Aİ-Azərbaycan sazişi ilin sonuna kimi imzalana bilər - MİLLƏT VƏKİLİ

“Azərbaycan və Avropa İttifaqı danışıqlar mərhələsindədir. Danışıqların hədəfi yeni tərəfdaşlıq və əməkdaşlıq sazişini imzalamaqdır”.
Muxalifət.az xəbər verir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev deyib.
Millət vəkili danışıqların nəticələrinin bu ilin sonu, gələn ilin əvvəlində hazır olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dəyərlərin mübadiləsində maraqlıdır.
Cavanşir Feyziyev bildirib ki, Azərbaycan ikinci dəfə müstəilliyini qazananda qarşısında ciddi, xüsusilə iqtisadi sahədə çağırışlar var idi. O qeyd edib ki, Azərbaycan son 10 il ərzində bir sıra regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Millət vəkili bu layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolu və “Cənub qaz dəhlizi” layihələrini göstərib.
Milli Məclisin üzvü bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropaya çıxarılması nəzərdə tutulur. O, layihənin Avropanın enerji marşrutlarının difersikasiyası baxımından yeganə marşrut olduğunu diqqətə çatdırıb.