​Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək üçün... - Səfir

Baxış sayı:
3646

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Azərbaycan və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bu mötəbər yarışı peşəkarlıqla təşkil ediblər.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores azərtac -a müsahibəsində deyib.
Dünya çempionatında Meksikanın üç velosipedçi ilə təmsil olunduğunu vurğulayan diplomat bildirib: “Təmsilçilərimiz dünyanın ən müasir idman qurğuları ilə təchiz edilmiş Bakı Veloparkının və ümumiyyətlə, Azərbaycan paytaxtının gözəlliyinə heyran qalıblar. Meksikalı velosipedçilər dünya çempionatında “Challenger” kateqoriyasında mübarizə apardılar. Velosipedçilərimizin, eləcə də Avropa, Latın Amerikası, Asiya və Afrika qitələrini təmsil edən ölkələrin nümayəndə heyətlərinin qalmaları və rahatlığı üçün hər cür şərait yaradılıb. Bizim idmançılarımız - 8 yaşlı Jonatan Alvarado, 13 yaşlı Daniel Morales və 44 yaşlı Rodriqo Karrilyo çempionatda uğurla iştirak etdilər. Daniel Morales dörddəbir finala yüksəlsə də, təəssüf ki, daha sonra toqquşduğu üçün yarışı başa çatdıra bilmədi. Rodriqo Karrilyo isə üçüncü yer tutaraq reytinq siyahısında öz nəticəsini yüksəltdi”.
Müsahibədə Azərbaycan-Meksika əlaqələrinə də toxunan diplomat deyib: “Meksika nümayəndə heyətinin iştirakı imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi ölkələrimiz arasında münasibətlərin inkişafının mümkün imkanlarını nümayiş etdirir. Bu, Azərbaycan ilə idman sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün mühüm vasitədir. Meksika idmançıları Azərbaycanda keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Rodriqo Karrilyodan başqa, atıcılıq idmanında mübarizə aparan idmançımız Alexandra Zavala Qələbədə keçirilən beynəlxalq turnirlərdə medalçılar sırasına düşə bilib. O, 2014-cü ildə qızıl, 2016-cı və 2017-ci ildə isə bürünc medal qazanıb.
Bundan başqa, Formula 1 idmanında yarışan Serxio Peres (“Force India”) Azərbaycandakı Qran-Prilərdə uğurla çıxış edib. O, 2016-cı və 2018-ci illərdə təşkil olunan Qran-Prilərdə üçüncü yeri tutub”.