Azərbaycanda toylar niyə zəhərlənmə ocağına çevrilib? - Bu qidalara diqqət!

Baxış sayı:
12216

Yay aylarında qida zəhərlənmələri çox tez-tez baş verir. Son vaxtlarda isə Azərbaycanda zəhərlənmə kütləvi hal almağa başlayıb. Dünən İsmayıllıda və Şəkidə toya gedənlər kütləvi şəkildə zəhərləniblər.
Bəs zəhərlənmə hallarından yayınmaq üçün nələr etmək lazımdır?
Qida Təhlükəsizliyi Agentliyinin qida məhsulları üzrə mütəxəssisi Ramazan Nəbiyev “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, zəhərlənmə bir sıra qaydalara əməl etmədikdə baş verir:
“Qida zəhərlənmələrinə səbəb olan faktorlar arasında kimyəvi maddələr, təbii qida toksinləri müxtəlif parazitlər və mikroorqanizmlər sayıla bilər. Mikroorqanizmlər içərisində xüsusilə bakteriyalar qida qaynaqlı bir çox xəstəliklərin səbəbkarıdır. Yay aylarının mikroroqanizmlər inkişafı üçün daha əlverişli olması və gigiyenik baxımdan uyğun olmayan şəraitdə hazırlanan qidalarda belə mikroorqanizmlərin sürətlə çoxalması qida zəhərlənmələrinə səbəb olur. Qida zəhərlənmələrindən qaçınmaq üçün istehlakçıların və ictimai iaşə müəssisələrində çalışanların riayət etməli olduğu müəyyən qaydalar var. Bunlardan ən əsaslarını sadalasaq, ümumiliyyətlə hər növ qida məhsulunu satın alarkən etiketdə yer alan məlumatlarla tanış olmaq, istehsal tarixinə, yararlılıq müddətinə və saxlama şəraitinə mütləq diqqət yetirmək lazımdır. Konserva məhsullarını satın alarkən alt-üst qapaqları şişmiş zədələnmiş məhsulları almamaq və belə məhsullar barəsində ticarət şəbəkəsinə məlumat vermək lazımdır ki, həmin məhsullar satışdan kənarlaşdırıla bilsin. Pastelizə edilməmiş və ya qaynadılmamış süd və süd məhsullarını qətiyyən istifadə etməmək lazımdır. İçmə sularını etibarlı qaynaqlardan əldə etmək lazımdır. Hər hansı şübhə baş verdikdə suyu qaynadıb içmək lazımdır. Xüsusilə yay aylarında çöldə açıq şəkildə satılan məhsulların istehlakından qaçınmaq lazımdır. Qida məhsulları satın alındıqdan sonra otaq temperaturunda və açıqda saxlamaq olmaz. İstifadə edilənədək soyuducuda, bişmiş və çiy məhsullar bir-birilə təmas etmiyəcək formada saxlanılmalıdır. Bundan başqa meyvə və tərəvəz məhsulları tutulmadan istifadə edilməməlidir. Dondurulmuş  saxlanılmış məhsulların donu mütləq soyuducu da açılmalıdır”.
Mütəxəssis qeyd edib ki, vətəndaşlar ictimai-iaşə obyektlərində hər hansı nöqsanla rastlaşsalar, həmin müəssisələrdə qidaların tərkibi, keyfiyyəti ilə bağlı hər hansı şübhələri olsa, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.