AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ ÜÇÜN CİDDİ TƏHLÜKƏ... – Bu qüvvələr ölkəni tədricən Rusiyanın caynağına verirlər – ŞOK DETALLAR

Baxış sayı:
8155

"Bu cür təkliflərlə çıxış edənlər Rusiyanın agentura şəbəkəsinə cəlb olunmuş adamlardır"
 
"Rüfət Quliyevin və təhsil nazirinin Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq edib-etməməsi araşdırılmalıdır"

 
Xəbər verdiyimiz kimi, deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 21-də keçirilən iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Lənkəran aeroportunun uzun müddətə Rusiyaya icarəyə verilməsini təklif edib. Belə ki, "Azərbaycanda hava limanları, idman kompleksləri tikilir. Hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur" deyən deputatın sözlərinə görə, əgər Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya struktur ilə şərikli istifadə edə bilərlər.

 
Nəzərinizə çatdıraq ki, Rüfət Quliyevin bu təklifi həm sosial şəbəkələrdə, həm də siyasilər və iqtisadçılar arasında ciddi narazılıqla qarşılanıb. Belə ki, Lənkəran aeroportunun Rusiyaya icarəyə verilməsinin Azərbaycanın maraqlarına zidd olduğunu bildirən ekspertlər, partiya funksionerləri hesab edirlər ki, bu, ölkənin Rusiya tərəfindən işğalına zəmin yarada bilər. Həmçinin, o da vurğulanıb ki, Rüfət Quliyevin təklifindəki mənfi məqam, onun konkret olaraq Lənkəran aeroportunun kimə icarəyə verilməli olduğunu söyləməsidir. Mütəxəssislərin fikrincə, əgər buna lüzum varsa, o zaman hökumət adıçəkilən hava limanının icarəsi üçün açıq tender elan edə bilər.
 
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, deputat sonradan mövzu ilə bağlı fikirlərinin yanlış anlaşıldığını iddia edib: "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ikinci gün keçirilən iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi gedirdi. Müzakirələr zamanı iclasda əyləşənlərə sual ünvanlayaraq dedim: "Azərbaycanda bu qədər möhtəşəm idman kompleksləri var. Bundan başqa rayonlarımızda dünya standartlarına cavab verən hava limanlarımız var. Bunlara büdcədən nə qədər pul ayrılır. Daha maraqlısı odur ki, büdcədən ayrılan pullar artır, azalır yoxsa yerində qalır?". Sözümün canı odur ki, prezidentin tapşırığı ilə tikilən obyektlərin xərcləri, işçilərin əmək haqları məsələsi var. Elə edək ki, bu obyektlərə büdcədən ayrılmalar azalsın və özləri özlərini maliyyələşdirə, yəni dolandıra bilsinlər".
 
(Əvvəli bu linkdə:RUS QOŞUNLARI AZƏRBAYCANA GƏTİRİLİR… – Lənkəran aeroportunun ruslara icarəyə verilməsinin ŞOK GİZLİNLƏRİ)
 
"Rusiya cənub bölgəsində "Talış-Muğan Respublikası" ideyasını körükləyir"
 
