MOSKVADA BAŞ TUTAN SÜLH DANIŞIQLARININ PƏRDƏARXASI – Və yaxud erməni tərəfinin “vaxtsız sevinci” nə ilə bağlıdır...

Baxış sayı:
683

Ermənistanın baş naziri Nikol Paşinyan Düşənbədə İran prezidenti İbrahim Rəisi ilə görüş keçirib. Görüşdə tərəflər Ermənistan-İran çoxtərəfli münasibətlərinin gələcək inkişafı, iki ölkə arasında yük daşınmalarının arasıkəsilmədən təşkili və regionda baş verən hadisələri müzakirə ediblər.

Qafqaz.media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilir. İran prezidenti ölkələr arasında yeni müsbət addımların atılacağına ümidvar olduğunu ifadə edib.

Paşinyan qeyd edib ki, Ermənistan hökumətinin proqramında regional əlaqələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Bundan öncə İran prezidenti İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putin telefon danışığında KTMT-nin fəaliyyəti və koronavirusla mübarizə ətrafında müzakirə aparmışlar.

Bu gün - sentyabrın 17-də isə Şanxay Əməkdaşlıq Təşkilatında İranın üzvlüyünün müzakirəsi və qəbulu üçün Düşənbədə 12 üzv və müşahidəçi ölkələrin iştirakı ilə görüş keçirilir. İbrahim Rəisi də bu səbəblə Düşənbədə olduğundan, Nikol Paşinyanla görüşü baş tutub.

Xatırladaq ki, Ermənistana mal daşıyan İran sürücülərinin yolu Gorus-Qafan məntəqəsindən kəsildiyinə görə, sürücülər Qafan-Şinuayr torpaq yolundan istifadə edirlər. Lakin 12-15 metr uzunluğunda olan yük maşınları dar, enişli-qalxışlı yol boyunca hərəkət etməkdə böyük çətinlik çəkir. Hətta görüntülərdə əd var ki, birbaşa döngədə yanacaq daşıyan yük maşını sürüşməyə başlayır, nəticədə arxada hərəkət dayanır. Bu səbəbdən, bəzi yük maşınları alternativ yol kimi Tatevdən keçirlər, amma ermənilər bunun da olduqca riskli olduğunu bildirirlər. Çünki bütün yük maşınları orada dönə bilmir.

Ermənistanın iqtisadiyyatı üçün İranla ticarətin həyati nəfəslik olduğu məlumdur. Azərbaycan tərəfinin Gorus-Qafan yolunu nəzarətə götürməsindən, başqa sözlə həm İranın, həm Ermənistanın "xirtdəyini ələ keçirməsindən" sonra durumu çətinləşən hər iki tərəf alternativ yol arayışı ilə məsələni azacıq yoluna qoymağa nail olmuş kimi görünür.

Rusiyanın keçirdiyi "Qərb-2021" hərbi təlimlərinə qatılan Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin məlumatlara görə, neçə gündür ki, təlimlərdə erməni hərbi qrupunun iştiakını izləməkdədirlər. Əlbəttə, təlimləri izləmək məsələnin rəsmi tərəfidir. Qeyd etdiyimiz kimi, Ermənistanın "Hraparak" qəzetinin bəzi qaynaqlara əsaslanaraq yazdığına görə, Moskvada Azərbaycan tərəfi ilə sülh danışıqlarına hazırlıq üçün bəzi razılaşamalar əldə olunur. Hələ məlumatlar tam açıqlanmır. Amma Ermənistandakı vəziyyəti gərginləşdirməmək üçün erməni tərəfinin "uduzduğu məqamlar" güman ki, tam açıqlanmayacaq. Ən azından indilik...

Xəbərlərə görə, danışıqlar başa çatıb, ermənilər isə nəticələrdən razı qalıb. İlkin məlumata görə,Qarabağın statusu müzakirə mövzusu olmadan, keçmiş SSRİ xəritələri əsasında demarkasiya və delimitasiya proseslərinə başlanmasına dair şifahi razılaşma əldə olunub.

İşarə edilən digər məqam isə Rusiyanın bölgədə rus sülhməramlılarının mövcudluğu 5 il zaman limiti olmadan qeyri-müəyyən müddətə uzadılmasına nail olması barədədir.

