Azərbaycanda turistin başına "oyun" açdılar – QALMAQAL

Baxış sayı:
6162

Sosial şəbəkələrdə özəl turizm şirkətlərindən birinin vətəndaşları aldatması barədə informasiya yayılıb.
Belə ki, vətəndaş Leyla Məmmədli “İntravel.AZ” şirkətindən şikayətçi olduğunu bildirib. Ailəsi ilə birgə Antalyaya səyahət etməyə hazırlaşan xanım turist hava limanına çatanda gözləmədikləri xəbəri alıblar. Antalyaya uçmaq üçün öncədən biletin pulu ödənilib, otel “bron” edilsə də, məlum olub ki, ortada nə bilet var, nə də otel.
Şikayətçi turistin sözlərinə görə, həmin şirkətin dələduzluğu ilə bağlı hazırda 20-dən çox vətəndaş əziyyət çəkir.
BiG.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə mövzu ilə bağlı Modern.az-ın sorğusunu cavablandırıb. O bildirib ki, məlum hadisə ilə bağlı araşdırmalara başlanılıb:
“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu məsələ ilə bağlı araşdırma aparıb. Şirkətdən alınan məlumata əsasən, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları məlumatlıdırlar. Şirkətin rəhbərliyinin sözlərinə görə, vətəndaşları aldadan şirkətin keçmiş işçisi olan xanımdır. Həmin xanım işdən uzaqlaşandan sonra bir neçə vətəndaşdan ofisdən kənar yerdə ödənişlər toplanıb. Ödənişləri toplayan xanım tərəfindən həmin vətəndaşlara nə çek və qəbz verilib, nə də hər hansı məlumatlar haqqında bir söz deyilib”
Agentlik rəsmisi bildirib ki, vətəndaşları aldadan qadın – “İntravel.AZ”ın keçmiş satış müdiri Nərgiz Məmmədova qanun qarşısında cavab verəcək:
“Şirkət iddia edir ki, həmin xanım keçmiş işçidir və vətəndaşları aldatmaqla məşğul olub. Hazırda həmin xanımla bağlı araşdırmalara baslanılıb”.