İctimaiyyətin bu məsələyə sərt reaksiya verməsindən sonra deputat Rüfət Quliyevin fikirlərində dəyişikliklər etdiyini vurğulayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu bildirdi ki, əgər Lənkəran aeroportu Rusiyaya icarəyə verilsə, o zaman ölkənin cənubunda Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli proses yaranacaq: "Bu zaman ruslar yerli əhalini işə cəlb edəcək. Ümumiyyətlə, ruslar harda iş görübsə iş verdikləri adamları da siyasi cəhətdən öz kölələrinə çeviriblər. Bu gün faktiki olaraq, Rusiya bir tərəfdən ölkənin cənub bölgəsində "Talış-Muğan Respublikası" ideyasını körükləyir. Bildiyiniz kimi, onun ideoloqları Rusiyadadır və Kreml onlar üçün bütün şəraiti yaradıb, qəzet, televiziya açıb. Digər tərəfdən, müəyyən adamları iqtisadi maraqlarına görə işə cəlb etdikdən sonra artıq ölkənin cənubunda Azərbaycan dövlətçiliyi üçün çox real təhlükə olan bir proses yaranacaq. Beləliklə, deputatın təklifi budur ki, ruslar cənub bölgəsinə gəlsin, talış qardaşlarımızın bir çoxunu işə cəlb etsinlər və daha sonra Rusiyadan idarə olunan "Talış-Muğan Respublikası" ideyasının iqtisadi əsasları yaradılsın. Bu isə Azərbaycanın müstəqilliyi üçün real təhlükə deməkdir. Çünki sabah Rusiya həmin aeroporta qoyduğu kapitala təhlükə yarandığını bəhanə edib Lənkəranın 12 kilometrliyində olan qoşunları ilə Azərbaycana müdaxilə edə bilər. Bir sözlə, bu təklifin siyasi cəhətdən mənası budur ki, rus qoşunlarını Lənkərana gətirmək lazımdır".
 
"Onların parlamentdə və hökumətdə təmsil olunması Azərbaycan dövləti, müstəqilliyimiz və suverenliyimiz üçün real təhlükədir"
 
ADP sədrinin sözlərinə görə, bu cür təkliflərlə çıxış edən şəxslər Rusiyanın agentura şəbəkəsinə cəlb olunmuş adamlardır və onlar Moskva tərəfindən idarə olunurlar: "Onların parlamentdə və hökumətdə təmsil olunması Azərbaycan dövləti, müstəqilliyimiz və suverenliyimiz üçün real təhlükədir. Hamıya məlumdur ki, məhz Kreml ərazilərimizi işğaldan azad etməyə imkan vermir, eyni zamanda Rusiyada Azərbaycan xalqının maraqlarını müdafiə edən qüvvələrə qarşı repressiya həyata keçirilir. Misal kimi, Rusiyada yaşayan jurnalist Fuad Abbasovun başına açılan oyunları göstərmək olar. Bütün bunlar azmış kimi, Rusiya Azərbaycan vətəndaşlarını da öz dövlət maraqlarına işlətməyə çalışır. İstər-istəməz sual olunur: Yeni Azərbaycan Partiyasının rəhbərliyi, Azərbaycan prezidenti, hakimiyyət hara baxır? Məgər, iqtidar görmür ki, Kreml Azərbaycanı öz təsir dairəsinə salmaq üçün artıq Rusiyada yaşayan azərbaycanlılardan belə, istifadə etməyə çalışır. Belə ki, Frenk Elkapone (Füzuli Məmmədov nəzərdə tutulur-red.) adlı cinayətkarı gətirib bir təşkilat yaradıblar və guya, həmin təşkilat azərbaycanlıların maraqlarını müdafiə edəcək. O isə bəyanat verib ki, biz ancaq Rusiyanın maraqlarına xidmət edirik. Onu da qeyd edim ki, hazırda Azərbaycanda rus təhsili və mədəniyyətinin inkişaf etdirilməsi, eləcə də ruslarla iqtisadi əlaqələrin genişləndirilməsi adı altında ölkəmizin tədricən Rusiya tərəfindən işğal edilməsinə xidmət edən qüvvələr var. Bu qüvvələrə qarşı amansız olmaq lazımdır. Rusiyadakı hansısa iş adamının nə marağı var ki, gəlib Lənkəran aeroportuna pul qoysun?! Ruslar heç dünyanın ən məşhur, gəlirli aeroportlarının qiymətli kağızlarını almırlar. Belə olan halda rusiyalı iş adamlarının Lənkəran kimi ucqar bir yerdə aeroportun yenidən qurulmasına vəsait sərf etmələri ciddi şübhələr yaradır. Aydın məsələdir ki, adıçəkilən hava limanına əlavə kapital qoymaqla yaranan kommunikasiya imkanları məhz Rusiyaya xidmət edəcək".
 
