“Nəticəsiz danışıqlar bölgəni müharibəyə aparır” - POLİTOLOQ

Baxış sayı:
3177

“Beynəlxalq Böhran Qrupunun (BBQ) Dağlıq Qarabağla bağlı növbəti hesabatından iki nəticəyə gəlmək olar: Birincisi, danışıqlarda əvvəlkitək nəticə yoxdur, münaqişənin həllinə yönəlik baxışlarda fərqlə ortadan qaldırılmayıb. İkincisi, vəziyyət getdickə gərginləşir, nəticəsiz danışıqlar bölgəni müharibəyə aparır”.

Bu fikirləri Azpolitika.info-ya politoloq Elxan Şahinoğlu Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağ məsələsini dalandan çıxarma” adlı hesabatını şərh edərkən bildirib.

Xatırladaq ki, BBQ problemin həlli ilə bağlı üç vacib şərt irəli sürüb. Hesabatla bağlı ətraflı bu linkdə tanış olmaq olar: (http://azpolitika.info/?p=574220&fbclid=IwAR2C7V-W9VWOerj83BH6PdK9r0aXciHuVJJ_vObeRl1s_rx2vGTqpZJ7A40)

E. Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi Bakı təxminən 4 ay gözləmə mövqeyində dayandı ki, Ermənistanın yeni hakimiyyəti münaqişənin həllinə baxışını ortaya qoymaq zamanı qazansın: “Ancaq Paşinyan bu zamandan sülhün əldə edilməsi üçün yox, münasibətlərin daha da gərginləşməsi üçün istifadə etdi. Böhran Qrupu bu hesabatında aşkar ona işarə edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan sülh əldə edilməyəcək.Erməni separatçıları nəinki buna hazır deyillər, əksinə Dağlıq Qarabağ ətrafındakı rayonlara məskunlaşma siyasətini həyata keçirirlər. Təəssüf ki, bu barədə Böhran Qrupunun hesabatında heç nə yoxdur. Halbuki, məskunlaşma siyasətinin davam etdirilməsi də bölgədə vəziyyəti gərginləşdirir”.