“Bu filmin 3 il sonra gündəmə gətirilmə səbəbi...” - İLHAM RƏHİMOV İBRAHİMBƏYOVUN "QAFQAZ ÜÇLÜYÜ" FİLMİ HAQDA

“Rüstəm İbrahimbəyov sənətkar kimi sıradan biri deyil”
Hüquq professoru İlham Rəhimovla Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ili bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, müsahibəsində tanınmış kinorejissor Rüstəm İbrahimbəyoun son zamanlar Azərbaycanda bəzi rəsmi şəxslər və media qurumları tərəfindən tənqid hədəfinə çevrilən “Qafqaz üçlüyü” filminə də münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, jurnalistin, “Rüstəm İbrahimbəyovun ssenarisi üzrə 2015-ci ildə çəkilən “Qafqaz üçlüyü” filmi ilə bağlı müzakirələr bu gün Azərbaycan gündəmini zəbt edib. Siz filmlə tanışsınızmı? Fikriniz necədir?” sualına İlham Rəhimov belə cavab verib:
“Hər ikimizin uzun illəri Rusiyada keçsə də, Rüstəm İbrahimbəyovla şəxsi tanışlığımız yoxdur. Filmə də hələ baxmamışam. Ancaq ədalət naminə deməliyik ki, Rüstəm İbrahimbəyov dünyaca məşhur kinematoqrafdır. Bizim tələbəlik dönəmimizdə onun ssenarisi üzrə “Bir cənub şəhərində” filmi çəkilmişdi. Yadıma gəlir ki, film çox səs-küylə qarşılanmışdı və tələbə olduğumuz Leninqradın bütün kinoteatrlarında o film göstərilirdi. 1982-ci ildə onun “Ultimatum” pyesi səhnələşdirilmişdi. Bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bağlı idi. Qısa zamandan sonra o əsər ciddi səs-küy yaratdı və dönəmin ideologiyasına uyğun gəlmədiyi üçün repertuardan çıxarıldı... “Səhranın bəyaz günəşi” filmi İbrahimbəyova dünyanın ən ali kino mükafatı olan “Oskar”ı qazandırıb, Amerika Kino Akademiyasının üzvü olan yeganə azərbaycanlıdır. Onun yaradıcılığını Azərbaycan dövləti də həmişə yüksək qiymətləndirmişdir.
Bütün bunlar faktlardır. Bildiyim qədəri ilə onun əsərləri əsasən bəşəri mövzulara həsr olunur və ən əsası insanı düşündürür. Elə əsərlər, filmlər var, qısa zamandan sonra yaddan çıxır. Bir epizodunu zorla xatırlayırsan, İbrahimbəyovun filmləri isə fərqlidir. “Bir cənub şəhərində” filminə tələbə olarkən baxmışam, amma bu gün də bütün epizodları yadımdadır. Əminəm ki, bu filmə baxan saysız insan da onu unutmayıb. Demək istədiyim odur ki, Rüstəm İbrahimbəyov sənətkar kimi sıradan biri deyil.
“Qafqaz üçlüyü”nə gəlincə, filmə baxmamışam, amma haqqında müxtəlif rəyləri oxumuşam. Yaxşı olardı ki, film Azərbaycan telekanallarından birində, məsələn, İctimai Televiziyada göstəriləydi, sonra müzakirələr aparılaydı. Formatı da tapmaq asandır – kino tənqidçiləri müzakirələri başlatsın, sonra qoşulmaq istəyən qoşulsun. Açığı, çəkiləndən 3 il sonra filmin birdən-birə gündəmə gətirilmə səbəbi mənim üçün qaranlıq qalıb. Baxmadığım üçün hər hansı fikir bildirməyi doğru saymıram. Bu, obyektiv mövqe olmaz.
Muxalifet.az