Bazarlarda GMO təhlükəsi: Qarşısı necə alınacaq?

Baxış sayı:
4855

Bu gün bazarlarımızda və iri ticarət mərkəzlərində pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO (genetik modifikasiya olunmuş) məhsullarıdır.
Bu sözlər “Respublika” qəzetində genetik modifikasiya olunmuş məhsullar barədə dərc olunmuş məqalədə yer alıb.
Məqalədə qeyd edilb ki, son 15-20 il ərzində GMO məhsullar bəşəriyyətin qarşısında, o cümlədən Azərbaycanda olduqca təhlükəli problemə çevrilib. Məsələn, soyuğa və xəstəliyə davamlı olması üçün kartofa əqrəb, qidalı olması üçün düyüyə insan, şaxtaya davamlı olması üçün pomidor və çiyələyə balıq genləri, banana analgin və s. vururlar.
Yazıda bildirilib ki, ən təhlükəlisi isə uşaq qidaları genlərinin dəyişdirilməsidir (dondurma, kolbasa, sosiska, makaron, ət məhsulları və s.) GMO məhsullar insanlarda tədricən cürbəcür xəstəliklər yaradır, hətta sonsuzluğa, xərçəngə gətirib çıxarır. Bu, artıq bütün dünyada həkimlər (mütəxəssislər, laboratoriyalar) tərəfindən birmənalı olaraq qəbul olunub, təsdiqlənib.
Hazırda 40-a yaxın ölkə nəinki GMO məhsullarını, hətta onun toxumlarını (tinglərini) də öz sərhədlərindən buraxmır. Azərbaycan da bu sahədə hüquqi tədbirlərə əl atıb. 2000-ci ildən BMT-nin “Bioloji müxtəlifliyə dair” konsepsiyasına, 2005-ci ildən isə bu konsepsiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartogen protokolu”na qoşulub. Həmin protokola əsasən, Azərbaycan GMO məhsullarını, bu mənşəli ərzaq mallarını və onların toxumlarını öz ərazisinə buraxmamalıdır.
Həmçinin 13 iyun 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüatı haqqında” Qanun qəbul edib. Sonrakı illərdə bu Qanuna müəyyən dəyişikliklər edilib, o cümlədən respublikanın Baş naziri A.Rasizadə 28 mart 2014-cü ildə həmin qanundan irəli gələn bəzi hüquqi aktları imzalayaraq qərara dəyişiklikləri təsdiqləyib. Başqa sözlə, bu qərar GMO məhsullarının ölkəmizə gətirilməsini qəti qadağan edir. Qanuna əlavə edilmiş bu dəyişikliklər tələb edir ki, məhsulların etiketi üzərində həmin məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə olunması haqqında məlumatlar (lövhələr) əks olunsun. Deməli, ölkəmizdə GMO məhsullara qarşı lazımi hüquqi baza var.
 
Bəs real vəziyyət?
 
Təəssüf ki, bu gün bazarlarımızda (iri ticarət mərkəzlərində) pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO məhsullarıdır.
GMO məhsullarla mübarizədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin bəzi qurumları səmərəli işləyə, aktiv ola bilmədilər. Cənab Prezident də bu qurumların bazalarında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə müvafiq sərəncam imzaladı. Yeni qurum GMO təhlükəsini ram edə biləcəkmi? İndi gözlər böyük ümidlə təzə yaradılan agentliyə dikilib.