​Bakıda narkotiki blokların girişində belə gizlədiblər -NARKOTACİRDƏN DƏHŞƏTLİ İFADƏ

Baxış sayı:
8950

Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən 3 nəfərin cinayət işi üzrə məhkəmə davam edib.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Şəmistan Mustafayevin istintaqa ifadəsi elan edilib. Onun ilk ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olub.
O, ilk ifadəsində Ələkbər Məmmədovla tanış olduğunu və birlikdə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olduqlarını deyib. Bu məqsədlə bir dəfə Türkiyəyə gedərkən orada ekstazi istifadə ediblər. Daha sonra isə onlar ekstazini Bakıya gətirməyi və satmağı planlaşdırıblar.
Şəmistan Mustafayev istintaqdakı ifadəsində göstərib ki, Ələkbər Məmmədovla müxtəlif şəxslərə ekstazi satıblar. O, ekstazini 15 manata Ələkbərdən alıb və 20 manata ayrı-ayrı şəxslərə satdığını etiraf edib. Ş.Mustafayev söyləyib ki, ekstazini satarkən adətən müştəri ilə üzbəüz görüşməyib. Belə ki, ekstazini əvvəlcədən planlaşdırdığı yerə qoyub və müştəriyə məlumat verib. Müştəri də pulu ödəmə terminalları vasitəsi ilə etdikdən sonra ekstazini qoyulan yerdən götürürmüş.
Ş.Mustafayev həmin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu da etiraf edib. Amma Ş.Mustafayev məhkəmədə həmin ifadəsini təsdiqləmədiyini, təzyiqlə ifadə verdiyini söyləyib.
Təqsirləndirilən Cəlal Qasımovun istintaqa ifadəsi elan edilib. O, Ələkbər adlı şəxsi tanıdığını və satmaq üçün bir neçə dəfə ondan ekstazi aldığını deyib.
Cəlal Qasımov da bu ifadənin yalan olduğunu söyləyib. Qeyd edib ki, müstəntiqə istifadə məqsədi ilə ekstazi aldığını deyib. Məlum olub ki, Cəlal ifadəsində Ələkbərlə telefonda danışarkən ekstazi həbinə "eki" deyirmişlər.
Cəlal da ifadəsində göstərib ki, ekstazini yaşayış binalarının bloklarının girişlərinə yerləşdirirmişlər. Pulu ödəmə terminalı vasitəsi ilə ələ keçirəndən sonra müştəriyə ünvanı deyirmişlər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər dəfələrlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Bu məqsədlə ilk dəfə Türkiyəyə gedərək orada müxtəlif şəxslərlə görüşüblər. Qeyd edilən həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə nəfər Türkiyə vətəndaşı da var.
Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu, Mustafayev Şəmistan Əli oğlu və Qasımov Cəlal Sübhan oğlu 2017-ci il martın 15-də saxlanılıblar.
Məlumata görə, araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb./lent.az/