Dolların hegemonluğuna son qoyulur? - RUSİYA, ÇİN VƏ AVROPA ÖLKƏLƏRİ...

Avropa ölkələrinin ABŞ sanksiyalarından yan keçmək və İran ilə ticarətə davam eləmək üçün yaratdıqları xüsusi ödəniş mexanizmi olan INSTEX sistemini işə salması ABŞ dollarına böyük bir zərbə vurub.
“Sputnik” agentliyi dolların beynəlxalq iqtisadiyyatdakı gücünün azalması üçün son dövrdə atılan addımları təhlil edib.
Düz bir il əvvəl Dünya Bankının mütəxəssisləri dünyada dollardan xilas olmaq prosesinin başladıldığını və bunun dayandırıla bilməyəcəini bildirmişdilər. Mütəxəssislər, başda Rusiya və ən böyük ticarətçi Çin olmaqla, beynəlxalq əməliyyatlarda dolların tamamilə aradan qaldırılacağını vurğulamışdılar.
İlk addım 2014-cü ilin dekabrında atılmışdı
Moskva və Pekin ticarətdə milli pul vahidlərinə keçmək qərarını ilk dəfə 2014-cü ilin dekabrında vermişdilər. O dövrdən bəri rublla ticarəti nəzərdə tutan müqavilələr imzalayan iki ölkə son dəfə 2019-cu ilin iyununda milli pul vahidləri ilə ticarət aparılmasını nəzərdə tutan hökumətlərarası müqavilə imzalayıb.
Razılaşma çərçivəsində bu ilin sonuna qədər işə salınması planlaşdırılan, SWIFT proqramını əvəzləyəcək yeni sistemin ilk növbədə Rusiyanın enerji və kənd təsərrüfatı şirkətləri tərəfindən istifadə edilməsi gözlənilir.
“Yeni sistem SWIFT sisteminin təsirini azaldacaq”
SWIFT əməliyyatlarının 42 faizi dollar vasitəsi ilə həyata keçirildiyi üçün bu sistem Vaşinqton tərəfindən təsirli silah kimi istifadə edilir. “Finanşl Tayms” (Financial Times) nəşri ABŞ-ın aqressiv mövqeyinin Rusiya və Çini dolların möhkəmliyini sınaqdan keçirməyə sövq elədiyini və nəticənin ABŞ üçün pis ola biləcəyini yazıb, yeni sistemin sanksiya təzyiqini ortadan qaldıracağı və dollar hakimiyyəti ilə sual işarətini doğuracağını bildirib.
“Avropanın da asılılığını azaldır”
Avropanın da ABŞ-dan asılılığı azalmaqdadır. ABŞ-ın sanksiya təhdidlərinə rəğmən Aİ ölkələri İrandan neft almağa davam edirlər və ödənişlər zamanı dolların əvəzinə avrodan istifadə edirlər.
Avropalılar ABŞ-ın məhdudiyyətlərini İngiltərə, Fransa və Almaniyanın iyunun 28-dən etibarən işə saldığı INSTEX müxanizmi vasitəsi ilə ortadan qaldıracaqlar. Mexanizmdən başqa ölkələr də istifadə edə biləcəklər.
“INSTEX ABŞ-a zərbə vuracaq”
Mütəxəssislər INSTEX sisteminin ABŞ-ın qlobal iqtisadiyyatı sistemini nəzarət altına almaq hədəfinə zərbə vuracağından əmindir. Çünki, yalnız Avropa yox, Ağ Evin sanksiya siyasətindən xilas olmaq istəyən hər bir ölkə INSTEX-dən istifadə edərək dollar təzyiqini dəf edə bilər.
Vaşinqtonun bu layihədə iştirak edən ölkələri təhdid edərək, bundan vaz keçirməyə çalışmasında təəccüblü heç nə yoxdur. “Blumberq” nəşrinin yazdığına görə, ABŞ-ın maliyyə nazirinin maliyyə kəşfiyyatı üzrə müavini Siqal Mandelker, Tehran ilə ticarəti davam etdirmək üçün Avropanın qurduğu INSTEX mexanizminin işə düşəcəyi təqdirdə bu sistemlə əlaqəli şəxslərin ABŞ-ın maliyyə sistemində əngəllənəcəyinə işarə vurmuşdu.