“NKVD”-nin 15 il məxfi saxlanılan Suxanovka türməsi – məhbuslara 52 növ işgəncə verilən obyekt

Baxış sayı:
4678

İosif Stalinin göstərişi, “NKVD”-nin rəhbəri Nikolay Yejovun başçılığı ilə 1938-ci ildə Moskva ətrafında istifadəyə hazır olan Suxanovka türməsi 15 il ərzində tam məxfi şaxlanılıb. Burada işləyənlərin, çəza çəkənlərin, hətta güllələnlərin adları şərti rəqəmlərlə göstərilib, əsl soyadları isə kodlaşdırılaraq “tam məxfi” qrifli qovluqlarda saxlanılıb. Türmə siyasi məhbuslar və Stalin rejiminə qarşı çıxanlar üçün nəzərdə tutulub.

Araşdırmaçıların qənaətinə görə, Suxanovka türməsində verilən işgəncələr dünyanın heç bir yerində tətbiq edilməyib. 52 işgəncə növünün tətbiq olunduğu Suxanovka türməsindən sağ çıxmaq mümkünsüz sayılıb.

Türmədə ən adi işgəncə növü döyülmə, bədənə müxtəlif alətlərlə xasarət yetirmə olub. Digər türmələrdən fərqli olaraq Suxanovkada bu proses bir neçə saat yox, sutkalarla davam edib. Belə ki, bu prosesin davamlı olması üçün türmədəki xüsusi qrup növbəli şəkildə məhbusları rezin dəyənək, armaturdan hazırlanmış alətlə gecə-gündüz döyüblər.

Digər alçaldıcı işgəncə növü arxa söykənəcəyi olmayan stulu tərsinə çevirib məhbusları orada otuzdurmaq olub. Belə vəziyyətdə kiçik bir hərəkət stulun ayağının məhbusun düz bağırsağına qədər keçəcəyi ilə nəticələnib.

Türmə əməkdaşları üçün ən “rahat” işgəncələr dırnaq altına iynə salmaq, barmaqları dəmir qapı arasında sıxmaq sayılıb. Bu “prosedur” gün ərzində bir neçə dəfə təkrar olunub.

Daha bir ağılasığmaz işgəncə məhbuslara bir-birlərinin sidiklərini içirtmək olub.

Müstəntiqlərin ittihamları ilə razılaşmayan məhbusları qaynar su ilə doldurulmuş çəlləklərə salıblar.

İstisnalar olmaq şərtilə məhbuslar işgəncələrə dözməyərək “günah”larını etiraf ediblər, müstəntiqlərin təqdim etdiyi sənədlərə imza atıblar.

İşgəncələr nəticəsində ölənlər heç bir yerdə qeydiyyata alınmayıb və itkin sayılıb.

İşgəncələrdən dəli olan məhbusların sayı da az olmayıb. Onlardan biri də Bakı hava hücumundan müdafiə qoşunlarının komandanı general Sedyakin olub. O, Suxanovkada bir müddət qaldıqdan sonra dəli olaraq bütün günü kamerada dizi üstə duraraq it kimi hürüb.

Maraqlı faktlardan biri də odur ki, Suxanovkanın “yaradıcısı” Nikolay Yejov həbs olunduqdan sonra öz “doğma məkanına” gətirilib, on ay qaldıqdan sonra elə orada da güllələnib.

Yejovdan sonra “NKVD”-yə rəhbər təyin edilən Lavrenti Beriya Suxanovkadakı rejimi daha da sərtləşdirib. O, türmədə tez-tez görünüb və zirzəmidə yerləşən işgəncə kameralarında məhbuslarla sorğu-sualda şəxsən iştirak edib.

Suxanovkada saxlanılan qadınlara da eyni münasibət göstərilib. Araşdırmaçı Lidiya Qolovkova Suxanovka ilə bağlı yazılarında qeyd edib ki, türmədə qadınlara qarşı daha sərt işgəncələr tətbiq edilib:
“Lavrenti Beriyanın cəlladları üçün işgəncə əyləncə sayılıb. 1939-cu ildə marşal Kulikin gənc və olduqca gözəl həyat yoldaşı Moskvanın mərkəzində oğurlanıb. Onun heç bir günahı olmayıb. Sadəcə, Kira adlı bu gözəl xanım birincilərdən kiminsə xoşuna gəlib. Onu bir neçə gün “istifadə” etdikdən sonra əlçatmaz sayılan Suxanovkaya aparıblar. Marşal Kulik həyat yoldaşının tapılması üçün Beriyaya müraciət edib. Beriya isə ümumittifaq axtarışın aparılması ilə bağlı göstəriş verib. Özü isə bir neçə gündən sonra Suxanovkada Kiranı şəxsən güllələyib.

Araşdırmalar göstərir ki, belə hallar tez-tez baş verib. Mən həmin dövrdə türmədə sürücü işləmiş əməkdaşla görüşmüşəm. Sürücü qeyd edir ki, məhbusları türməyə üstünə çörək, süd yazılmış maşınlarda gətirirdik. Və bir dəfə hamilə qadını türməyə gətirəndə qadın elə türmənin həyətində uşağı doğdu. Cəlladlardan biri uşağı götürüb içəriyə apardı, az sonra ananı uşaq olan otağa gətirdilər. Ana uşağını görəndə huşunu itirdi, uşağın göbəyini elə kəsmişdilər ki, bu mənzərəni seyr etmək mümkün deyildi...”

Güllələnləri yandırmaq üçün Suxanovkanın həyətində mazutla işləyən böyük soba quraşdırılıb. Meyitlər gecə yandırılıb. Və onların sayı 15 il ərzində 35 min nəfəri ötüb.

Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasına xəyanət edən donanma komandanı, nazir Çingiz İldırım da sonradan həbs olunub və son günlərini Suxanovka türməsində keçirib.

Lavrenti Beriyanın həbsindən sonra Suxanovka türməsinin fəaliyyəti dayandırılıb. Sənədlər “NKVD”-nin arxivinə göndərildikdən sonra türmənin binasından Moskva vilayəti üzrə türmə xəstəxanası kimi istifadə edilib.

İlham Cəmiloğlu, Musavat.com