Vəkil Şəhla Hümbətovaya CİNAYƏT İŞİ AÇILA BİLƏR - O, "Gəncə işi"nə görə cəzalandırıldığını deyir

Daha çox ictimai fəallara vəkillik etməklə tanınan Şəhla Hümbətova deyir ki, onun barəsində cinayət işi açmaq istəyirlər. O bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib ki, onun barəsində araşdırma aparılsın. Şəhla Hümbətova bunu "siyasi motivlə təqib edilən şəxsləri müdafiə edən vəkillərə qarşı aparılan təqib" adlandırır. Vəkillər Kollegiyasından BBC News Azərbaycancaya vəkillə bağlı dövlət qurumuna müraciət edilməsini təsdiqləyiblər. Lakin onlar vəkilin iddialarını qəbul etmirlər. Şəhla Hümbətova BBC News Azərbaycancaya deyir ki, ona rəsmi bildiriş sənədi göndərilməyib, amma Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən zəng edilib. "Dedilər ki, sizinlə bağlı material göndərilib, araşdırma aparmalıyıq", - vəkil deyir. Bir müddət əvvəl Vəkillər Kollegiyası Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Qurumun rəsmi məlumatında buna səbəb kimi, Şəhla Hümbətovanın məhkəməyə saxta sübut təqdim etməsi, ictimai iaşə müəssisələrində ərizəçidən pul məbləğinin alması, məhkəmə iclasında üzürsüz səbəbdən iştirak etməməsi və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəməməsi qeyd olunub. Qurumun bəyanatına görə, onlara şikayət edən vətəndaş məhkəmədə iştirak və sorğular üçün cəmi 1300 manat məbləğində vəkilə pul ödədiyi halda, vəkil Şəhla Hümbətovanın ona qəbz vermədiyini, boş blanklara imza etdirdiyini, vəkilin məhkəməyə 3000 manat qonorarla bağlı sənədlər təqdim etdiyini bildirib. O həmçinin, "McDonalds" və "Mado" kafelərində vəkilə pul ödədiyini, vəkilin məhkəmə iclasında iştirak etmədiyini, vəkil tərəfindən iddianın və sənədlərin məhkəməyə gec təqdim edilməsi ilə əlaqədar mübahisələndirilən mənzilin itirildiyini və digər məsələləri göstərib, Kollegiyanın bəyənatında yazılıb. Şəhla Hümbətova bu iddiaları təkzib edir. O deyir ki, bir vətəndaşla 3000 manatlıq müqavilə imzalayıb və bu məbləğdə qəbz təqdim edib, qarşılığında isə aldadılaraq 1000 manat alıb. "Müqaviləmiz 3000 manat məbləğində idi. Bundan heç kimə ziyan dəyməyib. Əksinə özüm ziyana düşmüşəm. Belə bir absurd məsələdən cinayət işi düzəltmək istəyirlər", - o deyir. Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə deyir ki, vətəndaşın şikayəti təkcə vəkillə deyil, həm də hakim və notariusla bağlı olub, lakin qurum yalnız vəkillə bağlı addım ata bilər. "Bir vətəndaş şikayət edib ki, vəkil, hakim, notarius birləşib onu mülkiyyət və vərəsəlik hüququndan məhrum ediblər. Bununla bağlı vəkilin davranışında pozuntu aşkar edilib. Məhkəmədə onun vəkillik fəaliyyətinə xitam verilməsilə bağlı iddia qadırılacaq", - o deyir. Gəncə işinə görə... Şəhla Hümbətova isə iddia edir ki, onun Kollegiyadan xaric olmağı vətəndaşın əsassız şikayəti ilə yox, onun siyasi proseslərə çıxması ilə bağlıdır. Şəhla Hümbətova 2018-ci ildə Gəncədə baş vermis hadisələrlə bağlı məhkəmə proseslərinə çıxır. O bildirir ki, dekabrın sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumda təqsirləndirilən Yunis Səfərov və daha 9 nəfərlə bağlı məhkəmə proseslərində vəkil qismində iştirak edəcəkdi. "Son bir ayda "Gəncə işi"ndə müdafiəçi olan üç vəkil - mən, Elçin Sadıqov və Nemət Kərimli haqda intizam icraatının başlanılması Gəncə işinin əsas fiqurantlarını müdafiəsiz qoymaq və işdəki ciddi qanunsuzluqları cəmiyyətin diqqətindən kənarda qoymaqdır", - o sosial şəbəkə hesabında yazır. Vəkil deyir ki, "Gəncə işi" məsələsində işgəncə halları ilə bağlı şikayətlər qaldırıb, məsələni ictimailəşdirib. "İstintaq bitən kimi məni Kollegiyadan çıxardılar, fəaliyyətim dayandırıldı. Nemət Kərimli və Elçin Sadıqov barəsində intizam icraatı çıxarıldı. Danışacaq vəkilləri kənarlaşdırdılar, susdurdular. Vəkilə təzyiq göstərirlər ki, "özünü ağıllı apar"", - Şəhla Hümbətova deyir. "Əsassız bəhanə" Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov isə bu iddiaları "tamamilə əsassız" adlandırır. "Bu iddialar tamamilə əsassızdır, Şəhla xanımın fəaliyyətinin dayandırılmasına baxmayaraq, onun icraatında olan müəyyən işlərlə bağlı proseslərdə iştirak etməsinə Vəkillər Kollegiyası Rəyasət Heyəti icazə verib. "Gəncə işi" də həmin işlərdən biridir", - o deyir. Sənan Şirinov onu da qeyd edir ki, qurumun vəkillə bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsi cinayət işinin qaldırılması demək deyil. Vəkillər Kollegiyasının sədri Anar Bağırov Şəhla Hümbətovanın iddialarını "spekulyasiya", "əsassız bəhanə" hesab edir. O, Şəhla Hümbətovanın davranışında "kobud pozuntu" olduğunu deyir, vəkil isə heç bir qanunsuz hərəkət etmədiyini bildirir. Anar Bağırov vəkilin "Gəncə işi" ilə bağlı təzyiqlər barəsində iddiasını da qəbul etmir və vəkillərin fəaliyyətinə problem yaradılmadığını deyir. ""Gəncə işi" ilə bağlı hər hansı vəkillə bağlı şikayət qəbul edilməyib", - o deyir. "Gəncə işi" nədir? 2018-ci ildə iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb. Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" adlandırılsa da, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib. Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan ediblər. İyulun 10-da iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülüb, bir nəfər isə yaralanıb. "Gəncə işi" üzrə ümumilikdə 77 nəfər şəxs ittiham olunub. 2019-cu ilin sentyabr ayında "Gəncə işi" üzrə təqsirləndirilən 8 məhbusdan 4-ü şərti cəza ilə azadlığa buraxılıb./BBC