ALİMENT BORCUNA GÖRƏ HƏBS QALMAQALI: Deputatlar, hüquqşünaslar etiraza qalxdı - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, tanınmış şair Murad Köhnəqala 12 min manatlıq aliment borcuna görə Tovuz rayon Məhkəməsi tərəfindən 15 sutkalıq həbs edilib. Bir müddət əvvəl də gənc jurnalist Səxavət Məmməd də aliment ödəmədiyi ittihamı ilə Ağdam rayon məhkəməsi tərəfindən sutkalıq həbslə cəzalandırılmışdı. Adıçəkilən şəxslər cəmiyyətdə nisbətən tanınan adamlar olduğu üçün onların həbs məsələsi ictimailəşdi. Lakin Azərbaycanda hər gün xeyli adam aliment ödəyə bilmədiyi üçün həbslə cəzalandırılır. Aliment ödəmək imkanı olduğu halda ödəməkdən imtina edənlərin məsuliyyətə cəlb edilməsi, əlbəttə, tamamilə qanunuyğundur. Ancaq heç bir yerdə işləməyən, aliment ödəmək imkanı olmayan şəxsin həbsə atılmasının hansı fayda verəcəyi müzakirə predmetidir. İşsizlikdən aliment ödəyə bilməyən şəxsləri həbsə atmaq əvəzinə, onları müəyyən işlə təmin etmək və işləyib, həm özünü dolandırmasına, həm də keçmiş ailəsinə aliment ödəməsinə şərait yaratmaq daha yaxşı çıxış yolu olmazmı? Bakupost.az son günlərdə cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan olan aliment problem ilə bağlı ortaya çıxan bu suallara cavab tapmağa çalışıb. Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında deyib ki, birinci ailədən olan uşaqlara aliment ödəyə bilmədiyi üçün atanı həbsə atıb, digər körpəsini də pis vəziyyətdə buraxırlar. S.Rüstəmxanlı şair Murad Köhnəqalanın alimentə görə həbs edilməsinə də toxunub: "Aliment verə bilmədiyinə görə həbs edilən adam bu pulu indi necə ödəyəcək? Həbsdən ödəyəcək alimenti? Nəzərə almaq lazımdır ki, bu insan işsizdir. Əlbəttə, Murad himayəsində olan uşaqlarının hamısına baxmağa borcludur. Bu, onun atalıq borcudur. Necə olursa olsun, iş tapmalı və alimentini ödəməli idi. Ancaq ödəyə bilməyibsə, onu həbs etmək lazım deyil. Hamımızı Muradın taleyi narahat edir ki, belə bir istedadlı insan işsizdir. Mən bu səviyyədə bir jurnalistin, yazarın həbs edilməsini qəbullana bilmirəm, soyuqqanlılıqla qarşılaya bilmirəm”. Partiya sədri bildirib ki, Muradı həbs etmək əvəzinə ona daimi bir iş tapmaq olardı: "Yüksək ədəbiyyat təhsili almış, dünya mədəniyyətindən və ədəbiyyatından kifayət qədər məlumatlı, çox mükəmməl yaradıcılığı və qələmi olan bir adama bu ölkədə iş tapılmaması anlaşılmazdır”. Tanınmış yazıçı, millət vəkili Aqil Abbas isə Bakupost.az-a açıqlamasında bildirib ki, aliment ödəməkdən imtina edənlərin qanun qarşısında cavab verməsi lazımdır, çünki bəzi şəxslər bundan qəsdən boyun qaçırır: "Ancaq kimsə işləmirsə, aliment ödəməyə imkanı yoxdursa, onu həbsə atmağın da heç bir mənası yoxdur. Həbsdə işləyib pul qazanacaq? Azadlıqda olsa, yenə bir şansı olardı”. Deputat şair M.Köhnəqalanın həbsini də şərh edib. O deyib ki, M.Köhnəqala onun dostudur və uşaqlarına bugünə qədər nələr etdiyini bilir: "Mən indi hər şeyi demək istəmirəm, ancaq Muradın uşaqlarını necə sevdiyini, onlar üçün nə etdiyini bilirəm. Murad neyləməliydi, uşağına pul verəndə çek almalıydı? Bu günə qədər heç kim heç nə tələb etməyib. Borc yığılıb 12 min manata çatıb. Birdən birə adamı həbsə atırlar. Bu məni çox narahat edir. Murad çox istedadlı, yüksək ədəbi savada və bacarığa sahib adamdır. Onun dostları da arxasındadı. Və tələb olunan pulu da köməkləşib ödəyəcəklər”. A.Abbas Milli Məclisdə aliment həbsləri ilə bağlı qanuna dəyişiklik təklif etməsi məsələsinə barədə isə deyib ki, qanuna hansısa formada dəyişiklik etmək qəsdən aliment ödəməyən şəxslərin əlini gücləndirə bilər: "Bir çox adam