​Bayıl sürüşmə sahəsində yeni araşdırmalara başlanılacaq

Baxış sayı:
4138

Bir neçə gün sonra Bayıl yamacında yeni geoloji araşdırmalara başlanılacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Onun sözlərinə görə, geoloji araşdırma üçün evlərdə mayaklar qurulacaq: “Bayıl sürüşmə sahəsində digər geoloji kəşfiyyat işləri aparmağımız üçün bəzi texniki məsələlərin həllini gözləyirik. Ondan sonra kəsiklərin çıxarılması, geofiziki işlər, elektrik və seysmoloji kəşfiyyat həyata keçiriləcək. Texniki məsələlərin yaxın günlərdə həll edilməsini gözləyirik. Sahədə mayak qurulması mümkün deyil. Ona görə evlərdə mayak quracağıq”.
Ə.Qaralov onu da bildirib ki, hazırda Lənkəran rayonu ucqar dağ kəndi Gəgiran sürüşmə sahəsində monitorinq aparır.
“Fevralın əvvəlində sürüşmə nəticəsində yolun 40 metrə yaxın hissəsində 1 metr enində çatlar yaranması barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında araşdırma aparılır. Təkcə qeyd olunan sahə deyil, cənub bölgəsində bir sıra aktiv sürüşmə zonalarında monitorinqlər davam etdirilir. Bakıda bir neçə gün əvvəl Badamdardan 20-ci sahə istiqamətindəki yol kənarında sürüşmə hadisəsi ilə bağlı araşdırma aparıldı. Məlum oldu ki, buna səbəb kanalizasiya borusunun partlamasıdır. Yamacın maili olması və sürüşməyə meyilli olması səbəbindən torpaq qatı yuyulub, yola tökülmüşdü. Borunu təmir edəndən sonar problem aradan qaldırıldı”.
Ə.Qaralov onu da əlavə edib ki, respublikanın bütün sürüşmə sahələrində aparılan monitorinqlərin nəticələri yaxın günlərdə açıqlanacaq./Publika.az