​Ekspert benzinin bahalaşacağına dair iddiaları ƏSASSIZ SAYIR

Baxış sayı:
10681

İlham Şaban: “Bizdə benzinin qiymətini dövlət tənzimləyir...”

SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib ki, H.Əliyev adına Neft Emalı Zavodunda  oktyabr ayında istehsalın qrafikə uyğun olaraq dayandırılması zamanı daxildə “Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək.
Xatırladaq ki, Rusiyada benzinin qiyməti sürətlə bahalaşmaqdadır. Bunun əsas səbəbi kimi dünya bazarında neftin qiymətinin artması göstərilir. Hökumət bahalaşmanın qarşısını almaq üçün benzin və dizelə Rusiya daxilində tətbiq olunan aksizləri minimuma endirmək qərarına gəlib. Aydın məsələdir ki, bu, xaricə satılan yanacağa aid edilməyəcək. Bu isə Rusiyadan benzin alınacağı təqdirdə, Azərbaycanda benzinin qiymətinin bahalaşacağına dair iddialara yol açıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə 1 dəfə baş verir: “Hesab edin ki, hər 5 min km-dən bir avtomobilləri aparıb yağını və filtirlərini dəyişirsiniz, bu da həmin prosesdir, təqribən 20-25 gün çəkir, baxır kim zavodu necə istismar edib. Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir, 2014-cü ilin 1 aprelindən isə yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir - yəni eyni gündə eyni saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər”.
 
Mütəxəssisin sözlərinə görə, müstəqilliyimiz zamanı hər il yanacaq istehsal edən NEZ təmirə dayanır: “Məgər onda benzin qiymətləri məsələsi gündəmə gəlib? Düzdür, deyə bilərsiniz ki, axı o zamanlar biz benzin ixracatçısı idik, indi isə idxal edirik. Bəli, ancaq bir məsələ var ki, o zaman Azərbaycanda heç yarım milyon maşın yox idi, indi 1,3 milyona çatıb. İstehlak daxili bazarda artanda, əlbəttə, ixrac üçün də həcmlər qalmayacaq. Son iki ildə NEZ-in cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddəti bir qədər uzanır. Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Ona görə də adətən avqust ayında Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə Ai-92 markalı benzinin idxal vergilərini sıfırlayır. Bu ona görə edilir ki, daxili bazarda həmin marka neft məhsulunun satış qiyməti NEZ fəaliyyətini bərpa edənə qədər artmasın”.