DÖVLƏTÇİLİK VƏ SOSİAL SİYASƏT - Sərdar Cəlaloğlu yazır

Baxış sayı:
1898

Dövlət onu təşkil edən xalqın simvolik bədəni, həmin dövlətdə həyata keçirilən siyasət isə xalqın ruhudur
 
Bu gün Azərbaycanda xalqın narazılığına səbəb olan və ayrı-ayrı qrupları kortəbi etirazlara vadar edən ən kəskin problemlərdən biri ayrı-ayrı sosial qruplarla bağlı həyata keçirilən sosial siyasətin qənaətbəxş olmamasıdır. Hər şeydən əvvəl, Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının tələblərinə zidd olaraq uşaqlara yönəlik sosial siyasətin həyata keçirilməməsi, müharibə iştirakçıları, qaziləri ilə bağlı sosial təminatda yol verilən qüsurlar, işsizlər ordusu, aztəmintlı ailələr, tələbə və təqaüdçülərlə bağlı həyata keçirilən sosial siyasətin günün tələblərinə cavab verməməsi bu qəbildən olan problemlərdəndir.

Məsələyə sosial ədalət, hüquq və azadlıqlar konteksindən yanaşmağı bir kənara qoyub, yalnız siyasi konteksdən yanaşdıqda belə bir suala cavab vermək lazım gəlir: Dövlətdə sosial siyasət nə üçün həyata keçirilir və bunun dövlətin mövcudluğu ilə nə kimi əlaqəsi vardır?
Hər şeydən əvvəl bilmək lazımdır ki, dövlət onu təşkil edən xalqın simvolik bədəni, həmin dövlətdə həyata keçirilən siyasət isə xalqın ruhudur. Buradan da “sağlam bədəndə sağlam ruh olar” tezisindən yanaşsaq, aydın olacaq ki, hər bir dövlətdə həyata keçirilən siyasətin başlıca məqəsədi məhz həmin dövləti gücləndirmək, onu inkişaf etdirmək, xalqı öz dövləti ətrafinda daha sıx birləşdirmək və dövlətin bütün güclərini onun mövcudluğu naminə səfərbər etməkdir. Vaxtilə Platon demişdir: “Dövlətlə ayrıca bir adamda bir və eyni başlanğıc var və onların sayı eynidir”. Əgər doğrudan da dövlətlə hər bir ayrıca adamda bir və eyni sayda başlanğıc varsa, onda hər bir ayrıca adamın inkişafı dövlətin inkişafı və ya dövlətin inkişafı hər bir ayrıca adamın inkişafı demək olur. Buradan aydın olur ki, dövlət nəinki ayrı-ayrı qrup və təbəqələrlə bağlı siyasət həyata keçirməklə kifayətlənməlidir, əksinə, hər bir ayrıca adamda olan başlanğıcları inkişaf etdirməklə özünün inkişafını təmin etməlidir. Bu isə hər bir ayrıca adamla bağlı doğru-düzgün sosial, iqtisadi, hüquqi  və mədəni siyasətin həyata keçirlməsini tələb edir.
Personalizmin banisi E.Mune yazır: “Dövlət mənəvi birlik deyil. Sözün həqiqi mənasında kollektiv şəxsiyyətdir. O nə vətəndaşdan, nə millətdən, nə də xüsusən şəxsiyyətdən üstün durmur... şəxsiyyətə xidmət edəndir”. Əslində, orta əsrlərdə alman krallarından birinin dediyi “xalq dövlət üçün deyil, dövlət xalq üçündür” fikrini bir qədər başqa formada ifadə edən Mune də təsdiq edir ki, dövlətlə şəxsiyyətə bərabər tərəflər kimi baxılmalıdır və bu bərabərlikdə dövlətin vəzifəsi vətəndaşa, vətəndaşın vəzifəsi dövlətə xidmət etməkdən ibarətdir. Bu gün Azərbaycanda etatizm hökm sürür, buna görə də daha çox vətəndaşlardan dövlətə xidmət tələb olunur, nəinki dövlətdən  vətəndaşa xidmət göstərmək.
Dövlətdə sosial siyasətin düzgün qurulması, təbii ki, vətəndaşların varlanmasında əks olunur. Bu, bir tərəfdən qiymətlərin, cərimələrin, faizlərin durmadan aşağı salınması, buna əks istiqamətdə əmək haqlarının və sosial yardımların artırılması ilə mümkündür.  S.Martin Lipset yazır: “Millət nə qədər varlı olsa, onun sabit demokratiyaya nail olmaq şansı bir o qədər yüksəkdir”. Belə millət həm də sabit və sürəkli inkişaf edən dövlətə də malik olur. Buradan aydın olur ki, kasıb xalq sabit demokratiyaya və möhkəm dövlətə nail ola bilməz, sabit demokratiya olmadan isə dövlətin dayanıqlılığını hifz etmək olmaz. Bu gün demokratiyaya qarşı getməklə vətəndaşların var-yoxdan çıxarılması eyni nəticələr verir, yəni dövlət durmadan zəifləyir.
