“Qrabağda aparılan 24 saatlıq döyüş Bütöv Azərbaycan və Turan yolunda başladılan mübarizənin başlanğıc nöqtəsi oldu” - BƏYANAT

Baxış sayı:
1569

Bu gün ADP İdarə Heyətinin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ötən həftə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarının nəticələrinə münasibət bildirib. Bu əməliyyatların başlanmasının əsas səbəbinin Qarabağ ərazisində mövcudluğunu qeyri-qanuni şəkildə davam etdirən erməni silahlı birləşmələrinin dinc əhalimizə qarşı törətdiyi hərbi təxribatlar, separatçı rejimin mina terroru nəticəsində 7 polis əməkdaşımızın qətlə yetirilməsi faktı ilə bağlı olduğu qeyd olunub və ordumuzun düşmənə verdiyi adekvat cavab tədbirləri təqdir edilib.
Partiya yetkililəri 24 saat ərzində ordumuzun peşəkarlıqla, dəqiqliklə, mülki əhaliyə xətər gətirmədən, apardığı lokal xarakterli antiterror əməliyyatını hərb tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hərbi uğur kimi dəyərləndirib və bu uğurlu əməliyyatın diplomatik masada dövlətimizin mövqeyinin və siyasi iradəsinin möhkəmləndirməsinə stimul olacağını diqqətə çatdırıb. 44 günlük ikinci Qarabağ müharibəsinin şanlı tarixinə yeni hərbi uğurun möhürünü vuran 24 saatlıq bu döyüş Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün rəmzinə çevrilməklə, Bütöv Azərbaycan və Turan yolunda başladılan mübarizənin də başlanğıc nöqtəsi oldu.
İdarə Heyəti qələbəmizə aparan yolda verdiyimiz şəhidlərin acısını yaşamaqla, şəhid olan övladlarımızın doğmalarına, bütövlükdə xalqımıza dərin hüznlə başsağlığı ünvanlayıb və Allahdan rəhmət diləyib. Həmçinin partiya rəsmiləri, sosial şəbəkələrdə qısa müddətdə çox sayda şəhid verməyimizin hansı səbəbdən baş verməsinin izahından çox, vətəndaşlarımızın şayələrlə üz-üzə qoyulması faktından dolayı hakimiyyəti KİV-lə aparılan işin səviyyəsini artırmağa, baş verən itkilərlə bağlı şəffaflığı təmin etməyə çağırıb.
İdarə Heyəti BMT sessiyasında apardığımız antiterror əməliyyata Azərbaycanın doğal haqqı kimi deyil, guya Qarabağda yaşayan erməni azlığına qarşı “etnik təmizləmə” əməliyyatı donu geydirmək məqsədi ilə, Fransanın təşəbbüsü əsasında keçirilən dinləmələrin əsassız olduğunu bildirib və bu sessiyada qaldırılan məsələnin uğursuzluqla yekunlaşmasını diplomatiyamızın uğuru kimi dəyərləndirib.
ADP İdarə Heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT kürsüsündən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı səsləndirdiyi bəyanatı onun Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi naminə Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə “dördlü” formatda görüşün keçirilməsinin vacibliyi ilə bağlı irəli sürdüyü təşəbbüsü yüksək dəyərləndirib
İdarə Heyəti Avropa Birliyində antiterror əməliyyatı ilə bağlı müzakirələr zamanı bir sıra ölkələrin dövlətimizə qarşı qərəzli, ermənipərəst mövqelərini qətiyyətlə pisləyib və bu cür müzakirələrin onun nizamnaməsi ilə bir araya sığmadığını diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi fikirlərində ciddi dəyişikliklər olduğunu, son antiterror əməliyyatında onun hərbi münaqişənin tərəfinə çevrilməyəcəyi barədə səsləndirdiyi fikirlərin reallığı düz dərk etdiyini qeyd edib və bu cür yanaşmaların onun erməni xalqına bağlılığı, düşdüyü vəziyyətdən çıxarma cəhdləri kimi dəyərləndirib.
İdarə Heyəti hazırkı geosiyasi şəraitin diqtəsinə, bölgədəki vəziyyətin yeni yanaşmalar tələb etməsinə uyğun olaraq 10 noyabr üçtərəfli bəyannamənin əsas iştirakçılarından biri kimi Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına, antiterror əməliyyatına seyrçi qaldığına, Azərbaycanla ikitərəfli sülh danışıqlarına razılıq verdiyinə görə Rusiya sülhməramlı kontingentinin vasitəçilik missiyasına yer qalmadığını bildirib və hakimiyyəti bu missiyanın vaxtından əvvəl ərazilərimizdən çıxarılması üçün diplomatik səylərini gücləndirməyə, bu istiqamətdə ciddi tədbirlər almağa çağırıb.
İdarə Heyəti Türkiyə və Azərbaycan prezidentlərini son vaxtlar Rusiyanın caynağından qopmaq, onun forpostu olmaqdan yaxa qurtarmaq üçün siyasi iradə nümayiş etdirən N.Paşinyanın Rusiya və Ermənistandakı əlaltıları vasitəsi ilə, qeyri-qanuni olaraq hakimiyyətdən kənarlaşdırılması cəhdlərini düzgün dəyərləndirməyə, Türkiyə və Azərbaycanla sağlam əlaqələr qurulması yolunda ona dəstək olmağa çağırıb.
İdarə Heyəti aparılan antterror əməliyyatından sonra Xankəndi və ətraf bölgələrdən erməni vətəndaşların könüllü olaraq yaşayış yerlərini tərk etməsi məsələsində hakimiyyəti onlara yardımçı olmağa, erməni kartından yararlanmaq istəyən bəzi beynəlxalq dairələrinin onlara qaçqın statusu verməklə Azərbaycana qarşı istifadə etməmələri üçün yaşadıqları yerləri rahat tərk etmədə, onlara məxsus qanuni daşınmaz əmlaklarını satmaq üçün şərait yaratmağa və lazım gələrsə maddi imkanlar göstərməyə çağırıb.
Muxalifet.az