“Paşinyanın ərköyünlüyü Qarabağı itirməklə nəticələnəcək...” – Arkovdan AÇIQLAMA

Ermənistanın yeni hökuməti Kremlə şantaj üçün sələflərinin taktikasından istifadə etməyə davam edir. Bu dəfə şantaj predmeti kimi KTMT seçilib. Öz bəyanatları və fəaliyyətləri ilə İrəvan bir neçə məqsədinə çatmaq istəyir.
Bu sözləri açıqlamasında Rusiyanın hərbi-siyasi blokunda yaranan münaqişənin səbəbləri və həll yolları barədə danışan rus politoloq, “Politrus” analitik-informasiya portalının yaradıcısı və rəhbəri Vitali Arkov deyib.
“Ermənistan ilk növbədə Bakının KTMT-yə tərəfdaş və ya müşahidəçi qismində üzv olmasına əngəl törətmək üçün üzvlüyünü sonlandırmaqla təhdid edir. İkincisi - eyni təhdiddən istifadə və NATO ilə əlaqələrini inkişaf etdirməklə Moskvanı daha səxavətli olmağa - ən müasir silahları təkcə kreditlə deyil, pulsuz şəkildə İrəvana verməyə vadar etməyə çalışır. Üçüncüsü isə aydın məsələdir. Ermənistanın yeni hakimiyyətinin KTMT siyasəti NATO və ABŞ-ın maraq dairəsindədir və onların nəzarətində olması da istisna deyil”, - ekspert bildirib.
Politoloq qeyd edib ki, rəsmi İrəvan Rusiyaya təsir rıçaqlarına sahib olduğunu yaxşı anlayır. Bu təsir vasitəsi Gümrüdə rus hərbi bazasının və rus əsgərlərinin olmasıdır.
“İrəvan yaxşı anlayır ki, Moskva Gümrüdəki 102 saylı hərbi bazanı qoruyub-saxlamaq üçün bütün mümkün və ağlagəlməz səylərdən istifadə edəcək. Məsələn, bazanın Naxçıvana köçürülməsi artıq və Ermənistanın özü üçün də arzuolunmaz bir tədbir olardı. Çünki bu addım Rusiyanın Ermənistanın müttəfiqi kimi onun müdafiəsinə dair üzərinə götürdüyü bütün öhdəliklərdən tamamilə imtina etməsinin simvolu olar”, - Arkov bildirib.
Politoloqun fikrincə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin qələbəsi bu ölkənin bütün problemləri ilə təkbətək qalmasına səbəb olacaq.
“Ermənistan Rusiyanın müttəfiqi olmamağa qərar verib – qoy indi öz problemlərini özü həll etsin. Həmçinin Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək şansını qaçırmayacaq Azərbaycanla da problemini yoluna qoysun”, - politoloq əlavə edib.
Politoloq Azərbaycanın hətta hərb yoluna müraciət edəcəyi halda belə ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxmayacağını qeyd edib.
“Aydındır ki, Azərbaycan Ermənistanla yerini dəyişməmək və təcavüzkar dövlət statusu qazanmamaq üçün Ermənistan torpaqlarına daxil olmayacaq. Ancaq Bakı istənilən an hərbi əməliyyatlara başlamaq üçün hazırdır. Əminəm ki, hazırda Bakı bu addımı yalnız Rusiyanın istəyini nəzərə alaraq atmır. Ancaq Moskvanın Paşinyanın ərköyünlüklərinə səbri də sonsuz deyil”, - Arkov bildirib.