"Azərbaycanda Rusiya səfirliyi ilə yanaşı, az qala hər küçədə bir Rusiya Mədəniyyət Mərkəzi var"
 
Rus iş adamlarının Lənkəran aeroportunu genişləndirdikdən sonra oradan Nyu-Yorka, Parisə deyil, Moskvaya reyslərin sayının artacağını qeyd edən Sərdar Cəlaloğlu hesab edir ki, burada əsas məqsəd rusdilli kütlə formalaşdırmaq, cənub bölgəsinin insanlarını ruslaşdırmaq, beləliklə də Azərbaycanın intervensiyası üçün zəmin hazırlamaqdır: "Baxın, Azərbaycanda Rusiya səfirliyi fəaliyyət göstərir. Dünyanın heç bir yerində səfirlik olan ölkədə əlavə mədəniyyət mərkəzləri deyilən bir şey yoxdur. Azərbaycanda isə Rusiya səfirliyi ilə yanaşı, az qala hər küçədə bir Rusiya Mədəniyyət Mərkəzi var. Əgər ölkədə səfirlik, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu varsa, onda Rusiyanın mədəniyyət mərkəzləri hansı işlə məşğul olurlar?! Çox maraqlıdır ki, həmin mədəniyyət mərkəzləri xüsusi orqanlara xas olan bir gizliliklə fəaliyyət göstərirlər. Ümumiyyətlə, bu günə qədər mətbuatda bu mədəniyyət mərkəzlərinin hansısa bir addım atması ilə əlaqədar informasiya yoxdur, qapıları həmişə bağlı olur, adamlar ora xüsusi sənədlərlə gəlib gedirlər. Əgər onlar həqiqətən də mədəniyyət mərkəzləridirsə, onda niyə indiyədək bir dənə mədəni tədbir keçirməyiblər? Bundan başqa, bildiyiniz kimi, Azərbaycanda ruslar əhalinin çox az bir hissəsini təşkil edir. Bu qədər az rusun yaşadığı bir ölkədə rusların və Rusiyanın maraqlarının açıq şəkildə ifadə edilməsi nə deməkdir?! Bir qədər əvvəl də qeyd etdiyim kimi, Qarabağ məhz Rusiya tərəfindən işğal edilib və Kreml bizə torpaqlarımızı azad etməyə imkan vermir. Rəsmi Moskva həmişə Ermənistanı müdafiə edir, onun tərəfindən çıxış edir, erməniləri silahlandırır. Lakin buna baxmayaraq, ermənilər nə rusca danışır, nə də Ermənistanda bir dənə rus məktəbi var. Əksinə, Azərbaycan hökuməti isə burda rus dilini öyrədir, rus məktəbləri açır, ruslara əlverişli iqtisadi şərait yaradır".
 
"Azərbaycanda Rusiyanın istər iqtisadi, istər mədəniyyət, istərsə də diplomatik və hərbi sahədə təsirlərinin genişləndirilməsi dövlətçiliyimiz üçün ciddi təhlükədir"
 
