yox, nəticələrə qarşı yönəldib. Həkimlər buna simptomatik müalicə deyir. Yəni hansısa xəstəliyin səbəblərinə toxunmadan nəticələri –siptomları aradan qaldırmaq üsuludur. Misal ücün, başın ağrıyırsa, analgetik, sancın varsa spazmolitik atırsan, çəkilir. Ancaq müvəqqəti. Çünki başağrısı arterial hipertenyadan (yüksək qan təzyiqindən) də yarana bilər, təzyiqin düşməsindən (hipotoniyadan) qan azlığından və sair. Yəni səbəb nə qədər aradan qalxmayıb, xəstəlik özü hədəf götürülməyib, simptomatika dəyişməyəcək.
Qəribədir, bir yandan məmurlara guya korrupsiyanı azaltmaq göstərişi verilir, digər yandan isə telekanallarda “xalqın gözünü açan”, tənqidi reportajları yasaqlayan əmir gəlir. Məntiq varmı?
Azərbaycanın paytaxtı Bakıdan tutmuş bütün regionları bürümüş rüşvət epidemiyasını necə düzəltmək olar?
Bizim Biləsuvar rayonunda məktəb uşaqları da bilir ki, onun valideyini Xırmandalı Bələdiyyəsinin sədrinə rüşvət verməsə, ev tikmək üçün həyətyanı torpaq sahəsi ala bilməz. İş bununla bitmir, işdir Bələdiyyədən torpaq sahəsi alsa, rayon torpaq komitəsini görməli, rayon İcra Hakimiyyətindən bəzi razılaşdırma sənədləri də almalıdır.
Belə çıxır ki, 6 sot torpaq almaq vətəndaşa 2500-3000 min manaata başa gələr, ən azı. Bu, kənd yerlərində belədir. Yaxud Biləsuvar rayonunda dövlət ehtiyat torpaqları kimin əlindədir? Birmənalı olaraq İcra Aparatının məmurları, onların qöhum-qardaşlarının əlindədir.
Rayonda dövlət ehtiyat torpaqları necə gəldi, təyinatlar istənilən vaxt dəyişdirilir. İndi də balıqyetişdirmə süni gölləri (dambalar) yaratmaq dəb düşüb. Balıqyetişdirmə göllərinin əsas hissəsini rayon icra aparatının məmurları, mövqeyindən istifadə edərək, ələ keçirirlə. Belə ki, süni göllərin salınmasına bir manat da xərcləmədən, işlərin görülməsi məmurların tabeliyində olan təşklatların hesabına başa gəlir. Demək olar ki, rayonda balıqyetişdirmə gölləri 23 nəfərə məxsusdur. Heç birinin də rəsmi qeydiyyatda olmaması gün kimi aydındır.
Keçən ilin əvvəllərində Prezident Aparatının rəhbəri R.Mehdiyev cənabları rayon rəhbərlərinə rəsmi qaydada qanunsuz yollarla formalaşdırılan balıqyetişdirmə göllərin ləğv edilməsi barədə tapşırıq versə də, desəm ki, təsirli tədbir görülmədi, bəlkə də səhv etmərəm.
Rayonda iş yerlərinin olmasından söhbət gedə bilməz. Ticarət mərkəzləri, dükan-bazarlar məmürların əlinin altındadır. Ümumiyyətlə, gözə dəyən pul çıxan nə varsa, məmurlarındır. Qaldı qara işlərə, bu işlərlə kimsəsiz sadə vətəndaşlar məşqul olur və s. Bu söylənənlər hakimiyyət telekanallarında heç deyilirmi? Bu səbəbdən də hakimiyyət telekanallarına düzəməlli baxan yoxdur! Çanaq antennalarının “canı sağ olsun”. Özünü müstəqil sayan kanallar, dövlət telekanallarını təkrar edir. Tənqidin dozası “JEK” müdiri vəzifəsindən oyana keçmir. Yasaqlansa da, yasaqlanmasa da, xalq televiziyaya baxsa da, baxmasa da gerçək birdir:
-Nə fərqi vardı, Əmək və Əhalinin Sosial Müdafiyə Naziri Səlim Müslümov Sahil Babayevlə əvəzləndi?! Mahiyyət dəyişdi, keyfiyyət dəyişmədi. Onun adamlarının bir qismi getdi, bunun adamları gəldi. Görünən odur ki, Biləsuvar rayon DSMF-də könə kadrlar çirkin əməllərini davam etdirir, vətəndaşları öz istədiklərinə tabe etdirirlər. Kimsə bu idarədən şikyət etsə, vəzifə səlahiyyətlərinin və zənginliyindən istifadə edərək müdir Fərasim Əliyev məhkəmədə şərəf və ləyaqətin müdafiyəsinə görə iddia qaldırır. Rayon məhkəmələrinin iş metodları da hamıya bəllidir...
Bu günün reallığı ac-yalavac, işsiz əhali bu hakimiyyətdən ciddi şəkildə qəzəblidir. Və bu qəzəbi soyutmaq üçün heç bir iş görülmür, əksinə ölkədə soyğunçu və əsassız bahalaşma pik nöqtəsinə çatıb .Əgər korrupsiya ilə “mübarizə” fonunda belə şəkər-qənnadı, ət, ərzaq məhsulları bahalaşırsa, hansı mübarızədən dəm vururlar?!
Baş alıb gedən monopoliya, süni qiymət artımı bizi hara aparır? Məncə, Azərbaycandakı bu avtoritar idarəçiliyi ərəb ölkələrindən fərqləndirən, həm də zəif salan ən əsas əlamətidir. Heç bu rejim islahatlara getmək istəmədiyini dilə gətirmir, sadəcə olaraq ləngidib, ömür qazanmaq üçün vaxt udmaq istəyir. Sadə xalqın canı çıxır və kimsə özünü aldatmaqla təskinlik tapırsa, tapsın. Ancaq təsəlli ilə xəstəlik sağalmaz.
Əlizadə Nəhmədağaoğlu