​Təhsil müəssisələrinin lisenziya qiyməti - Siyahı

Baxış sayı:
5503

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.
Muxalifet.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, lisenziya üçün müraciət edən şəxs lazımı sənədləri təqdim edəndən sonra aid olduğu sahə üzrə müvafiq qurum – nazirlik rəy verir:
“İqtisadiyyat Nazirliyi lisenziyanı özbaşına vermir. Yəni siz bağça açmaq istəsəniz, İqtisadiyyat Nazirliyinə müraciət edəcəksiniz. Rəsmi prosedurlar zamanı Təhsil Nazirliyinin ekspert qrupu da həmin müəssisəni gəlib, yoxlayıb rəy verəcək. Bu rəy də sizin sənədlərinizin içərisində olmalıdır. Təhsil Nazirliyinin müvafiq şöbəsinin rəsmi rəyi olmasa, heç bir bağça lisenziya ala bilməz”.
Ekspert təhsil fəaliyyəti göstərmək üçün tələb olunan lisenziyaların məbləğlərin də qeyd edib:
1. Məktəbəqədər təhsil müəssisələri - 1250 AZN
2. Ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 10 min AZN
3. İlk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) - 2000 AZN
4. Orta ixtisas təhsili müəssisələri - 2000 AZN
5. Ali təhsil müəssisələri - 13 min 750 AZN
6. Əlavə təhsil müəssisələri - 1500 AZN
7. Dini orta ixtisas təhsili müəssisələri - 2000 AZN
8. Ali dini təhsil müəssisələri - 13 min 750 AZN
Qeyd edək ki, “Kids Studio” bağçasında uşaqların döyülmə videosu ictimailəşəndən sonra tərbiyəçi Firuzə Tağıyeva qovulub, bağça isə bağlanıb. Təhsil Nazirliyi bağçanın lisenziyasız fəaliyyət göstərdiyini açıqlayıb.