Bakıda soyqırım abidəsi ilə bağlı mühüm - Təklif

Bakıda ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərini özündə əks etdirən soyqırım muzeyinin yaradılması vacibdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında 31 Mart soyqırımının ildönümü ilə bağlı çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayət və soyqırımlarla bağlı məlumat dünyada daha geniş yayılmalıdır:
“Bir neçə gün əvvəl dəvətimizlə ölkəmizdə səfərdə olan xarici qonaqlarla görüşdə onlara ermənilərin 20-ci əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi dəhşətli faciələr, 20-ci əsrin sonunda Qaradağlıda, Xocalıda törətdiyi dəhşətli soyqırım, Bağanis-Ayrım, Ağdaban faciəsi ilə də bağlı geniş məlumat verdiyimiz zaman onlar bu cinayətləri özündə əks etdirən muzeyin olub-olmaması ilə maraqlandılar”.
Deputat qeyd edib ki, çoxları bir sıra cümhuriyyət qurucularının məhz erməni quldurları tərəfindən qətlə yetirildiyini bilmir:
“İstanbulda səfərdə olduğum zaman ermənilərin “Daşnaksütyun” terror təşkilatının üzvü Misak Torlakyanın qətlə yetirdiyi AXC qurucularından, sabiq daxili işlər naziri, Qarabağ xanının nəvəsi Behbud xan Cavanşirin məzarını ziyarət etdik. Onu qətlə yetirənlər ədalət qarşısında cavab vermədilər. Biz onların tarix qarşısında cavab verməsinə nail olmalıyıq. Bu, erməni yalanlarına qarşı mübarizədə də çox vacib bir məsələdir”.