​Rusiyanın “5-ci kolon”u Azərbaycanda xaos yaratmağa çalışır – PREZİDENTƏ QARŞI SABOTAJ

Baxış sayı:
1470

Ruspərəst məmurlar ölkəmizin Qərblə münasibətlərinin düzəlməsinə imkan vermir, prezidentin nüfuzuna zərbə vururlar

Yanvarın 9-da tanınmış bloger Mehman Hüseynovun polislər tərfindən saxlanılaraq, təzyiqlərə məruz qalması ölkədə ciddi etiraz doğurdu. Belə ki, istər müxalif partiyalar, istər də ayrı-ayrı müstəqil ekspertlər və media nümayəndələri gənc blogerin şəhərin mərkəzində 8 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən bir “terrorçu” kimi həbs olunmasını sərt şəkildə qınadılar. Xüsusən də onun başına torba keçirilərək, polis idarəsinə aparılması və orada həmin vəziyyətdə saatlarla başıaşağı saxlanılması böyük etiraza səbəb oldu. Üstəlik, əksər ekspertlər vurğuladılar ki, saxlanıldıqdan bir gün sonra 200 manat cərimə edilərək azadlığa buraxılan M.Hüseynovun bu cür səs-küylü həbsi hakimiyyət daxilindəki müəyyən qüvvələrin çirkin niyyətlərinə xidmət edib. Məsələn, bu haqda “Hürriyyət”ə açıqlama verən politoloq Natiq Miri bütün diqqətləri Rusiyanın ölkəmizdəki “5-ci kolon”una yönəldir...

““5-ci kolon”a rəhbərlik edənlər...”

Natiq Miri hesab edir ki, Mehman Hüseynovun bir “terrorçu” kimi həbs edilməsi və təzyiqlərə məruz qalması hakimiyyətin birmənalı siyasəti deyil: “Çünki hazırda Azərbaycan hakimiyyətinin özü monolit, yekdil deyl. Bunların içərisində Qərbə inteqrasiya və inkişaf tərəfdarı olanlar da yox deyil. Ancaq çox təəssüf ki, bu insanların sayı məhduddur. Əksinə, Azərbaycan hakimiyyətində mühafizəkar qanad, xüsusilə də Rusiyanın “5-ci kolon”una rəhbərlik edən, onun üzvü olan insanların sayı daha çoxdur. Hansı ki, onlar bu gün avtoritarlığın nüvəsi olan Rusiya idarəetmə modelini Azərbaycanda ciddi surətdə həm müdafiə, həm də bərqərar edirlər. Bu gün problem məhz bu şəbəkədən gəlir”. 
Politoloq deyir ki, cəmiyyətdəki bu cür neqativ hadisələri ortadan qaldırmaq üçün həm iqtisadi, həm də siyasi yöndə ciddi islahatlara başlamaq lazımdır: “Bunun müqabilində Azərbaycan dövləti tədricən demokratikləşər və bu cür gənclərə, demokratik insanlara təzyiqlərin də sayı getdikcə azalar”.

“Prezidentin vəziyyətini mürəkkəbləşdirirlər”

