Paşinyan Putinlə görüşdən sonra özünü necə aparacaq - Zəngəzur dəhlizinin açılması nə vaxta qaldı?

Baxış sayı:
585

Ermənistanın baş nazirinin Moskva səfəri ilə bağlı ermənilərin gözləntiləri elə də yüksək deyil; proseslər Azərbaycanın maraqları çərçivəsində cərəyan edir; erməni ekspertlərsə Nikolu ələ salır...

Uzun çalışmalardan sonra Rusiya prezidenti Vladimir Putinlə görüş imkanı əldə edən Ermənistanın baş naziri ölkəsində gülüş və lağlağı obyektinə çevrilib. Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikası partiyasının sədr müavini baş nazirin Rusiya prezidenti ilə görüşündən bəhs edən videokadrları təhlil edərkən sərt ifadələr işlədib, hökumət başçısını açıq şəkildə aşağılayıb.

N.Paşinyanın səliqəsiz oturuşu, 4 dəqiqə 37 saniyəlik çıxışı zamanı 10 dəfə “şparqalka”ya boylanması, elementar məsələlərlə bağlı qeydlərdən istifadə etməsi ermənilər arasında geniş müzakirələrə səbəb olub. Ermənistanın Səhiyyə və Əmək Müfəttişliyinin Dərman Vasitələri İdarəsinin sabiq rəisi Vaqe Minasyan isə N.Paşinyanı Putinə yalan danışmaqda ittiham edib. “Rusiyanın ”Sputnik V" vaksini Ermənistanda qeydiyyata alınmayıb, amma baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə bildirdi ki, vaksin qeydiyyata alınıb", Minasyan özünün feysbukdakı səhifəsində yazıb.

Belə görünür ki, müxaliflər 44 günlük məğlubiyyətin əsas səbəbkarı saydıqları baş naziri 20 iyun seçkilərində “yola salmaq” üçün hər fürsətdən yararlanmağa çalışırlar.

Ermənistanın baş naziri isə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünü “çox intensiv və məhsuldar” adlandırıb. TASS xəbər agentliyi Nikol Paşinyanın çərşənbə günü Rusiyadakı Erməni Hüquqşünaslar Assosiasiyasının üzvləri ilə görüşündəki çıxışına istinadən yazır. “Üç saat yarımlıq görüşdə Vladimir Putinlə bir çox məsələni müzakirə etdik. Heç bir razılaşma imzalanmamasına baxmayaraq görüş məhsuldar keçdi,” - Paşinyan deyib.(BBC) O bildirib ki, “imzalanmış müqavilələrin icrası da daxil olmaqla, bir çox razılaşmalar müzakirə olunub”. “Bizim ortaq Ermənistan-Rusiya hərbi qruplaşması və ortaq regional hava hücumundan müdafiə sistemi barədə razılaşmalarımız var. Rusiya prezidenti ilə mən bölgədəki bu yeni vəziyyətdə həmin razılaşmaların həyata keçirilməsi üçün xüsusi plan və mexanizmləri müzakirə etdik,” - Ermənistan lideri açıqlayıb. Hökumət başçısının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsindən sonra gündəmə gətirilən həlledici məsələlərdən biri də tərəfdaş Rusiyanın dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrində aparılacaq islahatdır.

Qeyd edək ki, N.Paşinyan V.Putinlə görüşdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğu regionda sabitlik və təhlükəsizliyin vacib amilinə çevrildiyini söyləyib. Hökumət başçısı növbəti dəfə “hərbi əsirlər” adlandırdığı, Azərbaycanda saxlanılan erməni terrorçularının taleyindən bəhs edib, onların azadlığa buraxılması üçün Rusiya liderindən kömək istəyib. Yeri gəlmişkən, Paşinyanın 11 yanvarda Rusiyada keçirilən üçtərəfli görüşdən sonra ermənilər tərəfində hədəfə alnması da əsasən bu mövzu idi. Emənilər “Şirak terrorçuları”nı həbsdən xilas edə bilmədiyinə görə baş naziri “top”a tutmuşdular. Görünür Rusiya prezidenti ilə budəfəki səfərdə Paşinyan özünü sığortalamaqdan ötrü “şparqalka”sına “əsirlər” mövzusunu xüsusi qeyd edib ki, yadından çıxmasın.

