Azərbaycan qırıcısı Rusiya tərəfindən REM sisteminin tətbiqi nəticəsində dənizə düşüb? - İDDİA

Baxış sayı:
2530

İyulun 24-də itkin düşmüş Azərbaycan HHQ-nin MiQ-29 qırıcı təyyarəsinin axtarışları davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin 27 iyul tarixli məlumatına görə, Xəzər sahili yaxınlığında axtarışlar aparılır. Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə dənizə düşüb. Pilotun taleyi, eləcə də qəzanın baş verdiyi dəqiq yer məlum deyil. Muxalifet.az xəbər verir ki, "Turan"ın məlumatına əsasən, Azərbaycan HHQ-nin iyulun 24-də axşam itkin düşən MiQ-29 qırıcı təyyarəsinin Rusiya tərəfindən radioelektron mübarizə (REM) sisteminin tətbiqi nəticəsində qəzaya uğradığı istisna deyil. Bu fikri Turan agentliyinə vəziyyətlə tanış olan hərbi mənbə bildirib. Məlumata görə, təyyarə Azərbaycan-Rusiya sərhədi yaxınlığında sahildən 70 km məsafədə dənizə düşüb. Hazırda Rusiya HDQ-nin öz ərazisində REM sisteminin tətbiqi üzrə təlimlər aparması da təyyarə qəzası ilə bağlı bu versiyanın xeyrinə dəlalət edir. Amma hələlik bu versiyanın rəsmi təsdiqi yoxdur.