Bin Ladenin ölüm xəbəri yayılan oğlu haqda İLGİNC FAKTLAR

3-cü dəfə “öldü” xəbəri yayılan Həmzə atasının 65 ölkədə “filialları” olan təşkilatına rəhbərlik edə bilər
ABŞ rəsmiləri “Əl-Qaidə” lideri Usamə bin Ladenin oğlu Həmzə bin Ladenin öldürüldüyünü açıqlayıb. Qeyd edək ki, bu ilin əvvəlində ABŞ Dövlət Departamenti “Ədalət üçün Mükafat Proqramı” (RFJ) çərçivəsində Həmzə bin Laden haqqında məlumat verən şəxsə 1 milyon dollar mükafat təyin etmişdi. ABŞ hökuməti oğul bin Ladenin “Əl-Qaidə”nin yeni lideri olduğunu bildirmişdi.
2015-ci ildə ilk dəfə üzə çıxan Həmzə atasının qisasını alacağına and içmişdi. Bu video sürətlə yayılmışdı və iki il əvvəl ABŞ hökuməti onu “terror siyahısı”na daxil etdi. Bu ilin martında isə Səudiyyə Ərəbistanı Həmzəni vətəndaşlıqdan çıxarmışdı.
“Əl-Qaidə”nin hazırkı lideri Ayman əz-Zəvahiri 2015-ci ildə yaydığı videoda Həmzə bin Ladeni tərifləyərək “yuvadan bir aslan” kimi çıxdığını demiş və onun təşkilatda mühüm vəzifələrə gəldiyini bildirmişdi. Həmzə özü isə yaydığı açıqlamasında ABŞ və müttəfiqlərinə hücumlar etməyə çağırış edib. Bir sıra analitiklərə görə. Həmzənin parlaması “Əl-Qaidə”nin keçmiş nüfuzunun bərpa olunmasına xidmət edə bilərdi. Çünki onun çağırışlarından sonra bir çox keçmiş “Əl-Qaidə” üzvü geri dönüb.
Ancaq görünür amerikalılar onun bu qədər təhlükəli olduğunu düşünərək məhv etməyə çalışıblar. Həmzə bin Ladenin hansı şəraitdə öldürüldüyü bilinmir. ABŞ Dövlət Departamentinin rəsmisi Maykl Evanoff verdiyi açıqlamada Həmzə bin Ladenin ehtimal ki, Əfqanıstan-Pakistan sərhədində olduğunu, ancaq bu məlumatın dəqiq olmadığını, Həmzənin İrandan Cənubi Asiyaya qədər müxtəlif bölgələrdə ola biləcəyini deyib.
Usamə bin Ladenin 20 uşağından 15-cisi olan Həmzə “Əl-Qaidə” ilə eyni ildə - 1989-cu ildə doğulub. Haqqında çox məlumat yoxdur. Ehtimal olunur ki, 1996-cı ildə atası ilə birlikdə Əfqanıstana köçüb. Bundan başqa onun Səudiyyə Ərəbistanı və Sudanda yaşadığı güman edilir. 1996-cı ildə Taliban Kabili ələ keçirərək Əfqanıstanda radikal islamçı rejim qurmuşdu. Həmzə uşaq yaşlarında atası ilə birlikdə “Əl-Qaidə”nin bir neçə təbliğat roliklərində çəkilib. Həmzənin anası Usama bin Ladenin 3-cü həyat yoldaşı Xeyriyyə Sabardır. Sabar 2011-ci ilin mayında ABŞ xüsusi təyinatlıları Usama bin Ladeni Pakistanın Abbotabat şəhərindəki evində öldürənə qədər onun yanında yaşayıb.
Həmzə bin Laden uzun illər Əfqanıstan və Pakistanda yaşayıb. 2001-ci il 11 sentyabr hadisələrində Nyu-Yorkda əkiz qüllələri hədəfə alan təyyarələrdən birində olan terrorçu Məhəmməd Attanın qızı ilə evləndiyi bildirilir.
Amerikalılar Həmzənin bir müddət İranda gizləndiyini ehtimal edir. Ancaq İran rəsmiləri bu məlumatı təkzib edirlər. Ehtimallara əsasən Həmzə atasının ölümündən sonra Əfqanıstan-Pakistan sərhədində tayfaların nəzarətində olan bölgədə yaşayıb. Hətta Suriyada müharibə başlayandan sonra bir neçə dəfə bu ölkəyə getdiyi də ehtimal olunur.
