“Uber” dünyada ləğv olunur - bəs Azərbaycanda?

Rəqib taksi şirkəti barədə bilmədiklərimiz - işin pərdəarxası...
Dünyanın ən böyük onlayn taksi xidməti olan “Uber”in Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərmək üçün lisenziyası ləğv edilib. Bu barədə şəhərin nəqliyyat idarəsinin bəyanatında bildirilir. Açıqlamada həmçinin deyilir ki, idarə “Uber”in fəaliyyətində sərnişinlərin təhlükəsizliyini risk altında qoyan müxtəlif pozuntular müəyyən edib.
“Bu kimi məsələlərin gələcəkdə yenidən gündəmə gəlməyəcəyinə inanırıq, lakin şirkət hələ ki buna hazır deyil”, - deyə bəyanatda qeyd olunub.
Nəqliyyat İdarəsinin Lisenziya və tənzimlənmə şöbəsinin direktoru Helen Çapman bildirib ki, təhlükəsizlik prioritet məsələdir: “Biz qəbul edirik ki, ”Uber" irəliləyişlər edib, lakin lisenziyasız və sığortası olmayan sürücülərlə işləməsi yolverilməzdir. Bu məsələlərin ortaya çıxması aydındır, eyni zamanda oxşar məsələlərin gələcəkdə təkrarlanmayacağına əmin ola bilmərik. Əgər onlar lisenziya üçün müraciət etsələr, “Uber” fəaliyyətini davam etdirə bilər və biz təhlükəsizliyin pozulmamasını təmin etmək üçün şirkət rəhbərliyinin möhkəm iradəyə sahib olmasını diqqətlə araşdıracağıq".
Azərbaycanda "Uber" - qiymətlər və şərtlər
Dünyanın 57 ölkəsində və 300-dən çox şəhərində xidmət göstərən populyar taksi və xüsusi avtomobil çağırma (şəxsi sürücü) xidməti olan “Uber” 2015-ci ildən Azərbaycanda xidmət göstərməyə başlayıb. Xatırladaq ki, “Uber” mobil telefondan və ya kompüterdən taksi çağırma xidməti təklif edir. Bunu üçün xidmətin xüsusi proqramını smartfonunuza (Windows və iPhone, Android, Blackberry 7) yükləyərək, sistemdə qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçmək adınızı, e-mailinizi və kredit kartınızın məlumatlarını daxil etməklə mümkündür. Bunun səbəbi səyahət zamanı gediş haqqının nağd tələb olunmamasıdır, xidmət haqqı kredit kartından silinir.
“Uber”in digər fərqliliyi taksilərinin lüks avtomobillər olmasıdır. “Uber” xidmətinin qiymətləri aşağıdakı kimidir:
- Avtomobilin sifariş edilməsi: 2 AZN
- Bir kilometri: 0.90 AZN
- Gözləməyin bir dəqiqəsi: 0.20 AZN
- Minimal qiymət: 5.00 AZN
“Uber” sürücüsü kimlər ola bilər?
“Uber” həm əsas peşəsi sürücü olan insanlara, həm də platformada işi başqa sahədə fəaliyyətilə birləşdirən insanlara əməkdaşlıq imkanı təklif edir. Bu, “Uber”in sürücülərə bəxş etdiyi böyük üstünlükdür. Sürücü olmaq üçün əsas tələblər isə bunlardır: partnyor 21 yaşdan böyük olmalıdır, 2 ildən az olmayan sürücülük təcrübəsinə sahib olmalıdır, avtomobili 2000-cü il buraxılışından böyük olmamalıdır, naviqatorla işləməyi bacarmalıdır, şəhəri tanımalıdır və lazımlı sənədləri təqdim etməlidir: sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, sığorta və sair.
"Uber" hansı ölkələrdə və niyə qadağandır?
2018-ci ilin aprel ayında “Uber” şirkəti Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Buna səbəb isə “Taxi 40100" taksi xidmətləri çağrı mərkəzinin bu şirkətə qarşı şikayəti əsasında Vyana Ticarət Məhkəməsi tərəfindən çıxarılan qərar olub. Həmin ilin əvvəlində peşə fəaliyyətinin sistematik şəkildə pozulması ilə bağlı ”Taxi 40100" tərəfindən şikayət müraciətinə məhkəmə tərəfindən müsbət baxılıb və “Uber” şirkəti qarşısında öz fəaliyyətini bərpa edə bilmək üçün bir sıra şərtlər qoyulub.
Qeyd edək ki, dünyanın bir çox şəhərlərində olduğu kimi, Vyanada da ənənəvi taksi şirkətləri sərnişindaşımalarını daha ucuz qiymətlərlə təklif edən, qanunvericilikdəki boşluqlardan istifadə edən və taksi lisenziyası olmayan sürücüləri taksi xidmətinə cəlb edən “Uber” şirkətinin fəaliyyətini əngəlləmək üçün bütün mümkün qanuni vasitələrə əl atırlar.
Bu ilin yanvarında Brüsselin ticarət məhkəməsi mobil inteqrasiyalı taksi xidməti olan “Uber”in fəaliyyətini tam olaraq qanunsuz elan edib.