Kreml: "İŞİD liderinin öldürülməsi təsdiqini taparsa..."

Görüşdən öncə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Putin-Paşinyan görüşündə “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının reallaşdırılması, həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı problemlərin həlli üçün atılacaq addımlar müzakirə ediləcək”.

 Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək. Ancaq görünən budur ki, Ermənistan hakimiyyəti seçkiöncəsi rəqiblərinin basqılarını bəhanə edərək Zəngəzur dəhlizlə bağlı addımlar atmağa tələsmir, üstəlik, sərhədlərin dəqiqləşdirilməsi prosesini də uzatmağa cəhd göstərir.

Ancaq Rusiya prezidenti N.Paşinyanla görüşündə öhdəliklərə əməl etməyin zəruriliyini bir daha xatırladıb. V.Putin bildirib ki, Qarabağdakı ticarət-iqtisadi əlaqələrin və nəqliyyat yollarının bərpası bölgədə münaqişədən sonrakı yenidənqurmanın və Ermənistanın inkişafının ən vacib hissəsidir. Virtualaz.org bildirir ki, məlumatı “İnterfaks” yayıb. “Əlbəttə ki, postmüharibə bərpa prosesinin vacib tərkib hissəsi regionda ticari-iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının bərpasıdır ki, Ermənistan ölkənin inkişafı üçün yeni imkanlar əldə etsin”, - deyə Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bildirib. Putin həmçinin qeyd edib ki, “Ermənistan iqtisadiyyatına yatırılan bütün kapital qoyuluşlarının 40% - i Rusiya mənşəlidir”. Moskva görüşü 10 noyabr və 11 yanvar anlaşmalarının irəli aparılmasında nə dərəcədə rol oynayacaq, hələlik bunu demək çətindir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, kommunikasiyalarla bağlı nikbindir: “İl ərzində həm dəhlizin, həm də Ermənistanın Türkiyə ilə sərhədinin açılacağını proqnozlaşdırıram. Mənə elə gəlir ki, Paşinyan da bunu istəyir. Böyük ehtimalla bu, Ermənistanda parlament seçkisindən sonra baş verəcək”. Siyasi ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Kreml sahibinə yaltaqlanaraq deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılarının varlığı bölgədə vacib sabitlik və təhlükəsizlik amilidir: “Paşinyan onu da deyib ki, daima Rusiya prezidenti ilə təmasdadır. Rusiya ”İsgəndər" raketlərini Azərbaycan ərazisinə atmaqla bölgədə necə “sabitlik” tərəfdarı olduğunu göstərib". E.Şahinoğlu qeyd etdi ki,  Paşinyan parlament seçki öncəsi özünü Rusiya təhlükəsindən sığortalamaq üçün Kreml sahibinə təklif irəli sürüb: “”Biz Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyası inşa etməsini istəyirik". Kiçik və əhalisi azalan Ermənistanda atom elektrik stansiyası varkən və onu elə Rusiya idarə edərkən ikincisi nəyinə lazımdır?" Politoloqun fikrincə, Paşinyan, sadəcə, Putinin hüzuruna müxtəlif təkliflərlə yollanıb ki, Kreml sahibinin inamını qazansın: “Putini bu təkliflərlə aldatmaq mümkün deyil. Putin Paşinyandan bir gün əvvəl onun əsas rəqibi Robert Köçəryanı Moskvaya dəvət edib və onunla onlayn formatında 1 saat söhbət edib. Bu, Kremlı sahibinin seçimini ortaya qoyub. Paşinyan Rusiyaya atom elektrik stansiyası tikməyi təklif edib, Köçəryan isə hakimiyyəti dövründə əsas fabrik və zavodları Rusiyaya peşkəş etmişdi”. “Atlas” rəhbəri qeyd etdi ki, N. Paşinyanın Moskvada Putinlə görüşə başlayarkən media qarşısında diqqəti çəkən 3 açıqlaması var idi: “Birincisi, o dedi ki, guya əsirlər məsələsində Rusiya Ermənistanla ortaq baxışa malikdir. İkincisi dedi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü də bildirdi ki, Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşasını istəyir. Paşinyanın görüşdən əvvəl əsirlər barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı. Paşinyan bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya prezidenti ilə geniş müzakirə edəcək. Halbuki Putin görüşdən əvvəl bu barədə heç nə demədi. Bu mövzu Moskvanı narahat etmir. Bu mövzunu səsləndirmək parlament seçkisi öncəsi Paşinyana lazımdır”.