Həm Çar Rusiyası, həm də sovet dövründə ruslarla əməkdaşlığın Azərbaycana olduqca baha başa gəldiyini, ərazilərimizin bir hissəsini itirdiyimizi, ziyalılarımızın deportasiyaya və repressiyaya məruz qaldıqlarını, o cümlədən təbii ehtiyatlarımızın istismar olunduğunu vurğulayan prezidentliyə keçmiş namizəd qeyd etdi ki, bu gün yenidən Rusiyanın Azərbaycanı işğal etməsi ideyasını başqa bir formada cəmiyyətə təbliğ edən insanlar meydana çıxıb: "Hesab edirəm ki, son bir neçə ildə Rusiya ilə bağlı aparılan siyasət açıq-aşkar şəkildə Rusiyanın Azərbaycanı işğal etməsinə xidmət edir. Və bu zaman biz Lavrovun dediyi sözləri xatırlamalıyıq. O, birmənalı şəkildə bəyan edib ki, Kremli müstəqil siyasət aparmaq istəyən Moldova, Gürcüstan və Ukrayna narahat edir. Ermənistan, Azərbaycan və Belarusdan isə tam arxayınıq. Çünki onlar müstəqil siyasət aparmır. Heç kimə sirr deyil ki, Ermənistan bizim torpaqlarımızı işğal etdiyinə, Rusiyadan əvəzi ödənməyən külli miqdarda silah aldığına, Moskvanın hərbi himayəsində olduğuna görə, Kremlin yanındadır, onu müdafiə edir. Azərbaycana gəlincə, ərazilərimiz Rusiya tərəfindən işğal olunub, ruslar bizə hər cür iqtisadi təzyiqlər edir, Kreml ölkəmizə qarşı düşmənçilik siyasəti aparır, bizsə ermənilər kimi Moskvanın maraqlarına uyğun siyasət aparırıq. Bu, nə deməkdir?! Eyni hadisə Çar Rusiyası və sovet hökuməti zamanında da olub. Məsələn, Azərbaycan Demokratik Cümhuriyyəti zamanında ermənilər torpaq udub, biz isə torpaq uduzub Rusiyanın tərkibinə keçdik. İndi də torpaq uduzmuşuq, lakin buna rəğmən, bizi yenidən Rusiya ilə sıx əməkdaşlığa məcbur etməyə çalışırlar. Birmənalı şəkildə bəyan edirəm ki, Azərbaycanda Rusiyanın istər iqtisadi, istər mədəniyyət, istərsə də diplomatik və hərbi sahədə təsirlərinin genişləndirilməsi dövlətçiliyimiz üçün ciddi təhlükədir. Əgər Ramiz Mehdiyevin "Nadir şah" əsərini oxusanız görərsiniz, o, açıq şəkildə yazır ki, Azərbaycan xalqı bir şeyi unutmamalıdır, ruslar heç vaxt bizim müstəqilliyimizlə barışmayacaq və dövlət müstəqilliyimizə yeganə təhlükə varsa, o da Rusiyadır".
 
"Rusiya bizə fəlakətdən başqa heç nə verməyib və bundan sonra da Kremldən müsbət nəsə gözləməyə dəyməz"
 
