​Deputat “Sovetski”dən köçürülən sakinlərin problemini QALDIRDI

Baxış sayı:
3077

 “Hökumətin hesabatına nəzər saldıqda biz görürük ki, əvvəlki illə müqayisədə istehsal edilən Ümumi Daxili Məhsul (ÜDM) 0,1 faiz artaraq 60 milyard manatdan 70 milyard manata qədər çatmışdır. Burada əsas artım qeyri-neft sənayesi olan kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər bu kimi sahələrdə müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkənin qeyri-neft sektorundan əldə olunan ÜDM-un miqdarı 2,7 faiz artaraq 440 milyard manatı keçmişdir. Bu da son illərdə neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və ölkəmizin ixrac imkanlarını genişləndirilməsi məqsədi ilə, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək üçün qeyri-neft məhsulları ixracının stimullaşdırılması və təşviqi, iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırığın uğurla icra edildiyini göstərir”.
 
Muxalifət.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elmira Axundova hökumətin hesabatının müzakirəsi zamanı bildirib.
O, Nazirlər Kabinetinin fəaliyyətini əsasən qənaətbəxş hesab edib:
“Amma hökumət nümayəndələrinin burada iştirak etməsindən istifadə edərək Sizinlə bir sıra mülahizələrimi bölüşmək, təkliflərimi vermək istəyərdim.
İlk əvvəl mən qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş Sovetski küçəsində və onun ətrafında yerləşən binalar haqqında bir neçə kəlmə demək istəyirəm. Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiyaya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaqdır. Lakin hal-hazırda eşitdiyimə görə yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur. Yəni 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə təcrübədən uğurla istifadə olunub. Özü də bildiyimə görə dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri, təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı.
İkinci məsələ Bakı şəhərinin abadlaşdırılması ilə bağlıdır. Yaxşı haldır ki, axır zamanlar Bakının küçələrində səkilər dəyişdirilir, məsələn əlillər üçün lazımlı olan panduslar qoyulur və sair, lakin xahiş edərdim ki, müvafiq qurumlar Bakının ikinci dərəcəli küçələrinə də nəzər salsın, çünki Bakının mərkəzi küçə və prospektlərindən başqa ikinci, üçüncü dərəcəli yollarında asfalt örtüyü çox vaxt bərbad vəziyyətdədir, çala-çuxurlar əmələ gəlir, səkilərdə isə ümumiyyətlə rahat getmək olmur. Bu da həm insanların rahatlığına mane olur həm də Bakının imicinə xələl gətirir, ələlxüsus nəzərə alsaq ki Bakı turist məkanına çevrilməkdədir.
Bir məsələ də Respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə inşa edilən yaşayış məntəqələri ilə bağlıdır. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s. kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilmişdir. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə “kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Xahiş edirəm bu məsələni nəhayət həll edəsiniz.
Digər bir məsələ isə yeraltı təbii sərvətlərimizin potensialını düzgün qiymətləndirməsi ilə bağlıdır. Onların hasilatı və istismarı ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol vermək olmaz, çünki dövlətimizin maksimum faydalanmasına nail olunmalıdır.
Məsələn: “Daşkəsən Filizsaflaşdırma” Aşıq Səhmdar Cəmiyyətinin istifadəsində olan dəmir filizi mədənləri ehtiyatlarının həcminə görə böyük potensiala malikdir. Son bir neçə ayda mətbuatda bu müəssisə təcili dəyər-dəyməzinə də olsa, özəlləşdiriləcəyi ilə bağlı materiallar gedib. Əvvəla, bu müəssisə ilə bağlı, bildiyimə görə dövlətimizin konkret planları var: zəngin ehtiyatlara malik dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zənciri quraraq, müəssisənin vahid, səmərəli bir klaster formasında fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. Bu da, bölgədə ən azı 1000 yeni iş yerinin açılmasına şərait yaratmalıdır.
İkincisi, belə zəngin potensiala, xammal bazasına malik müəssisəni tələm-tələsik, neçəyə olursa olsun satmaq düzgün olmazdı. Düzgün olanı odur ki, belə strateji müəssisələrin satışından həm dövlət ciddi gəlir götürməli, həm də bu özəlləşdirmə müəssisənin, eləcə də sahənin inkişafına ciddi investisiyalarla müşayət olunmalıdır. Eyni yanaşma digər belə strateji obyektlərin özəlləşdirilməsi məsələsində də öz əksini tapmalıdır.
Ümumilikdə Nazirlər Kabinetinin işini müsbət qiymətləndirir, hesabatın lehinə səs verəcəyimi bildirirəm”./modern.az/