Atom elektrik stansiyası təklifinə gəldikdə, E.Şahinoğlu bunun da Paşinyanın taktiki gedişi olduğunu vurğuladı: “Ermənistanın baş naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş gəlməyib. Ancaq kasıb Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır? Birincisi, mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Demək, İrəvan tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. Rusiya həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı geri qaytara bilsin. Ancaq bunun üçün mifik stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala biləcəkmi? İkincisi, rusiyalı ekspertlər bildirirlər ki, atom elektrik stansiyasının koprusları Rusiyadan Ermənistana daşınmalıdır. Ancaq Rusiyanın Ermənistanla sərhədi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da dəmir yolu ilə Rusiyadan Ermənistana çatdırıla bilər. Ermənistan hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqı ilə  bağlı Gürcüstan dəmiryolundan istifadə edə bilmir. Demək, yerdə qalır, həmin korpusları Azərbaycan üzərindən Ermənistana daşımaq. Ancaq bunun üçün Ermənistan Zəngəzur üzərində vaxtilə sökdüyü dəmir yolunu bərpa etməlidir və Azərbaycanla münasibətləri normallaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan dəmir yolu üzərindən həmin korpusları Ermənistana çatdıra bilsin”. Politoloq hesab edir ki, Moskva görüşündə Putindən çox, Paşinyan danışıb: “Seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. Əsirlər mövzusuna maraq göstərməyən Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin təzyiqi ilə üzləşməsin. Digər tərəfdən, Paşinyanın beynini hələ də bu sual məşğul etməlidir: ”Vladimir Putin məndən bir gün əvvəl əsas rəqibim Robert Köçəryanı Moskvaya dəvət edib onunla 1 saat müzakirə aparmaqla nə demək istədi?"" Ümumilikdə E.Şahinoğlu bildirdi ki, N.Paşinyan hakimiyyətinin ömrünü uzatmaq üçün Rusiya liderindən dəstək aldı: “Amma Putin daima Paşinyana nəzarət edəcək”.

Amma “Atlas” rəhbəri erməni baş nazirin Putindən “əsir”lər məsələsində dəstək aldığına inanmır:  “Bu məsələ Putini o qədər narahat etmir. Narahat etsəydi, bu vaxta qədər Kreml Bakıya təzyiq edərdi. Belə bir təzyiq yoxdur”.

Məsələlərə ümumi baxış bucağından yanaşsaq, proseslər Azərbaycanın maraqlarına uyğun şəkildə cərəyan edir. Hər halda, indiki durumda N.Paşinyanın kresosunu qoruyub-saxlaması, revanşistlərin yolunun kəsilməsi üçtərəfli razılaşmaların reallaşmasına aparacaq. Əks halda, proseslər tormozlana bilərdi, moderator Rusiya olsa, belə... 

Elşad Paşasoy,
“Yeni Müsavat”