Zəngəzur yoluna gəlincə isə, Rusiyanın nəzarətində "erməni sərhədçiləri"nin qoruduğu, sərhəd-keçid məntəqələrinin qurulduğu tranzit yolu barədə razılaşmadan bəhs edilir. Eləcə də azərbaycanlıların bu yoldan keçməyə görə pul ödəyəcəyi də iddia edilir. Hətta bunun üçün illik q50 milyon dollar civarında məbləğin də müəyyən edilməsindən bəhs edilir.

Gorus-Qafan yolundan isə söhbət açılmır və buna dair heç bir açıqlama yoxdur. Həmçinin, iddia olunur ki, İrandan gələn yük maşınlarının keçməsi üçün Rusiyanın maliyyəsi ilə Gorus-Qafan yolundan yan keçən Tatev-Qafan yolunun tezliklə tikintisinə dair razılaşma əldə olunub.

Beləliklə, Azərbaycan tərəfi qarşısında qoyduğu məqsədə nail olmuş sayıla bilər. Ermənistanın danışıqlardan razı qalmasına gəlincə isə, razılaşmamaqla bir şey əldə edə bilməyəcəyini anlayan İrəvan qənimətdən kənarda qalmaqdansa, əliboş qalmamaq üçün verilənləri almağa məcburdur.

Digər tərəfdən isə, parlamentin "Ermənistan" fraksiyasından olan deputat İşxan Saqatelyan bu gün keçirdiyi brifinqdə bildirib ki, Ermənistanda təhlükəsizlik böhranı aradan qaldırılmayıb. "Biz daim bunun yeni təzahürlərini görürük və həftənin ən vacib və əsas mövzusu, Azərbaycan tərəfindən Gorus-Qafan dövlətlərarası yolunda polis postunun quraşdırılması idi", - İşxan Saqatelyan deyir.

Onun sözlərinə görə, rəsmilər fraksiyanın təklifi ilə razılaşsalar da və Milli Təhlükəsizlik Xidmətinin direktorunun iştirakı ilə parlamentdə bu mövzuda müzakirə aparılsa da, görüş baş tutmayıb.

İ. Saqatelyan, "hakimiyyət erməni xalqının və Ermənistanın maraqlarına xidmət edə bilmir və mövcud vəziyyətdə məsələni həll etmək əvəzinə, bunların Azərbaycan torpaqları olduğunu bəyan edir və bu, bizim fikrimizcə xəyanətin klassik nümunəsidir", - deyə vəziyyti təsvir edir.

Görünür, Paşinyanın vaxtının bitdiynə sabiq prezident Robert Koçaryandan işarə alan müxaliflər İ.Saqatelyanın simasında aktivləşməyə başlayırlar. İ.Saqatelyanın "bu yaxınlarda Ermənistan Respublikasının ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan ictimai fəallığı artırmağı tapşırdı" deməsi də sabiqlərin hakimiyyətə qayıdış məqamını gözləməkdə olduğunu, əlverişli zamanın yetişməsini gözlədiklərini göstərir.

"Ölkəmiz son dərəcə taleyüklü mərhələdədir, bir böhran var, dövlət üçün təhdidlər var və gələcək vəziəfmizin nə olacağına qərar vermək, həm də insanların fikirlərini dinləmək üçün tərəfdaşlarımızla bu mövzuda müzakirələr aparıldı", - MM-in spiker müavini, erməni millət vəkili Işxan Saqatelyan bildirib. Deputatın sözlərinə görə, tezliklə Ermənistanda küçə döyüşləri gözlənilir.

"Biz həmişə söyləmişik ki, küçə döyüşlərindən heç vaxt imtina etməyəcəyik. Hazırkı etapda Ermənistanın türkləşdirilməsinin qarşısını almaq, ölkəni təhdid edən təhlükələri neytrallaşdırmağın yollarını fəal müzakirə edirik", - deyə Saqatelyan qeyd edir. 

Göründüyü kimi, bir müddət hakimiyyətdə qalmaq üçün Ermənistanın dolanışığını birtəhər təmin etməyə, insanları qıcıqlandırmamağa çalışan Paşinyan hökumətinin vaxtı daralır və Robert Koçaryanın "ictimai fəallığın artırılmasını" tapşırmasının böyük rolu olacaq.

Qafqaz.media