Brüsseldə fəaliyyətini davam etdirəcəyi təqdirdə hər qanunsuz xidmətə görə şirkət 10 min avro məbləğində cərimələnəcək. “Uber”in fəaliyyətinə qoyulan qadağaya şirkət rəhbərliyi qərarı fərqli şəkildə təfsir edərək, məhəl qoymayıb.
2018-ci ilin bahar aylarında Belçika paytaxtında mobil inteqrasiyalı xidmətdən hiddətlənən ənənəvi taksi sürücülərinin kütləvi etiraz aksiyaları keçirilib. Taksi sürücüləri yolları bağlayaraq, bir neçə gün nəqliyyatın hərəkətində ciddi pozuntulara səbəb olublar.
Etirazçıların dediyinə görə, “Uber” sürücüləri dövlətə pul ödəyib heç bir lisenziya almır, digər tərəfdən, onların müştərilərini “oğurlayır”.
“Yeni Müsavat” xatırladır ki, Azərbaycandakı facebookda statuslarının birində "Uber" taksi xidməti haqda yazıya şəhr yazan bir sürücünün dedikləri maraqla qarşılanıb.
Həmin sürücü aşağıdakıları yazıb:
- İki ay “Uber”lə işləmişəm və öz təəssüratlarımı sizinlə paylaşmaq istəyirəm.
Bunu deməliyəm ki, “Uber”də pul çox az verilir, şərtlər, tələblər isə çox ağırdır. Bir qoşulan sevinir, bir də çıxan. Mənfi cəhətləri nədir:
Sifariş gəldikdə, müştərinin olduğu yerə getmək. Sistem 3 km ətrafda müştəri olduqda sorğu göndərir, amma bu, düz xətt üzrə olduğu üçün yolla getdikdə bu məsafə təxmini hesabla, 5-6 km yol edir. Bu məsafəyə görə ödəniş olunmur.
Demək olar ki, 99 faiz hallarda müştəriyə zəng etməli olursan və telefon xərcini isə sənə heç kəs ödəmir. Halbuki ölkəmizdə olan öz taksi şirkətlərimizin bir çoxu ünvanı dəqiqliyi ilə qeyd edirlər və maksimum 2.4 km məsafəyə uyğun sifariş verirlər.
Taariflər çox aşağıdır və təbii ki, bu cür qiymətləri rəqabətə görə müəyyən ediblər ki, rəqiblərindən öndə olsunlar. Ona görə də calışıb yalnız yüksək zəmanətli vaxtlarda işləmək və pik vaxtda lazım olan yerdə olmaq lazımdır. Əks halda, gəlir çox aşağıdır.
Məsələn, “28 May”dan “Neftçilər”ə mütəri aparsan, sənin gəlirin maksimum 2-3 AZN olacaq. Müştərilər hətta məzələnirlər.
Deyirlər ki, biz öz maşınımızı qoyuruq evdə və qiymətləri çox ucuz olduğu üçün “Uber”dən istifadə etmək daha sərfəlidir.
Bakıdan qırağa çıxdıqda isə 90 faiz hallarda geriyə boş qayıdırsan. Adətən axın bir istiqamətdə olur, "Uber" yalnız 20 km-dən çox yol apardıqda və çox uzaq qəsəbələrə getdikdə geri dönüş üçün 2.5 azn pul odəyir. O da ki, qazancının maksimum 4-5 manat olduğunu göstərir.
Aylıq xərclər: vergi 18 AZN, DSMF 21 AZN. Bunu da əlbəttə ki, siz ödəməlisiniz. Yerli şirkətlərdə də özün ödəyirsən. Lakin qazancın buna imkan verir.
Yeni qoşulduqda 20 AZN hesab açılması üçün xərc.
Ayda ən azı 8 dəfə maşının yuyulma xərci...
Mən burada antireklamla məşğul olmuram. Ancaq real faktları deyirəm və vətəndaşlıq borcumu yerinə yetirirəm. Düşünürəm ki, NİİM buna dair bir tədbir görməlidir. Düşünməlidir ki, hansısa xarici şirkət gəlib Azərbaycanda özünə iş qurub və sadəcə öz gəlirini güdür. İşçiləri üçün sabaha pul toplamaqları üçün heç bir şərait yaratmayıb.
Müsbət cəhətləri də gördüm:
Sərnişinlər adətən çox mədəni, ziyalı insanlar olur ki, onları daşımaq xoşdur.
Qrafik tam sərbəstdir. Nə vaxt istəsəniz, nə qədər istəsəniz işləyə bilərsiz.
Zəmanət və bonuslar cədvəli var ki, müəyyən saatlarda minimal qazanc zəmanəti verilir və pik vaxtı əsasən mərkəz rayonlarda taarif artır və nisbətən daha çox qazanc əldə etmək olur.
Sizi inandıra bilərəm ki, bizim öz yerli taksi şirkətlərimizin xidməti heç də geri qalmır. Bu yazı bir reklam olmuş olsa idi təbii ki, nümunə üçün bir şirkət adı çəkərdim...