Dövlət quruculuğu naminə vətəndaşlar nə üçün varlı və azad olmalıdır?!
Nobel mükafatı laureatı, avstraliyalı iqtisadçı Fridrix fon Hayek yazır: “Cəmiyyət və sivilizasiya yaradan insan onu özünə görə dəyişdirmək gücünə malik olmalıdır ki, o, özünün arzularını ən yaxşı təmin etsin. Əgər biz sosial nizamı yaxşılaşdırmaq istəyiriksə, kobud söhbətlər etməkdənsə, mürəkkəb strukturların məntiqini izləməyi öyrənməliyik”. Hayekin bu fikilərindən aydın olur ki, cəmiyyətdə özünün sosial iqtisadi və hüquqi vəziyyətini yaxşılaşdırmaq istiqamətində dəyişdirmək imkanı olmayan bir insan heç vaxt cəmiyyəti təşkil edə və öz mədəniyyətini svilizasiya mərhələsinə qaldıra bilməz. Svilizasiya şüur birliyində meydana çıxdığından, aydın olur ki, hər bir vətəndaş azad və varlı olduğu təqdirdə, o, svilizasiya yarada, bununla da güclü, dayanaqlı dövlətə malik ola bilər. Özünü dəyişdirmək gücünü itirən vətəndaş öz bioloji təbiətinə doğru meyl edir. Nəticədə tayfaçılıq və yerliçilik siyasi prinsiplərə çevrilir.
R.Hiqqins yazır: “Siyasi ətalət gücü bütün vaxtlarda milləti aldadaraq dar məhəlləciyin bataqlığına gətirir... siyasi ətalət idarəedənlərin və idarəolunanların fərdi korluğudur”. Siyasi ətalət vəndaşların passivliyindən meydana çıxır, hansı ki, özünüinkişaf imkanlarını itirmiş vətəndaş heç vaxt aktiv vətəndaş mövqeyi nümayiş etdirə bilməz. Buradan aydın olur ki, dövlət vətəndaşı nə qədər çox  ziflədirsə, özü də buna uyğun bir o qədər zəifləyir.
Azərbaycanda milli gəlirin ədalətli bölünməməsi hansı nəticələrə gətirib çıxarır?
C.S.Mill: “Zorakılığın ağalıq elədiyi primitiv cəmiyyətlərdə kapitala yığım edənlər yox, güclü olanlar və daha güclü olmağa məxsus olanlar, bilavasitə oğurluq yolu ilə əldə edənlər sahiblənir”.
Bəs, bu oğurluğun hansı üsulları Azərbaycan üçün xarakterikdir? Azərbaycanda insanların var-yoxdan çıxmasının səbəbləri arasında daha ciddi rol oynayan üç mühüm səbəbi ayırd etmək olar:
Birincisi, bankların müəyyən etdiyi ağlasığmaz kredit faizləri. Amerika federalizminin banilərindən biri Ceferson 1816-cı ildə Taylora yazdığı məktubda xəbərdarlıq edirdi: “Mən belə hesab edirəm ki, banklar daimi ordulardan daha çox bizim azadlığımız üçün təhlükəlidir. Onlar artıq pul aristokratiyasını yaradıblar və heç bir vəchlə hökümətə imkan verməyəcəklər”. Bu gün Azərbaycanda vəziyyət ikiqat ağırdır, bir tərəfdən banklar pul aristokratiyasını yaradib, digər tərəfdən oliqarxiq hakimiyyət bütünlükdə bank fəaliyyətini total nəzarətə alib. Nəticədə bankların müyyən etdiyi ağır kredit faizləri nəinki insanları var-yoxdan çıxarır, həm də buna paralel olaraq, Cefersonun dediyi kimi, ölkədə demokratiyanın inkişafi qarşısında böyük manelərə çevriliblər. Bu ikisi birlikdə dövləti özünü inkişaf etdirməkdən məhrum edib.