ADP sədri bu qənaətdədir ki, əgər cəmiyyət deputat Rüfət Quliyevin fikirlərinə lazımı reaksiya verməsə, bu məsələnin arxasında Rusiyanın kəşfiyyat orqanlarının durduğunu bilməsə, o zaman onun irəli sürdüyü təklif reallaşa bilər: "Yəni əgər biz müqavimət göstərməsək, onda hava limanı Rusiyanın ixtiyarına verilə bilər. Niyə ancaq Rusiya?! Türkiyə həm qardaş ölkədir, həm də strateji müttəfiqik. Həmin deputat nə üçün onun adını çəkmir?! Söhbət ondan gedir ki, burda xüsusi olaraq Rusiyanın adının çəkilməsi müəyyən maraqlara xidmət edir. Əgər doğrudan da buna lüzum varsa, o zaman tender elan olunsun, bəlkə hansısa digər ölkə Lənkəran aeroportuna maraq göstərəcək. Bundan başqa, hazırda Azərbaycanda elə nazir və komitə sədrləri var ki, onların milyardları var. Odur ki, həmin hava limanını inkişaf etdirmək istəyirlərsə, onda bu işi yerli iş adamlarımıza, milyardı olan məmurlara həvalə etmək olar. Bu yolla aeroportla, o cümlədən ümumilikdə cənub zonası ilə bağlı hər hansı xarici təhlükənin olmayacağına əmin ola bilərik. Dünyanın harasında belə bir iqtisadi əməkdaşlıq var ki, bütün digər dövlətlər həmin əməkdaşlıqdan kənarlaşdırılsın, yalnız bir dövlətə üstünlük verilsin?! Əslində, bu, birinci belə ideya deyil. Belə ki, bundan qabaq ruslar Heydər Əliyev Beynəlxalq Aeroportunun yanında yerləşən atçılıq mərkəzinin sahəsi təxminən, 100 hektar olan ərazini almaq istəyirdilər. O zaman biz buna etirazımızı bildirdik. Bəyan etdik ki, ruslar bu yolla Azərbaycana uçan bütün təyyarələrə nəzarət edəcək, hətta onları zərbə altında saxlayacaq. Qeyd edim ki, limanlar, dəmir yolu, elektrik stansiyaları, kommunikasiya şəbəkələri və digərləri dövlətin strateji obyektləridir. Bu səbəbdən də onları özəlləşdirmək olmaz. Çünki bu, strateji obyektlərin başqa bir dövlətin nəzarətinə verilməsi deməkdir. Bu isə istənilən şəraitdə Azərbaycan üçün real təhlükədir. Ona görə də bu, bir xəyanətdir və bunun heç bir iqtisadi əsası ola bilməz. Əgər doğrudan da Lənkəran aeroportunu inkişaf etdirmək istəyiriksə, o zaman bu işə Türkiyədən, Çindən, İngiltərədən, Almaniyadan və digər dövlətlərdən iş adamları dəvət etmək olar. Ruslar özlərinin iqtisadiyyatını alman və ingilislərin investisiyası, texnologiyası əsasında inkişaf etdirir, bizsə Lənkəran hava limanını Rusiyaya icarəyə verməkdən danışırıq. Rusiyanın nə yeni texnologiyası, nə də dünyada nüfuzu var. Bildiyiniz kimi, bu gün ABŞ Rusiyanı blokadaya alıb və bu səbəbdən də ölkənin iqtisadiyyatı hər ötən gün bir qədər də zəifləyir. Belə bir məqamda, rus biznesmenlərin Azərbaycana gətirilməsi isə sonda ABŞ-ın iqtisadi sanksiyalarının ölkəmizə də tətbiqinə gətirib çıxara bilər. Odur ki, deputatın təklifi Azərbaycanı Rusiya tərəfindən işğal olunma təhlükəsi ilə üz-üzə qoymaqla yanaşı, həm də bizi Rusiyanın düşmənləri ilə qarşı-qarşıya qoyur. Təbii ki, bu da heç bir halda Azərbycanın milli maraqlarına cavab vermir. Unutmaq lazım deyil ki, Rusiya bizə fəlakətdən başqa heç nə verməyib və bundan sonra da Kremldən müsbət nəsə gözləməyə dəyməz".
Sonda "Hürriyyət" qəzeti vasitəsiylə Milli Məclisin sədri Oqtay Əsədova müraciət edən Sərdar Cəlaloğlu deputat Rüfət Quliyevin Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq edib-etməməsinin araşdırılmasını xahiş edib: "Eləcə də Azərbaycanda rus dilində təhsilin genişləndirilməsini təklif və təşkil edən adamların da Rusiyanın kəşfiyyat orqanları ilə əməkdaşlıq edib-etməməsi məsələsi aydınlaşmalıdır. Şəxsən bizdə müəyyən məlumatlar var ki, onlar Rusiyanın kəşfiyyat orqanları ilə bilavasitə əməkdaşlıq edən adamlardır. Lakin bu, bir sözdür. Hökumətin isə həm deputat Rüfət Quliyevin, həm ölkənin təhsil nazirinin, həm də bu qəbildən olan, yəni Rusiyanın maraqlarını müdafiə edən şəxslərin gəlirlərinin mənbəyini araşdırmaq, onların təklif etdikləri ideyaların haradan qaynaqlandığını müəyyənləşdirmək imkanı var. Odur ki, müvafiq qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar".
 
Hurriyyet.org