Ali Məhkəmə ​İlqar Məmmədovla bağlı QƏRARINI AÇIQLADI - ReAL sədrinin şərti cəzası ləğv edildi

Baxış sayı:
20569

Martın 27-də Ali Məhkəmə ReAL Partiyasının sədri İlqar Məmmədovun şərti cəzasını ləğv edib. Məhkəmənin qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədov haqqında çıxardığı cəza dəyişdirilib. Həmin cəza 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.
Ali Məhkəmədə İlqar Məmmədovun kassasiya şikayətinə baxılırdı. Şikayət İ.Məmmədovun şərti azadlığa buraxılması barədə Şəki Apelyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarından verilib.
Fevralın 5-də hakim Əhməd Nurməmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində elan olunub ki, İ.Məmmədovun vəkili Fuad Ağayev əlavə kassasiya şikayəti verib. Zərərçəkmiş qismində tanınan polislərə məhkəmə barədə məlumat verilsə də, gəlməyiblər. Onlara kassasiya şikayətinin surəti çatdırılmayıb.
Vəkil Fuad Ağayev bu əsasla məhkəmənin təxirə salınmasına etiraz edib. Bildirib ki, şikayətə əlavədə yalnız İlqar Məmmədova aid olan cüzi dəqiqləşmə var. Vəkilin sözlərinə görə, bu cinayət işi üzrə məhkəmələr 2013-cü ildən davam edir.
Lakin prokuror da, məhkəmə də hesab edib ki, kassasiya şikayətinə əlavə ilə həm ittiham tərəfi, həm də zərərçəkənlər tanış olmalıdır.
Bu əsasla da məhkəmə 28 marta qədər təxirə salınmışdı./meydan.tv