Bakı metrosunda sıxlıq yarandı - FOTO

Baxış sayı:
6373

Bu gün səhər saatlarından başlayaraq, “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında qatarların hərəkətində ləngimə müşahidə edilir. Hətta “Xalqlar Dostluğu” stansiyasından “İçərişəhər” istiqamətinə gedən qatar saat 08:10 radələrində 10 dəqiqəyədək platformada dayanıb. Həmin ərəfədə isə sərnişinlərin sayı durmadan artıb və platformada izdiham yaşanıb. Eyni hal digər stansiyalarda da müşahidə edilib, insanlar vaqonlara minməkdə çətinlik çəkib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib:
“Nəzərinizə çatdırım ki, qatarların hər hansında texniki nasazlıq olmayıb. Sadəcə bu gün sərnişinlərin sayı həddindən çoxdur”.
B.Məmmədov bildirib ki, buna səbəb hərəkət istiqaməti dəyişdirilən avtobuslarla bağlıdır.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyasında dəyişiklik edib.