Tramp məktubları və yazıları oxuduqdan sonra cırır - AĞ EV ƏMƏKDAŞLARI SƏNƏDLƏRİ YAPIŞDIRMAQLA MƏŞĞULDUR

Baxış sayı:
4981

Trampın prezidentlik fəaliyyətinin ilk beş ayını Solomon Larti kağız parçalarının qalaqlandığı yazı masasının arxasında keçirib.
 
Bu barədə “Politico” qəzeti yazır.
 
Jurnalist Enni Karni (Annie Karni) aydınlıq gətirir: “Sənəd dövriyyəsi analitiki vəzifəsində ildə 65969 dollar əmək haqqı alan Larti təxminən 30 illik staja malik dövlət işçisi olub. Lakin o, əvvəlki administrasiyalar zamanı buna oxşar halla rastlaşmayıb. Əvvəllər o, heç vax prezident kağızlarını yenidən yapışdırmaq məcburiyyətində qalmayıb”.
 
Larti deyir ki, o və həmkarları şəffaf skotçla silahlandıqdan sonra kağız parçalarını qaydaya salaraq, “pazzl yığan kimi” vərəqləri bərpa ediblər. “Bəzən kağızlar ortadan bölünsə də, bəzən konfetti kimi kiçik-kiçik hissələrə parçalanırdı”,- məqalədə deyilir.
 
Müəllif aydınlıq gətirir: “Prezident sənədləri haqqında qanununa əsasən Ağ Ev prezidentin toxunduğu bütün xidməti qeydləri, məktubları, elektron məktubları və kağızları saxlamaq, onları tarixi sənəd kimi Milli arxivə göndərmək məcburiyyətindədir. Mənbələrin verdiyi məlumata əsasən, Ağ Evin əməkdaşları tezliklə Trampın oxuduğu kağızları cırıb, onları zibil qutusu və ya yerə atmaq adətinə mane ola bilmədiklərini görüblər. Onda əməkdaşlar qanunu pozmamaq üçün prezidentin arxasınca ortalığı yığışdırmaq qərarına gəliblər. Onlar Oval kabinetdə və Trampın şəxsi iqamətgahında kağız parçalarını toplayıb, onların Larti və həmkarları tərəfindən yenidən yapışdırılması üçün Ağ Evin qarşısında yerləşən sənəd dövriyyəsi şöbəsinin binasına göndəriblər”.
 
Bərpa edilən kağızlar Milli arxivə göndərilib.
 
Lartinin sözlərinə görə, Tramp administrasiyasının fəaliyyət göstərdiyi ilk aylarda bütün şöbə kağızları yapışdırmaqla məşğul olub. Şöbənin baş analitik Recinald Yanq (Reginald Young Jr.) bildirib: “Direktoruma baxıb deyirdim: “Uşaqlar, məzələnirsiniz?” Bizim illik maaşımız 60 min dollardan çoxdur, biz daha vacib işlərlə məşğul olmalıyıq. Zibil yeşiklərinin təmizlənməsini nəzərə almasaq, bu iş də həsəd aparılası işlər siyahısında olmayıb”.
 
Yanq və Larti bildirib ki, cari ilin yazında da onların şöbəsinin əməkdaşlarına kağızları yapışdırmaq tapşırılırdı.
 
Bu ilin yazında Larti və Yanq qəfil işlərindən azad ediliblər. Məqalə müəllifi vurğulayır ki, “Politico” nəşri vəzifəsindən azad edilməsi ilə bağlı Yanqa müraciət etsə də, o, Lartidən müsahibə almağı məsləhət görüb. Hər ikisi işdən qovulmaqlarını ədalətsiz hesab etdiklərini vurğulayıblar və bu barədə müsahibə verməyə razılıq veriblər. Ağ Evdəki işlərini təsvir edərkən kağız yapışdırdıqlarından danışıblar. Qəzet yazır ki, “prezident haqqında təhqiredici informasiyanı “sızdırmaq” üçün onların özləri jurnalistlərlə əlaqə saxlamayıb”.
 
(Xpressa.net)