​“TÜRKİYƏ DÜNYAYA DEMOKRATİYA DƏRSİ VERDİ” - ADP qardaş ölkədə keçirilən seçkilərlə bağlı bəyanat yaydı

Baxış sayı:
3100

Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantının gündəliyində ötən həftə ərzində baş vermiş bir sıra ictimai və siyasi hadisələr olub.
Toplantı iştirakçıları ilk öncə qardaş Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri ətrafında geniş fikir mübadiləsi aparıblar. Müzakirələrdə qeyd edilib ki, Türkiyədə keçirilən seçkilər bütün parametrləri ilə - seçkiqabağı şəraitin demokratikliyi və qanuniliyi, azad rəqabət şəraitinin tam təmin olunması, səsvermə prosesinin açıq və şəffaf şəraitdə keçirilməsi, seçkilərin nəticələrini bütün tərəflərin qəbul etməsi və prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı bütün tərəflərin ortaq mövqe ortaya qoyması - son illər dünyada keçirilən bütün seçkilər üçün bir nümunədir. ADP İdarə Heyəti bu münasibətlə qardaş Türkiyə xalqını təbrik edib və bu seçkilərin bütün Türk və İslam dünyası üçün bir örnək rolunu oynadığını və qardaş Türkiyənin dünyaya demokratiya dərsi verdiyini bəyan edib.
ADP İdarə Heyəti hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin favoriti olduğu münasibəti ilə də təbrik edib. R.T.Ərdoğanın prezident seçkilərinin favoriti olduğu nəinki Azərbaycanın, eləcə də bütün Türk və İslam dünyasının maraqları baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb və ikinci tur prezident seçkilərində Ərdoğanın qalib gələcəyinə əminlik ifadə edilib.
 
“Danşıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır”
 
ADP İdarə Heyətində 14 may tarixində Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilən görüş ətrafında da müzakirələr aparılıb. Müzakirələrdə 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Rusiyanın, Avropanın və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların bu günə qədər real bir nəticəyə gətirib çıxarmadığı təəssüf hissi ilə qeyd edilib. İdarə Heyəti bölgədə davamlı sülhə, təhlükəsizliyə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün danışıqların heç bir vasitəçi olmadan yalnız Azərbaycan və Ermənistan arasında aparılmasının vacibliyini bildirib.
 
Ermənistan prosesi yeni müharibə fazasına keçirmə cəhd edir”
 
ADP İdarə Heyətinin toplantısında son həftələrdə Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi təxribatlar da müzakirə predmeti olub. Həmin hərbi təxribatlar zamanı Ermənistan ordusunun pilotsuz uçuş aparatlarından, ağır artileriya qurğularından istifadə etməsinə diqqət çəkən müzakirə iştirakçıları baş verənləri Ermənistanın prosesi yeni müharibə fazasına keçirmək cəhdi kimi qiymətləndirib. Eyni zamanda qeyd edilib ki, Azərbaycan-Ermənistan arasında mütəmadi olaraq atəşkəs rejiminin pozulması bölgədə maraqları olan qlobal güclərin oyunlarının tərkib hissəsidir.
ADP İdarə Heyətinin toplantısında son günlər istər Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi təxribatlarda, istərsə də Azərbaycan ərazisində olan erməni qeyri-qanuni hərbi birləşmələri tərəfindən Tərtər, Xocalı, Şuşa və Laçında olan ordumuzun mövqelərinə atəş açılması faktında Rusiya “sülhməramlıları”nın heç bir təsiri olmadığı, Rusiya hərbi kontingentinin yalnız Rusiyanın maraqları naminə bölgədə olduğu vurğulanıb və bu hərbi birləşmələrin ölkə ərazisindən çıxarılmasının vacibliyi bir daha qeyd edilib.
İdarə Heyəti son həftə Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi təxribatları və erməni qeyri-qanuni hərbi birləşmələri tərəfindən Tərtər, Xocalı, Şuşa və Laçında olan ordumuzun mövqelərinə atəş açılması faktlarını nəzərə alaraq Müdafiə Nazirliyini ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyəyə çatdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, orduda ayıq-sayıqlığın, nizam-intizamın gücləndirilməsi və dövlət sərhədlərimizin daha ciddi qorunması ilə bağlı daha ciddi addımlar atmağa çağırıb.
 
“Quru sərhədləri açılmalıdır”
 
ADP İdarə Heyəti Azərbaycanın quru sərhədlərinin bu günə qədər bağlı qalması məsələsinə də bir daha diqqət çəkib. Müzakirələrdə Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın başa çatması ilə bağlı verdiyi açıqlamaya baxmayaraq Azərbaycanda quru sərhədlərinin hələ də bağlı qalması sərhədyanı bölgələrin inkişafına mənfi təsir göstərməsi, ölkə vətəndaşlarının beynəlxalq hüquq normaları və ölkə Konstitusiyasında təsbit olununan sərbəst hərəkət etmə hüququnun kobud şəkildə pozulması baxımından Azərbaycan vətəndaşlarının maraqlarına cavab vermədiyi bildirilib və ölkə rəhbərliyini qlobal pandemiyanın rəsmən bitdiyi və ölkə vətəndaşlarının maraqları nəzərə alınaraq ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra digər sərhəd ölkələri ilə quru sərhədlərinin açılması istiqamətində addımlar atmağa çağırıb.
 
“İmran Xana qarşı repressiv addımların atılması demokratiya qarşısında əngəldir”
 
ADP İdarə Heyətinin toplantısında ötən həftə Pakistanda keçmiş baş nazir İmran Xanın həbsi və daha sonra müvəqqəti olaraq azadlığa buraxılması hadisələrindən dolayı Pakistanda yaranmış gərginlikdən narahatçılıq da ifadə edilib. İdarə Heyəti ikinci Qarabağ müharibəsində Azərbaycana ciddi siyasi dəstək verən siyasi liderlərdən biri olan İmran Xanın azad olunmasını təqdir edib, İmran Xana, o cümlədən ümumilikdə İslam dünyasında keçmiş dövlət başçılarına qarşı repressiv addımların atılmasını demokratiya və qanunçuluq qarşısında əngəl, arzuolunmaz addım kimi dəyərləndirib.
İdarə Heyəti sonda təşkilati və cari məsələlərlə bağlı da bir sıra qərarlar qəbul edib.
 
Muxalifet.az