Borçalılar Siyavuş Novruzova etiraz edir

Əlibala Əsgərov: “Biz ali qanunlar qəbul edilən bir dövlətdə yaşayırıq, Azərbaycan kimi qanunlar sadəcə kağız üzərində olan məmləkətdə deyil”

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərakatının sədri Əlibala Əsgərov ötən həftə Azərbaycan mətbuatına açıqlamasında “Sınıq Körpü” sərhəd məntəqəsində baş verən qanunsuzluqlardan söhbət açıb. Ə.Əsgərob bildirib ki, sözügedən sərhəd məntəqəsində Borçalıdan olan soydaşlarımız məqsədli şəkildə təhqir olunur, alçaldılır: “Son aylarda ”Sınıq körpü" sərhəd məntəqəsində Borçalı camaatının başına açılan oyunlar, yəqin dünyanın heç bir sərhədində baş vermir. Sərhəddə milləti bilərəkdən təhqir edirlər, alçaldırlar".

“Yeni Müsavat”a açıqlamasında “Qeyrət” Xalq Hərakatı sədrinin məlum fikrinə münasibət bildirən YAP-çı deputat Səyavuş Novruzov isə baş verənlərin qanuna riayət edilməməsindən irəli gəldiyini bildirib: “Çox adam bəzən qanuna əməl etmir. Qanunda göstərilir ki, sərhəddən nə keçməlidir, nə keçməməlidir. Bunlar hesab edirlər ki, Borçalı azərbaycanlılarındır. Amma düşünmürlər ki, Gürcüstan vətəndaşıdırlar. Qanun xarici vətəndaşa nəyi tətbiq edirsə, eynisi ilə bunlara da o tətbiq olunur. Parlamentdə bu məsələ dəfələrlə müzakirə olunub. Gürcüstan və Azərbaycan arasında müqavilə imzalanıb. Buna uyğun olaraq, qanun çərçivəsində işlər həyata keçirilir. Hər bir vətəndaş qanunu mükəmməl öyrənməyə çalışmalı, riayət etməlidir”.

Qeyd edək ki, S.Novruzovun bu açıqlaması Gürcüstanda yaşayan soydaşlarımızın ciddi narazılığına səbəb olub. Belə ki, soydaşlarımız YAP-çı deputatı “Sınıq Körpü” sərhəd məntəqəsindəki qanunsuzluqları pərdələməkdə günahlandırıblar. Onun insanları savadsızlıqda ittiham etməsi ilə yanaşı, “bunlar hesab edirlər ki, Borçalı azərbaycanlılarındır” fikri də böyük narazılığa səbəb olub. Ən azı ona görə ki, Borçalı min illərdir Azərbaycan türkünün tarixi torpağıdır və hazırda Gürcüstan sərhədləri daxilində olsa da, o torpağın əzəli və əbədi sahibi borçalılardır.

Əlbəttə, burda heç də söhbət Borçalını Gürcüstandan ayırmaqdan söhbət getmir. S.Novruzova da çox yaxşı bəllidir ki, Gürcüstanda yaşayan soydaşlarımız heç bir zaman, bu ölkədə yaşayan ermənilərdən fərqli olaraq, bu cür separatçı mövqe ortaya qoymayıblar. Əminliklə deyə bilərik ki, YAP-çı deputat Borçalıdan olan hansısa soydaşımızın dilindən bu barədə hansısa ifadə eşitməyib və bu iddiada da ola bilməz. Çünki belə bir fakt ümumiyyətlə mövcud deyil. Bəli, Gürcüstanda yaşayan soydaşlarımız (bütün dünyada yaşayan azərbaycanlılar kimi) Azərbaycan dövlətini özlərinin MƏNƏVİ VƏTƏNi hesab edirlər. Yeri gəlmişkən, bu haqda ötən həftə “Qeyrət” Xalq Hərakatı sədrinin “Şərq” qəzetinə müsahibəsində də oxşar fikir bildirilmiş və Əlibala Əsgərov Azərbaycanı özünün mənəvi vətəni hesab etdiyini dilə gətirmişdi.