N. Mirinin fikrincə, M.Hüseynovun həbsi prezidentin iradəsinə qarşı atılmış addımdır: “Mən düşünmürəm ki, prezidentin buna xüsusi olaraq ehtiyacı olsun. Əksinə, mən düşünürəm ki, hakimiyyətdə maraqlı şəbəkələr var ki, onlar cəmiyyətdə bu cür qorxu, xof hissinin yaradılmasına, qütbləşmənin çox olmasına çalışırlar. Çünki bu cür antoqonizm və qütbləşmə olduqca, hakimiyyətdə həmin şəbəkəyə ehtiyac da çoxalır. Onlar bu mühitdə özlərini daha rahat hiss edirlər. Amma təbii ki, bu da Azərbaycan prezidentinin beynəlxalq rəydə nüfuzuna ciddi surətdə zərbə vurur. Ona görə, mən düşünürəm ki, prezident bu məsələdə maraqlı deyil. Əksinə, prezident ölkədə islahatların keçirilməsindən yana olan bir şəxsdir. Və son zamanlar elan olunan strateji yol xəritələrinin beynəlxalq mütəxəssislərlə birgə hazırlanması da göstərir ki, cəmiyyət bu cür islahatlara çoxdan hamilədir, buna ehtiyac var və bu da təbii ki, bilavasitə prezidentin iradəsi ilə ortadadır. Ancaq bunu istəməyən qüvvələr də var. Hansı ki, bu şəbəkə cəmiyyətdə qorxu, xof mühitinin qorunmasında maraqlıdır”.
Politoloq bu fikirdədir ki, Rusiyameylli qüvvələr bu cür addımlarla Azərbaycan dövlətinin və prezidentin Qərblə münasibətlərinə zərbə vurmağa çalışırlar: “Bununla həm prezidentin vəziyyətini mürəkkəbləşdirirlər, həm də ona olan xarici münasibəti pisləşdirirlər. Nəticədə prezidentə olan təzyiqlərin fonunda hakimiyyətdə həmin Rusiyayönlü insanlara ehtiyac çoxalır. Axı, demokartik mühitdə Rusiyanın “5-ci kolon”una heç ehtiyac olmazdı. Ona görə, bu cür mühitin olması onlar üçün münbitdir”. 

“5-ci kolon”un maraqları

Şübhəsiz, politoloqun bu açıqlaması hakimiyyət daxilində gedən qaranlıq oyunlara kifayət qədər işıq salır. Ancaq onu da qeyd etməliyik ki, ruspərəst məmurların prezidentə qarşı sabotaj və təxribat xarakterli əməlləri yeni deyil. Biz bundan öncə də iqtidar daxilindəki Rusiyanın “5-ci kolon”una bağlı olan qüvvələrin dəfələrlə prezidentə qarşı şantaj xarakterli əməllərə imza atdığı ilə bağlı oxucularımızı bilgiləndirmişik. Lakin, təəssüflər olsun ki, bu qüvvələrin fəaliyyəti getdikcə daha təhlükəli hal alır və bütövlükdə dövlətimizin milli maraqlarını zərbə altında qoyur. Bu baxımdan, güman edirik ki, ölkə başçısı çox da uzaq olmayan zamanda məlum qruplaşma ilə “hesablaşmaq” məcburiyyətində qalacaq. Çünki, əks halda Azərbaycan dövlətini istər mövcud sosial-iqtisadi böhran vəziyyətindən çıxıarmaq, istər də ölkəmizin Qərblə münsaibətlərini normallaşdırmaq mümkün olmaycaq...
Əlbəttə, gənc blogerin 8 nəfər polis əməkdaşı tərəfindən başına torba keçirilərək həbs olunması heç də peşəkarlıq göstəricisi deyil. Bu, əksinə polisin qeyri-peşəkarlığının, silahsız və tamamilə zərərsiz bir vətəndaş qarşısında acizliyini nümayiş etdirir. Lakin, görünür, “yuxarıda” əməliyyat planı məhz bu şəkildə hazırlandığından, polis də onu olduğu kimi icra etmək məcburiyyətində qalıb. Əks halda, 8 nəfər polis əməkdaşının sıradan bir jurnalistin başına torba keçirərək həbs etməsinə nə ehtiyac vardı ki?!
Bütün bunlardan isə belə anlaşılır ki, həqiqətən də Mehman Hüseynovun bir “terrorçu” kimi həbs edilməsi hakimiyyət daxilində hansısa qüvvələrin maraqlarına xidmət edib. Politoloq Natiq Mirinin dediklərinə inansaq, həmin qüvvələrin də Rusiyameylli məmurlar olduğu üzə çıxır. 