Qeyd edək ki, bu günə qədər iki dəfə Həmzə bin Ladenin ölüm xəbəri yayılıb. Ancaq bir müddət sonra xəbər təsdiqini tapmayıb. İndi isə növbəti dəfə amerikalılar Həmzənin ölüm xəbərini yaydılar. Maraqlıdır ki, bu dəfə ölüm xəbəri məhz “Əl-Qaidə”nin fəallaşması ilə bağlı xəbərlərin fonunda yayılıb. ABŞ Konqresi Nümayəndələr Palatasında dinləmələr zamanı Dövlət Departamentinin terrorla mübarizə məsələləri üzrə koordinatoru Nathan Sayles deyib ki, terror təşkilatı son illərdə daha da güclənib və tərəfdarlarının sayını artırıb.
Son illərdə İŞİD-in daha çox diqqət mərkəzində olduğunu qeyd edən ABŞ rəsmisinin sözlərinə görə, nisbətən kölgədə qalan “Əl-Qaidə” zəif dövlət hakimiyyəti, münaqişə zonaları və beynəlxalq təhlükəsizlik sistemindəki boşluqlardan istifadə edərək yeni tərəfdarlar toplayıb, terror hücumları hazırlayır. Amerikalı ekspert deyib ki, hazırda “Əl-Qaidə” şəbəkəsinin gücü 11 sentyabr hadisələri zamanında olduğundan daha çoxdur. Və bu açıqlamadan qısa müddət sonra isə növbəti - üçüncü dəfə Həmzənin ölüm xəbəri yayılıb.
Məsələ ondadır ki, terroru araşdıran bir sıra ekspertlər hesab edir ki, atasının varisi yaşlı Ayman əz-Zəvahiri və İraqda məğlub olmuş İŞİD lideri Əbubəkr əl-Bağdadi ilə müqayisədə oğul bin Laden daha xarizmatik və perspektivli lider təsiri bağışlayır. Üstəlik, İŞİD-in məğlubiyyətindən sonra əl-Qaidənin nüfuzunun artması gözlənilən idi. Belə anlaşılır ki, Qərb ölkələrinin yeni hədəfi qarşıdakı illərdə “Əl-Qaidə” olacaq. Əlbəttə ki, Həmzənin ölüb-ölməməsinin buna müəyyən təsiri olacaq.
Xatırladaq ki, bir zamanlar dünyanın ən böyük terror təşkilatı hesab olunan “Əl-Qaidə” bəzi məlumatlara görə, 1988-ci, bəzilərinə görə, 1989-cu ildə Pakistanın Əfqanıstanla həmsərhəd Pişəvər şəhərində yaradılıb. O illərdə Pakistanın Əfqanıstanla həmsərhəd olan digər bölgələri kimi Pişəvər sovetlərə qarşı cihad müharibəsinin əsas düşərgələrindən biri idi.
Əfqanıstanda sovetlərə qarşı başlayan cihad hərəkatı digər müsəlman ölkələrindəki islamçıları da özünə cəlb edirdi. “Əl-Qaidə”nin gələcək lideri Usama bin Laden 1980-ci illərin əvvəlində Avropada təhsilini, lüks həyat tərzini buraxıb Əfqanıstana cihada gələn varlı ərəb gənclərindən biri idi. Əfqan müharibəsi başa çatdıqdan sonra mücahidlərə xarici dəstək böyük ölçüdə dayanır və sovetlərə qarşı birgə savaşan qüvvələr iqtidar uğurunda bir-birilərinə qarşı savaşmağa başlayır.
Belə bir vaxtda bin Laden “Əl-Qaidə”ni yaradır. İlk illərdə “Əl-Qaidə” Əfqanıstanda o qədər də məşhur olmur, bin Laden isə Əfqanıstandan Səudiyyə Ərəbistanına qayıdır. Daha sonra isə Afrikaya gedən bin Laden Somalidə fəaliyyət göstərir. 1996-cı ildə “Taliban” Əfqanıstanın paytaxtı Kabil də daxil olmaqla, böyük hissəsini işğal edib dövlət elan etdikdən sonra “Əl-Qaidə” yenidən fəallaşır. 1998-ci ildə “Əl-Qaidə” Keniya və Tanzaniyada ABŞ səfirliklərinə qarşı törədilən terror aktlarını sifariş edir. 2001-ci ildə isə ABŞ-da eyni gündə Nyu-York şəhərində “əkiz qüllələr”, Pentaqon binası qaçırılmış təyyarələr vasitəsilə vurulur. Bundan sonra ABŞ beynəlxalq terrora, “Əl-Qaidə”yə qarşı cəbhə açır, bin Ladeni təhvil verməyən “Taliban”ı cəzalandırmaq üçün Əfqanıstana ordu yeridir və ölkə işğal olunur.