Bu gün görünən isə odur ki, Azərbaycanın yeraltı və yerüstü sərvələri rəsmi və ya qeyri-rəsmi olaraq YAP-ı təmsil edən bir qrup məmur tərəfindən mənimsənildiyi kimi, deputat S.Novruzov dövlətimizin adının da kənarda yaşayan soydaşlarımızla “bölüşdürülməsi”nin əleyhinədir. Görünür, o, sabah soydaşlarımızın da Azərbaycanın təbii sərvətlərindən pay istəyəcəyindən ehtiyat edir. Məhz bu baxımdan da Borçalıda yaşayan Azərbaycan türklərinə qarşı hər zaman aqressiv münasibət sərgiləyir...

Məlumat üçün deyək ki, bu gün özünün Facebook-dakı səhifəsində S.Novruzovun məlum açıqlamasına münasibət bildirən Əlibala Əsgərovu da YAP-çı deputatın hansı səbəbdən soydaşlarımıza qarşı bu cür aqressiv münasibət sərgilədiyi çox düşündürür: “Siyavuş müəllimin borçalılara qarşı düşmən mövqe sərgiləməsinin arxasında nə durur, görəsən? Bilən varsa, açıqlama versin, lütfən. Gah deyir, “gürcüstanlılar alma satandır”, gah deyir, “ diplomları Elşad Abdullayevin diplomudur”, indi də deyir ki, “qanuna hörmət etmirlər”.

Siyavuş bəy, sizin nəzərinizə çatdırıram ki, biz Gürcüstanda, yəni ən ali qanunlar qəbul edilən bir dövlətdə yaşayırıq, Azərbaycan kimi qanunlar sadəcə kağız üzərində olan bir məmləkətdə deyil. Sizə, əgər lazım olsa, beynəlxalq hüquq normativlərindən belə, istənilən qədər söhbət açarıq.

Verdiyiniz açıqlamalar vicdanınızı rahatladırsa, biz belə də yaşaya bilərik, təki sizin kimilərin yeri və kreslosu laxlamasın. Sizi öz vicdanınızla baş-başa buraxıram. Onsuz da sizdən başqa bir şey gözləmirdik”.

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də “Sınıq Körpü” sərhəd məntəqəsindəki qanunsuzluqlarla bağlı fikir bildirərkən, burda ayrı-seçkilikdən söhbət getmədiyini bildirib: “Deməzdim ki, bu siyasət ayrı-seçkilikdən irəli gəlir. Sadəcə, yanlış siyasətdir. Onların incidilməsinə səbəb bir qrup adamın mənfəət götürmək istəyidir...”.

Maraqlıdır ki, “Borçalı” Cəmiyyəti sədrinin bu açıqlaması da ciddi etiraza səbəb olub. Belə ki, əslən Borçalıdan olan ictimai fəal Kamran Ramazanlı özünün Facebook səhifəsində S.Novruzovla yanaşı, Z.Məmmədlini də “topa tutub”:

“Əziz dostlar, Azərbaycan Milli Məclisində Siyavuş Novruzov adında deputat var. Bu gun “Yeni Müsavat” qəzetinə açıqlama verib, yenə gürcüstanlı soydaşlarımızı günahlandırıb. Naxçıvan MR ilə bağlı söz düşəndə deyir ki, onlar blokadadır, güzəştlər lazımdır...

Onun diqqətinə çatdırıram ki, borçalılar da obyektiv və subyektiv səbəblərdən qonşu ölkələr tərəfindən blokada şəraitindədir. Azərbaycan tərəfdən də monopoliya və mənəvi cəhətdən blokada şəraitində yaşayır...

Utanıram, deyəm ki, “Borçalı” Cəmiyyətinin səlahiyyəti özündə olmayan sədri də bu məsələyə münasibətdə “a xala xətrin qalmasın” deyə danışır”.

Muxalifet.az

REDAKSİYADAN. Mövzunu davam etdirəcəyik.