“Dediyinizi etməyəcəm. Öz ayağımla gəlmişəm, basın 15 sutkalığa...” – QANUNLARI AYAQALTI EDƏN “BEZPREDEL”LƏR

Baxış sayı:
8713

Vətəndaşın evinin kommunal xidmətlərinin kəsilməsi, evə basqın edilməsi cinayət məsuliyyəti yaradır - Rəis müavini

Suraxanı polis idarəsi ilk reaksiya verdi
 
Dünən Altun.az saytında S.Cəlaloğlunun qardaşı oğlu, saytımızın baş redaktoru Süleyman Məmmədlinin oğlu Altay Məmmədovun evinə 05.03.2018-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən basqın edilməsi ilə əlaqədar məlumat vermişdik. Hüquq mühafizə orqanlarının məsələyə münasibəti özünü çox gözlətməyib. Belə ki, 06.03.2018-ci il tarixdə zərərçəkmişin atası S.Məmmədli Suraxanı rayon polis idarəsinə dəvət olunub. İdarə rəisinin müavini Cavanşir müəllimin qəbulunda cavabdeh şəxslərlə S.Məmmədlinin üzləşmə prosesi həyata keçirilib. Xatırladaq ki, hadisə ilə əlaqədar hazırda Suraxanı rayon 31-ci polis bölməsində təhqiqat yekunlaşıb, istintaqa verilmə mərhələsindədir. Prosessual məcəllənin tələbinə uyğun olaraq, cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunmalarının yaxın saatlarda həyata keçirilməsi gözlənilir.
S.Məmmədlidən aldığımız məlumata görə, rəis müavini Cavanşir müəllim ilkin olaraq, cavabdehlərə zərərçəkmişin evinin onlar tərəfindən kəsilmiş kommunal xətlərini bərpa etmələrini tapşırıb. Bunun qanunun tələbi olduğunu bildirən rəis müavininə etiraz edən cavabdeh Aslanov Təbib; “rəis, onda mən öz ayağımla gəlmişəm bura, elə indi məni deyin qatsınlar 15 sutkalığa”- deyə cavablandırıb. Təkrarən qanunun tələbini xatırladandan sonra tərəflər polis idarəsini tərk edib. Aldığımız məlumata görə, bu günədək zərərçəkmiş A.Məmmədovun evinin kommunal xətləri bərpa edilməyib. Havaların soyuq keçməsi səbəbiylə A.Məmmədov ailəsi, 10 yaşındakı oğlu və hamilə həyat yoldaşı ilə birlikdə atasının evinə sığınmaq məcburiyyətində qalıb.
P.S. S.Məmmədli özbaşınalığa son qoyulması və zərərçəkmiş oğlunun hüquqlarının qorunması, kommunal xətlərin bərpa etdirilməsi, vurulmuş külli miqdarda zərərə görə cavabdehlərin məsuliyyətə cəlb olunması tələbi ilə Dİ naziri general-polkovnik cənab R.Usubova və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova teleqramla müraciət edib. DİN-dən hadisə ilə bağlı tədbirlərin nəzarətə götürüldüyü bildirilib.

Azay Süleymanoğlu