ABŞ-ın Əfqanıstanı və iki il sonra İraqı işğal etməsi ilə bu ölkələrdə silahlı islamçı qrupların fəaliyyətinə təkan verir. Eyni zamanda “Əl-Qaidə” artıq Əfqanıstan və Pakistan sərhədlərindən çıxaraq dünyanın müxtəlif regionlarında terror hücumları təşkil edir. Həmin vaxt ABŞ rəsmiləri “Əl-Qaidə”nin dünyanın 65 ölkəsində tərəfdarlarının olduğunu bildirirdi. Pakistandakı “Əl-Qaidə” müttəfiqləri “Ləşkəre-Janqvi” və “Leşkere-Taiba”, Filippində “Əbu Səyyaf” qruplaşması, İndoneziyada “Camah İslamiyyə” qruplaşması, Keniyada, Tanzaniyada “Əl-Qaidə” bölmələri, Nigeriyada isə “Boko Haram” qruplaşması və nəhayət “ərəb baharı” sonrası İŞİD, “ən-Nusra” kimi bir sıra törəmə qruplaşmalara “Əl-Qiadə”yə bağlı olub. Eyni zamanda Ərəbistan yarımadasındakı “Əl-Qaidə” 2009-cu ildə Yəmən və Səudiyyədəki islamçı şəbəkələrin birləşməsi nəticəsində yaranıb. “Əl-Qaidə”nin Afrika qolu olan “İslam Məğribindəki ”Əl-Qaidə" Əlcəzair, Mali və Nigerdə fəaliyyət göstərir.
“Əl-Qaidə”nin növbəti dəfə parlaması “ərəb baharı”ndan sonraya təsadüf edir. “Ərəb baharı” nəticəsində Liviya, Suriya, İraq, Yəmən kimi ölkələrdə baş qaldıran vətəndaş müharibələri “Əl-Qaidə” kimi cihad ideologiyalı təşkilatlar üçün münbit zəmin idi. Bu səbəbdən də çox tezliklə Liviyada, Suriyada, İraqda, o cümlədən Yəməndə “Əl-Qaidə” fəallaşdı.
“Əl-Qaidə”nin Suriya və İraqda iki qanadı fəaliyyət göstərib. Ancaq hazırda təşkilatın Suriyadakı əsas təmsilçisi məhz “Ən-Nusra” cəbhəsi, ya da indiki adı ilə “Fəth əş-Şam” qruplaşmasıdır. “Ən-Nusra” Cəbhəsi 2011-ci il sentyabr ayında Suriyada yaradılıb. İlk dəfə 2012-ci il yanvarın 23-də adı elan olunub. Həmin vaxt təşkilatın tam adı “Cabhat an-Nusra li-əhli-Şam” Şam Əhli üçün Yardım Cəbhəsidir. “Əl-Qaidə”nin Suriya qoludur. Qruplaşma lideri Əbu Muhəmməd əl-Culani 2013-cü ilin aprel ayında verdiyi bəyanatda məqsəd və vəzifələrinin digər islamçı qruplaşmalara dəstək olmasına baxmayaraq, “Ən-Nusra”nın müstəqil bir təşkilat olduğunu bildirib. Həmin ilin noyabrında isə “Əl-Qaidə” lideri Ayman əz-Zəvahiri “Ən-Nusra” Cəbhəsini rəhbərlik etdiyi təşkilatın Suriyadakı yeganə qanuni təmsilçisi elan edib.
“Ən-Nusra” Cəbhəsi bütün dünyada terror təşkilatı kimi tanınır. ABŞ və bir sıra dövlətlər tərəfindən terror təşkilatı siyahısına salınıb. “Ən-Nusra” Suriyada 3 ən güclü silahlı təşkilatdan biri hesab olunur. Bəzi məlumatlara görə, Nusra Cəbhəsinin 6-10 min arası döyüşçüsü var. Hazırda təşkilat əsasən Suriyanın şimalında - İdlib vilayətində möhkəmlənib.
Göründüyü kimi, hazırda müsəlman dünyasında mövcud olan münaqişələrdə iştirak edən silahlı terror qrupları bu və ya digər formada “Əl-Qaidə” ilə bağlantılıdır və ya onun “şinelindən çıxıb”. İraq və Suriyada müharibə başa çatdıqdan sonra bu qrupların yenidən “Əl-Qaidə” örtüyü altında birləşməsi təhlükəsi var./musavat.com/