“Borçalı” İctimai Birliyinin sədr müavinin ailə üzvlərinə təzyiq olunur

Gürcüstan xüsusi xidmət orqanları Kamran Xəlilovun Faxralıdakı evinə gecə saatlarında basqın edib, qardaşı döyülüb, anasına qarşı kobud rəftar olunub
“Borcalı” İctimai Birliyinin bir neçə ay öncə fəaliyyətini bərpa etməsi Gürcüstan hakimiyyətini ciddi narahat edib.
Muxalifet.az-ın əldə etdiyi məlumata görə, Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşları qurumun rəhbər heyətində təmsil olunan şəxslərlə bağlı araşdırma aparmağa başlayıb. Bu araşdırma çərçivəsində “Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədovun Gürcüstana girişinin rəsmən qadağan olunduğu haqda dəyərli oxucularımıza artıq məlumat vermişik.
Əldə etdiyimiz digər məlumata əsasən, “Borçalı” İB-nin İdarə Heyətinin üzvləri də Gürcüstan hakimiyyətinin “qara siyahı”sına salınıb. Xüsusən də Kərəm Məmmədovun Xaricdə Yaşayan Soydaşlarla Əlaqələr üzrə müavini Kamran Xəlilovun (Güllər) ciddi təzyiqlərə məruz qaldığı haqda informasiyalar var. Hazırda Azərbaycanda yaşayan K.Xəlilovun Gürcüstana qayıdacağı halda həbs ediləcəyi də deyilir.
Dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, Kamran Xəlilov Gürcüstan vətəndaşı olduğundan, hakimiyyətin Kərəm Məmmədovdan fərqli olaraq, onun ölkəyə girişinə rəsmi qadağa qoymaq şansı yoxdur. Odur ki, onu müxtəlif yollarla, yəni şərləyərək həbs etməyə çalışırlar.
Kamran Xəlilov ("Borçalı" İB sədrinin müavini) və Kərəm Məmmədov (Borçalı Cəmiyyətinin sədri)
Muxalifet.az-ın özəl qaynaqlardan əldə ediyi informasiyaya əsasən, Gürcüstan xüsusi xidmət orqanları Kamran Xəlilovu guya “Gürcüstan əleyhinə fəaliyyətdən” çəkindirmək üçün ailə üzvlərinə təzyiq göstərirlər. Belə ki, onun hazırda Bolnisi rayonunun Faxralı kəndində yaşayan anası, qardaşı və digər qohunmlarına müxtəlif bəhanələrlə təzyiqlər edilir. Hətta, bildiyimizə görə, bir neçə gün əvvəl guya, K.Xəlilov “evində qanunsuz silah saxladığı” iddiası ilə gecə saatlarında çox sayda polis əməkdaşı qonşuların hasarlarından aşaraq, evə basqın təşkil ediblər. Hansı ki, həmin vaxt K.Xəlilovun ailəsinə məxsus evin darvazası taybatay açıq olub. Sadəcə, polislər ailə üzvlərində xof yaratmaq və Kamran Xəlilovu “cinayətkar dəstənin başçısı” kimi təqdim etmək üçün gecə radələrində evin ətraf küçələrini bağlayaraq, ailəyə hücum ediblər.
Musa Xəlilov
Onu da qeyd edək ki, bu hücum zamanı Kamran Xəlilovun qardaşı Musa Xəlilov darvaza açıq olduğu halda, polisin qonşu həyətlərin hasarından aşmasına heç bir zərurət olmadığını deyərək, onlara öz etirazını bildirib. Bu zaman maskalı polislərdən biri avtomat silahın qundağı ilə Musa Xəliovun sinəsinə və qarın boşluğuna güclü zərbələr endirib. Çoxsaylı zərbə nəticəsində M.Xəlilov huşunu itirərək, yerə yıxılıb. Bu zaman anası Sevil xanım ağlayaraq oğlunu yerdən qaldırmaq istəyərkən, polis əməkdaşı onun qolundan tutaraq kənara atıb və bu zaman qadın yerə yıxılaraq xəsarət alıb.
Kamran Xəlilov, Kərəm Məmmədov və politoloq Natiq Miri Gürcüstanda yaşayan soydaşlarımızla görüşdən sonra
Mənbənin məlumatına görə, daha sonra məhkəmə qərarı olmadan evdə axtarış aparan polis əməkdaşları qanunsuz saxlanılan hər hansı əşya əldə etmədikdə, Musa Xəlilovu da maşına ataraq özləri ilə Bolnisi rayon polis şöbəsinə aparıblar. Şöbədə ondan qardaşının fəaliyyəti ilə bağlı ifadə verməsi tələb olunaraq fiziki və psixoloji təzyiqlər göstərilib, heç bir şey əldə etmədikdə, təxminən 10 saat sonra onu sərbəst buraxıblar.
Muxaifet.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik.