Prezidentin əl basdığı, məmurların ayaqaltı etdiyi Konstitusiya – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
4780

Dövlətin Ana Qanunu Azərbaycanda niyə qüvvəsizdir?
Prezident fevralın 14-də  növbəti dəfə Konstitusiyaya, Qurana əl basıb, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içdi.
Bəs Prezidentin and içməsi ilə istefaya gedən bir çox hökumət üzvləri, eləcə də hökumət üzvləri olmayan Ombudsman, PA-nın vəzifəli şəxsləri , məhkəmələr, Prezidentin əl basdığı and yeri olan Konstitusiyanı niyə ayaqaltı edirlər? Yazıq Konstitusiya! Kiminə and yeri, Ana ( Qanun), kiminə ayaqaltı rüşvət qaynağı!(?) Konstitusiyanın “qüvvəsinə” baxın, Prezident seçkilərinin ertəsi günü – fevralın 8-də konstitusion qəbul hüququndan yararlanmaq istəyən 1-ci dərəcəli Qarabağ qazisini PA-nın vəzifəli şəxsi təhlükəsizlik , polis zoru ilə əsas hüquq və azadlığından məhrum edib! (?) Bu da sənə Konstitusiya- Prezidentin, məmurların and yeri!
Mərkəzi icra hakimiyyəti orqanlarında da Konstitusiyanın qüvvədə olmaması onlarla illərdir məhkəmə qərarlarının icra olunmamasında tam çılpaqlığı ilə üzə çıxır. Konstitusiya elə “qüvvədədir” ki, məhkəmə qərarını icra etməyə borclu olanlar , əksinə, tələbkarı borclu çıxarır, hətta polis gücünə işgəncə verdirirlər. ƏƏSMN tabeliyindəki qurumların Konstitusiyanı, məhkəmə qərarlarını icra etməkdən yayınmasındakı “işi” analoqsuzdur. Dövlət Sosial Müdafiə Fondunda Konstitusiyaya zidd olaraq yaradılan  Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının işi pensiyaçıların, əlillərin, qazilərin... konstitusion sosial təminat, məhkəmə təminatı, hüquqi yardım, vicdanlı davranış və özbaşınalıqdan müdafiə hüququna, bütövlükdə Konstitusiyanın ll fəsli ilə təminat verilən hüquq və azadlıqlara  qadağadan ibarətdir.
Halbuki Ana Qanunun 71-ci maddəsi Konstitusiya ilə təminat verilən hüquq və azadlıqları məhdudlaşdırmağı qadağan edir. Dövlətin sosial siyasətini həyata keçirməyə cavabdeh olan qurum isə Konstitusiyaya zidd olaraq vətəndaşın sosial hüququnun məhkəmədə müdafiəsinə qadağa qoymaq amacı ilə “məhkəmə filialı” yaradır, hələ üstəlik bu filialda 39 saylı vəkil bürosunu filialın gözünə qatır. Bəli, bəli, 39 saylı vəkil bürosu ilə DSMF-in “məhkəmə filialı” eyni qurumdur, hər ikisinin rəhbəri vəkil Abuzər Mütəllimov, müavinləri Roman İsmayılov, Aqşin İbadov, Yeganə Məmmədova, ... vəkil-məmurlar Emil İsgəndərli, Rüstəm Şikarlı ... toplam bir bölük vəkil – məmur eyni ünvanda, eyni rekvizitlərdə pensiyaçıların məhkəmədə hüquqlarına qeyri-prosessual qadağa qoymaqdadırlar. 4 ildir bu antikonstitusion özbaşınalığa nə ali dövlət orqanları, nə Ombudsman Konstitusiyanın 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə ( KM) sorğu verməklə son qoymağı fikirləşmir. Ombudsman Aparatının rəhbəri vətəndaşların özlərinin KM-ə şikayət vermək hüquqlarından yararlanmalı olmalarını hüquq müvəkkilliyi kimi sırıyır. Axı vətəndaş pensiyaçı, əlil, qazi, uşaq, qoca... Ombudsman ( Aparatı) kimi , nazirlər, deputatlar, PA rəsmiləri kimi hüquq doktorları deyillər! Hələ üstəlik, qanunsuz filialın yaranma əmrinin nömrəsi, tarixi, vaxtı da açıqlanmır. Bunlarsız isə KM şikayəti icraatına götürmür.
Yazıq Konstitusiya, hərə özünə uyğun izah edir, kimi əl basıb xalqa ləyaqətlə xidmət edəcəyinə and içir, kimi ayaqaltı edib rüşvətsiz  xidmətdən imtina edir. Neçə deyərlər, qaçan da Allahı çağırır, qovan da...

Məğrur BƏDƏLSOY