Beynəlxalq bankın işçiləri MƏHKƏMƏDƏ SUSDULAR – 118 min manat

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Rüfət Muradov və Qoxmaz Vəliyev özlərini qismən təqsirli biliblər. Lakin onlar məhkəmədə ifadə verməkdən imtina ediblər.
Növbəti proses mayın 22-də davam edəcək.
İttihama görə, Rüfət Muradovla Qorxmaz Vəliyev vəzifədə işlədikləri dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyiblər. Hər iki təqsirləndirilən şəxs zərərçəkmişlərə qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.