Fransız sosioloqu Jak Semlen azadlığın itirilməsi ilə dövlətin ifratlaşması arasındakı əlaqəni belə təyin edir: “Özünü müstəqil hesab etməyən fərd əsl həqiqətdə tələyə düşür. Fərdlər onları sosial statusla, iş yeri ilə, mənzillə və ailəsi ilə şantaj edən dövlətin tam tabeçiliyinə keçir”. Belə dövlətdə yaşayan kimsə nə özünün, nə də dövlətinin inkişafina xidmət edə bilməz. İfrat dövlətçilik azad dövlət ideyasını meydana çıxarır. Engels 18 mart 1875-ci ildə A.Vebelə göndərdiyi məktubunda yazır: “Azad dövlət elə bir dövlətdir ki, burada öz vətəndaşlarına münasibətdə azaddır, yəni müstəbid höküməti olan bir dövlətdir”. Azad dövlətlə azad insan bir-birinə əksilik təşkil etdiyindən, azad dövlət olan yerdə insan azadlığından danışmağa dəyməz.
İkinci səbəb ölkənin aqrar sektorunda baş verənlərlə bağlıdır. Azərbaycanda kəndlilər topraqdan məhrum edilib. Bu problem vaxtilə Roma dövlətində meydana çıxmışdı və Romanın möhtəşəmliyi də bu səbəbdən yox olmuşdur. F.Engels “Ailənin, xüsisisi mülkiyyətin və dövlətin, mənşəyi” adlı kitabında yazır: “Roma dövlətində patris əyanları iri topraq sahibləri və pul magistartlarından ibarət yeni bir sinif içərisində əriyib ona qarışır... bunlar var-yoxdan çıxmış kəndlilərin topraqlarını ələ keçirmişlər, bu yolla əmələ gələn malikanələri qulların əli ilə becərirdilər... İtaliyanı adamsız qoymuşlar”. Bu gün Azərbaycan əhalisinin təxminən 30-40 faizi ölkəni tərk edib. Bunların sırasında kənd yerlərindən çıxmış adamlar çoxluq təşkil edir. Ökədə əksər kənd təsərrüfatı məhsulları xaricdən gətirilir və yerli aqrar sektorda mühacir əməyindən istifadə olunur. Sual olunur, nə üçün Azərbaycan kəndləri boşalır? Bunun səbəbi  şəhərlərdə korrupsiya yolu ilə əldə edilmiş çirkli pul sahiblərinin var-yoxdan çıxmış, taleyin ümidinə buraxılmış və dövlət dəstəyindən məhrum və ya kifaət qədər dəstəyi olmayan kəndlilərin topraqlarını dəyər-dəyməzinə ələ keçirməsidir, hansı ki, bu prosesin acı təcrübəsi eramızdan əvvəl Roma imperiyasını süquta uğratmış və İtaliyanın boşalmasına səbəb olmuşdur.
Ücüncü səbəb mülkiyyətin qeyri-qanuni əldə edilməsi və ötürülməsidir. Vaxtilə Holbax deyirdi ki, “hüquq dövlətin qanıdır”. Hüququn işləmədiyi dövlət qanı dövr etməyən cəsədə bənzəyir. Hüquqi nihilizm ən ciddi dövlətçilik xəstəliyidir, hansı ki, digər bütün dövlət qüsurları buradan qaynaqlanır. Paris kommunasının məşhur təmsilçilərindən olan Pol Marat “Köləlik zəncirində” adlı kitabında yazır: “Hökmdarların azadlıqlara vurduğu birinci zərbə qanunları kobud surətdə pozmaları, sonra isə, ümumiyyətlə, onları unutdurmalarıdır”. Azərbaycanda hələ illər öncədən sahibkarlara qarşı qeyri-qanuni hallardan çox danışılır. Bunun bariz nümunəsi Daxili İşlər Nazirliyində aşkarlanan Hacı Məmmədovun quldur dəstəsinin mövcudluğu və hələ məhkəmələri davam edən MTN-nin yüksək rütbəli məmurlarının mütəşəkkil cinayətkar dəstə yaratmalarıdır. Buradan sual meydana çıxır: Hakimiyyət daxilində uzun illər bu cür cinayətkar qüruplar necə meydana çıxıb və uzun müddət ifşa olunmadan fəaliyyət göstərə biliblər? Hansı ki, nəticədə Azərbaycanda minlərlə iş adamı malik olduqlarından qeyri-qanuni yollarlarla məhrum ediliblər. Bunların sırasında hətta fiziki məhv edilmişlərə də rast gəlinir. Bunun səbəbi ölkədə qanunçuluq sferasında müşahidə edilən hüquqi nihilizm, yəni Holbaxın dediyi kimi, qanunların işləməməsidir. Qanunların işləməməsi həm də hər bir ayrıca adamın sosial vəziyyətinə mənfi təsir göstərir.
(Ardı var)