"5 mərtəbəli binada liftsiz yaşaya bilirlərsə..." - "Ukrayna dairəsi"ndəki problemli keçidlə bağlı AÇIQLAMA

Baxış sayı:
8248

Ukrayna dairəsində tikilmiş yeni piyada keçidi narazılığa səbəb olub. Sosial şəbəkədə müzakirəyə çıxarılan keçidə həmin ərazidə ehtiyac olmadığını deyən də var; hündür olduğu üçün qoca, uşaq və fiziki məhdudiyyətli insanlar üçün keçilməsi çətin olduğunu yazan da. 

Məsələ ilə əlaqədar "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi  Anar Nəcəfli “Yeni Sabah”a açıqlamasında bildirib ki, fiziki qüsurlu şəxslər üçün müəyyən addımlar atılsa da, hər hansı bir eskalator, lift və ya digər buna bənzər avadanlıq quraşdırılmayacaq:

“Ümumiliyyətlə, hər hansı piyada keçidi üçün əlavə konstruksiya qoyulması lift, eskalator və s. heç bir xarici dövlətdə belə bir şey yoxdur. Ancaq fiziki qüsurlu adamların keçidi üçün pandusların quraşdırılması həyata keçirilir. Öz həyatının təhlükəsizliyini düşünən insan üçün o pilləkənlər qala olmalı deyil. Əgər insan 5 mərtəbəli binada yaşayırsa, oranı düşüb-çıxa bilirsə, nəzərə alsaq ki, orda lift olmur, deməli bu pillələri də keçə bilər. Amma əlbəttə ki, fiziki qüsurlu insanlar üçün orda müəyyən addımlar atılacaq”.

A.Nəcəfli həmçinin, həmin ərazidə piyada keçidinin lazım olub-olmaması məsələsinə də aydınlıq gətirib:

“Buna mütəxəssislər qərar verirlər. Nəzərdə tutulub ki, gələcəkdə burada başqa infrastruktur ola bilər və yaxud olacaq, insanların hərəkəti daha da çoxalacaq. Sözü gedən ərazidə isə piyada keçidinə ehtiyac var idi. Piyada keçidi boş ərazidə qurulmur, harada ki çox adam var orada tikilir".