qəsdən aliment ödəmir. Qanuna dəyişiklik eləmək belə halların artmasına səbəb olar. Ancaq hansısa formada bir düzəliş etmək lazımdı ki, aliment ödəməyə imkanı olmayan adamların həbsə atılmasının da qarşısı alınsın”. "Konstitusiya Araşdırmaları Fondu”nun prezidenti, tanınmış hüquqşünas Əliməmməd Nuriyev da aliment həbsləri ilə bağlı Bakupost.az-a açıqlama verib. Hüquqşünas deyib ki, həyata keçirilən inzibati həbslər aliment ödəməməyə görə yox, məhkəmə qərarlarının icra edilməməsinə görədir: "Belə hallarda əvvəl inzibati məsuliyyət yaranır, daha sonra isə eyni məsələ davam etsə, cinayət məsuliyyəti yaranır. Məhkəmə əsasən o hallarda inzibati məsuliyyətə cəlbetmə barədə qərar çıxarır ki, təqsirləndirilən şəxsin qəsdən məsuliyyətdən yayındığı və ya uzun müddətdir qərarın icrasından boyun qaçırdığını hesab edir. Bəzən də olur ki, şəxs məhkəməyə işləmədiyini deyir, ancaq hansısa formada gəlirləri və ya əmlakı olur. Təbii ki, məhkəmə müəyyənləşdirməlidir ki, alimenti ödəməyən şəxs bundan qərəzli şəkildə imtina edir, yoxsa sadəcə ödəməyə imkanı yoxdur”. Ə.Nuriyevin sözlərinə görə, belə halların qarşısını almaq üçün qərarların icrasına məsul qurumlar digər qurumlarla əməkdaşlıq içərisində işləməlidir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq İdarəsi və s. ilə koordinasiyada işləməlidilər ki, həmin şəxslər əgər həqiqətən də işsizdilər, onlara müəyyən işlər təklif edilsin. əgər həmin işlərdən imtina etsələr, bu zaman onları inzibati həbslə cəzalandırmaq olar. Həmin adamları həbs etmək əslində dövlətə də böyük ziyan vurur. Tutaq ki, bir şəxsi 1 il həbs etsələr, dövlət həmin şəxsə 6 min manata yaxın xərc çəkir. Ona görə də belə hallarda həbs qərarından daha çox problem həbssiz necə həll etmək olar, bu barədə həll yolu axtarmaq lazımdır”. Hüquqşünas deyib ki, aiddiyəti qurumlar qarşısında hətta tövsiyə xarakterli tapşırıq da qoymaq olar ki, alimenti ödəmək imkanı olmayan şəxslərin işlə təmin edilməsinə çalışılsın: "Hər bir halda, məhkəmə qərar çıxaran aman araşdırmalıdır və əgər şəxs qərəzli şəkildə alimenti ödəməkdən boyun qaçırırsa, yalnız bu halda həbs qərarı çıxarmalıdır”. Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da Bakupost.az-a bildirib ki, alimenti ödəyə bilmədiyinə görə insanı həbs etmək məntiqə və Azərbaycanda hazırda yürüdülən qanun pozuntularının dekriminallaşdırılması, cəzaların humanistləşdirilməsi siyasətinə ziddir: "Bəli, insan uşaqları üçün aliment ödəməlidir, amma imkanı yoxdursa, işsizdirsə, onda biz onu nəyə əsasən həbs edirik? Pulsuz və işsiz adamı həbs edərlər bəyəm? Lap tutaq ki, həbs etdik, bu, kimə nə verəcək?! Adam azadlıqda olanda ən azından iş tapmaq, alimentini ödəmək şansı qalırdı. Onu içəri salmaqla biz bu şansını da əlindən alırıq. Bəli, insan alimentini ödəmirsə, onu məcbur etmək lazımdır. İşi varsa, qoy, maaşından məcburi tutulsun. Əmlakı, məsələn - evi, maşını varsa, qoy, məcbur edilsin ki, canı çıxsın, satıb, balalarının pulunu ödəsin. Bu, vacibdir. Amma işi, pulu, satılacaq əmlakı yoxdursa, buna görə insanı həbs etmək absurddur, məntiqsizdir”. Jurnalist deyir ki, aliment ödəməməyi müəyyən hallar üçün dekriminallaşdırmaq vacibdir: "Pulu olan insanı buna məcbur etmək, olmayan üçün variantlar fikirləşmək lazımdır. Məsələn, dövlət onun yerinə ödəyib, gələcəkdə maaşından, ya pensiyasından, hansısa başqa müavinətindən tuta bilər. Amma həbs etmək qətiyyən düzgün deyil, çox sərt, özü də yersiz və lüzumsuz sərt cəzadır. Düşünürəm ki, Muradın başına gələn işdən çıxış edərək, bununla bağlı qanuna dəyişiklik etmək yerinə düşərdi”.