Qərblə münasibətləri korlamaq cəhdi

Görünən odur ki, bu səs-küylü həbsin sifarişçiləri bununla Azərbaycanın Qərblə münasibətlərini korlamaqla yanaşı, prezidentin beynəlxalq imicinə zərbə vurmaq niyyətində olublar. Əslində, bu məsələdə “predmet” olaraq Mehman Hüseynovun seçilməsi də təsadüf olmayıb. Çoxlarına sirr deyil ki, gənc blogerin fəaliyyətində hazırda İsveçrədə siyasi mühacir həyatı yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi və rəhbəri Emin Hüseynovun ciddi rolu var. Hətta belə demək mümkündür ki, Mehman məhz qardaşı Emin tərəfindən idarə olunur. İstisna deyil ki, bütün bunlardan xəbərdar olan ruspərəst məmurlar, M.Hüseynovun həbsinə beynəlxaq reaksiyalar olacağını öncədən hesablayaraq, belə bir göstəriş veriblər. Qeyd etdiyimizi kimi, burad əsas niyyət də prezidenti nüfuzdan salmaq və Azərbaycan dövlətinin Qərblə münasibətlərinə zərbə vurmaq olub. 
Nəzərə alsaq ki, Mehman Hüseynov azad olunan zaman məhkəmə binasının qarşısında onu gözləyənlər arasında “Azadlıq” radiosunun əməkdaşı, keçmiş siyasi məhbus Xədicə İsmayıl da vardı, demək, bu plan üzərində daha dərin düşünülübmüş. Çünki, sirr deyil ki, Xədicə İsmayıl həbs olunduqdan sonra bir çox beynəlxalq təşkilatların və Qərb dövlətlərinin diqqət mərkəzində oldu və hazırda da onların dəstəyini əldə etməkdədir. Bu baxımdan, məhkəmə binasını xanım jurnalistin maşınında tərk edən M.Hüseynov da bu qalmaqallı həbslə bir “qəhrəman”a çevrilməklə yanaşı, onun saxlanılması istər X.İsmayıla, istər də qardaşı E.Hüseynova daha geniş imkanlar yaradacaq. Xüsusən də Azərbaycanda qrant alma prosedurunun dəyişdirildiyi indiki ərəfədə onların “qrant bazarı” daha gur işləyəcək və hər iki şəxs daha böyük pullar qazanacaq. Şübhəsiz ki, Qərb donorlarından ayrılan bu pullar isə heç də ölkəmizin milli maraqlarına xidmət etməyəcək...

Mehman kimin haqda verilişlər hazırlayırdı?

Əslində, politoloq Natiq Mirini o fikri də həqiqətdir ki, M.Hüseynovun həbsi prezidentin marağına xidmət etmir. Çünki, biz diqqət etsək görərik ki, indiyə qədər gənc bloger prezident və onun ailəsi haqqında heç bir veriliş hazırlamayıb və hansısa açıqlama verməyib. Bəllidir ki, onun hədəfində daha çox korrupsioner məmurlar və qanunsuz yollarla böyük sərvət əldə edən deputatlar olub. Belə bir vəziyyətdə şübhəsiz ki, ölkə başçısı Mehman Hüseynovun həbsinə razılıq və ya göstəriş verə bilməzdi. Deməli, bütün problemlərin kökü yenə də korrupsiya və talançılıqla böyük pullar toplayan məmurlara və qanunsuz yollarla sərvət sahibi olan deputatlara gedib çıxır. 
Maraqlıdır, bu cür qanunsuz həbsin həyata keçirilməsinə göstəriş verən məmurlar, bundan sonra öz çirkin əməllərini gizlədə biləcəklərini zənn edirlər? Onlar Mehman Hüseynovu, eləcə də digər jurnalistləri təzyiqlərlə susdura biləcəklərini düşünürlər? Zənnimizcə, bu, mümkün deyil. Əksinə, yəqin ki, biz yaxın günlərdə M.Hüseynovun timsalında haqsıq yerə təqib və təzyiqlərə məruz qalan gənclərin, blogerlərin, jurnalistlərin və s. insanların korrupsioner məmurların qarşısında geri çəkilməyəcəyinin bir daha şahidi olacağıq...

Elnur MUSTAFAZADƏ

P.S. Dünən Mehman Hüseynovun “polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirməsinə” görə, Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılması isə, sadəcə, “axradan atılan daş”a bənzəyir. Çünki, bundan sonra blogeri həbs etməyin belə, heç bir faydası olmayacaq...