“Amerika Yaxın Şərqdə iki yeni dövlət yaratmaq istəyir, biri “Kürdüstan”, bir də...” - ZƏRDÜŞT ƏLİZADƏ

Baxış sayı:
6856

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiç üçün kritik tarixin martın 19-u olduğunu açıqlayıb.
M.Çavuşoğlu Menbiçdə bir model həyata keçirmək üçün səylərinin davam elədiyini vurğulayıb. O, deyib: “YPG Menbiçdən çəkildikdən sonra orada təhlükəsizliyi Türkiyə və ABŞ hərbçiləri təmin edəcəklər. YPG heç bir şəkildə olmayacaq. Əvvəlcə bu modeli Menbiçdə tətbiq edəcəyik. Sonra başqa yerlərdə tətbiq edəcəyik. Bu, Rakka üçün də, Fəratın şərqində yerləşən, YPG-nin nəzarəti altındakı digər yerlər üçün də keçərlidir”.
“Martın 19-dakı iclasda yol xəritəsi aydın şəkildə, tarixləri ilə birlikdə bəlli olacaq. Hansı müddətdə nə tətbiq ediləcək, digər tərəfə necə keçiləcək, bunlarla bağlı təqvim dəqiqləşdiriləcək”, - xarici işlər naziri qeyd edib.
Qeyd edək ki, martın 19-da Mövlud Çavuşoğlunun Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşəcəyi açıqlanmışdı. Buna görə də Suriya, əsasən də Menbiç ilə bağlı iki tərəf arasında əldə olunmuş prinsipial razılığın Çavuşoğlunun martın 19-da Vaşinqtonda Tillersonla görüşündən sonra açıqlanacağı gözlənilirdi. Yeni dövlət katibi Mayk Pompeonun təyinatından sonra isə bu səfərin baş tutub-tutmayacağı belə sual altındadır. Çünki artıq keçmiş dövlət katibi hesab olunan Reks Tillerson Türkiyə ilə müttəfiqlik əlaqələrinin saxlanılmasında maraqlı idi. Yeni təyin olunan dövlət katibi Mayk Pompeo isə Türkiyə ilə müttəfiqlik münasibətlərinin qoruyub saxlayacaqmı, bunu bunu yaxın günlərdə izləyəcəyik.

“Türkiyənin iradəsi də çatır ki, Amerikanın aləti olacaq kürd dövlətinin qarşısını alsın”

Xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 19-da Vaşinqtonda keçiriləcək görüşü ilə bağlı politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə dedi ki, Tramp və Pompeo nə qərara gələcəklərsə, o məsələni Türkiyənin qarşısına qoyacaqlar: “Nazirlər dəyişə bilər, dövlət siyasəti dəyişmir, orada müəyyən kiçik dəyişikliklər ola bilər. Amma strateji xətt məlumdur. Amerikanın strateji xətti odur ki, İsraildən əlavə, Yaxın Şərqdə iki yeni dövlət yaratmaq istəyir, biri “Kürdüstan”, bir də Ermənistandır. Ermənistan hələlik Rusiyanın tövləsindədir, amma onu oradan çıxardacaqlar. Onlar da məmuniyyətlə çıxıb, təzə “ağa”lara xidmət etməyə başlayarlar, amma “Kürdüstan”ı yaratmaq lazımdır. Buna da Türkiyə, İraq, İran və Suriya mane olur. İndi bu dövlətlərlə Amerika arasında “oyun” gedir. Amma Türkiyənin kifayət qədər qətiyyəti var, iradəsi də çatır ki, Amerikanın aləti olacaq, müsəlman dünyasının qəlbinə sancılan bir xəncər olacaq kürd dövlətinin qarşısını alsın. Ona görə də artıq qoşunları Suriya Kürdistanındadır, döyüşlər aparır. Amerikanın bu xoşuna gəlir ya da gəlmir, seçməlidir: ya Türkiyə, ya da YPG”.
“Hər şey döyüş meydanındakı qüvvələr nisbətindən asılıdır”
“YPG-nin martın 19-da Menbicdən çıxmasını deyə bilmərəm, hətta Çavuşoğlu bunu 100 faiz deyə bilməz. Hər şey döyüş meydanındakı qüvvələr nisbətindən asılıdır. Orada 1-2 tərəf yoxdur, orada 4 tərəf var. Onların hamısının mövqeyinin uzlaşması lazımdır”, - dedi politoloq.

“Təfərrüatı görmək mümkün deyil”

“Belə fikirilər səslənir ki,Tillersonun vəzifəsindən azad olunmasına Menbiclə bağlı razılığa gəlməsi səbəb olub. Siz necə düşünürsünüz” sualına Z. Əlizadə belə cavab verdi: “Mən onu deyə bilmərəm. Onu hər halda Amerika Dövlət Departamentinin işçiləri bilər. Bunu məsələdən dəqiq hali olan, yəni diplomatik danışıqlarda iştirak etmiş, kəşfiyyat orqanlarının hesabatını oxumuş adamlar deyə bilər. Mən adi bir sıravi vətəndaşam, kənardan izləyirəm. Ümumi xətti görürəm, amma təfərrüatı görmək mümkün deyil”.