Bakıya gözlənilən azarkeş axını olmaya bilər – “Arsenal”-“Çelsi” matçının biletləri satılmayıb

Baxış sayı:
8476

UEFA-nın Britaniyanın “Çelsi” və “Arsenal” klublarına Avropa Liqasının final oyunu üçün verdiyi biletlərdən 4000-i Bakıya göndərilib.

Muxalifet.az xəbər verir ki, bu haqda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “BBC News Azərbaycanca”ya deyib.
Satılmayan biletlərin Bakıya göndərilməsi üçün AFFA özü müraciət edib, qurumun sözçüsü Firuz Abdulla bildirib.
UEFA və “Arsenal” klubundan biletlərin satılmama səbəbləri barədə şərh almaq mümkün olmayıb. “Çelsi” futbol klubundan “BBC News Azərbaycanca”ya deyilib ki, "biletlər haqda məlumatlar paylaşılmır".
Britaniya mətbuatında yayılan xəbərlərdə “Arsenal” və “Çelsi” futbol klublarına ayrılan biletlərin yarısının geri qaytarıla biləcəyi haqda məlumatlar əksini tapıb.
Mayın 29-da UEFA Avropa Liqasının finalında “Çelsi” və “Arsenal” klubları Bakının Olimpiya Stadionunda qarşılaşacaq.
 
"UEFA-ya müraciət etdik ki..."
 
““Arsenal” futbol klubu UEFA-nın ona verdiyi 6 min biletdən öz azarkeşlərinə 4500, “Çelsi” isə 6 min biletdən 3500-nü satıb. Biz finala az vaxt qalmasını nəzərə alaraq UEFA-ya müraciət etdik ki, Azərbaycanda biletə tələbat çoxdur və yerli azarkeşlər də bu oyuna baxmaq istəyir. Bildirdik ki, əgər orada satış gecikirsə, biz biletləri Azərbaycanda sata bilərik. UEFA da bizimlə razılaşdı və biletləri Bakıya göndərdi", - AFFA rəsmisi deyib.
Cənab Abdulla onu da qeyd edib ki, Bakıya gətirilən biletlər artıq dünəndən etibarən satışa qoyulub.
Firuz Abdulla final oyununa, ümumilikdə, nə qədər biletin satıldığının hələ ki, məlum olmadığını, lakin biletlərin onlayn satışa çıxarılanda 21500 ədədinin satıldığını qeyd edib. Bakı Olimpiya Stadionunda 68700 yer mövcuddur.
 
Səbəb nə ola bilər?
 
Britaniya mediası yazır ki, oyunun keçiriləcəyi yerin - Bakının İngiltərədən uzaq olması, Azərbaycana birbaşa uçuşları həyata keçirən yeganə hava yollarına bilet tapılmaması və ümumilikdə, oyuna baxmaq üçün səyahət xərclərinin baha olması azarkeşləri narazı salıb.
Mayın əvvəlində hər iki klub hərəsinə 6000 biletin ayrılmasından narazı qalıb.
“Arsenal” bilet sayının azlığına görə bu mövsümdə Avropa Liqasını izləmiş azarkeşlərin, eləcə də kluba illərlə pərəstiş edənlərin 29 may matçını izləməsinə maneə yaradacağını deyərək dəstəkçilərindən "onları başa düşməyi xahiş edib".
Həmin vaxt “Arsenal” həmçinin deyib ki, "fövqəladə səyahət problemlərini nəzərə alaraq 6000 “Arsenal” azarkeşinin oyunu izləyib-izləməyəcəyini zaman göstərəcək".
“Çelsi”-nin azarkeş qrupu 6000-lik yer ayrılmasını "tamamilə qeyri-adekvat" kimi təsvir edib.
UEFA məkanın iki il əvvəl seçildiyini diqqətə gətirib və bildirib ki, həmin vaxt hansı klubun finala seçiləcəyini bilmək mümkün deyildi.
"Bunu və ən əhəmiyyətlisi, coğrafi məkanı və ev sahibliyi edən şəhərdə və ondan ətrafda hava limanlarının daşıma gücünü nəzərə alaraq təxminən 15 000 izləyicinin (finalçıların azarkeşləri və ümumi izləyicilər) xaricdən gələcəyi hesab edilmişdir".
Bu səbəbdən "iştirakçı komandaların azarkeşlərinə, onların Bakıya müvafiq səyahətləri üçün zəmanət olmadan əlavə bilet təklifi məsuliyyətli seçim kimi qəbul edilməyib", UEFA-nın bəyanatında deyilir.
Londondan Bakıya birbaşa uçuşları həyata keçirən yeganə şirkət - Azərbaycan Hava Yollarından bildirilib ki, "Azərbaycana çoxlu sayda çarter reysləri açılıb və onlar təkcə AZAL-a aid deyillər".
"Müxtəlif hava yolları Londondan birbaşa olaraq həm çarter reysləri, həm də əlavə reyslər həyata keçirəcəklər. Biz bütün reysləri qəbul etməyə hazırıq. Qiymət siyasəti isə sifarişçi şirkətə aiddir", AZAL-ın sözçüsü Paşa Kəsəmənski qeyd edib.
Klublardan qalan biletlərin satılmama səbəbləri barədə məlumat almaq mümkün olmayıb.

Muxalifet.az