ERMƏNİLƏR KTMT SİLAHLILARINDAN DƏSTƏK GÖZLƏYİR... - Kəlbəcərdəki təxribatların pərdəarxası...

Baxış sayı:
907

Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstandakı hadisələrə müdaxilə üçün KTMT-ni yollaması fonunda ermənilərin içində bir sual dolaşır.
Qafqaz.media-nın məlumatına görə, indi Ermənistnda hər kəsi düşündürən budur ki, 44 günlük müharibədə və sonra Qazaxıstan, Rusiya, Belarus və KTMT-dəki digər “müttəfiqlərdən” yardım haradadır?! Yaxud İrəvanın "imdad" çağırışlarına rəğmən, KTMT niyə gəlmədi?
Doğrudur, 44 günlük müharibədəki imdad çağırışlarına susqunluq Rusiya tərəfindən müharibənin Ermənistan ərazisində getmədiyi, bu səbəbdən KTMT-nin səssiz qalması məntiqi ilə cavablandırılsa da, indi ermənilər bu qurumu "test etmək" üçün yenə Azərbaycanın mövqelərini atəşə tuturlar. Bununla sanki erməni baş naziri Paşinyanın Putinin dəstəklədiyi Tokayevə dəstək verməkdə şəriklik edərək özünü, məxməri inqilabı və Ermənistanı aşağıladığını, nədənsə KTMT-dən kömək tələb etmədiyini vurğulayırlar. Əsas kimi də özlərinin Azərbaycanın mövqelərini atəşə tutmasına baxmayaraq, suçu bizim üstümüzə atmaqla, atışmanın “Ermənistan ərazisinə qəsd olduğunu”, Qazaxıstana edilən müdaxilə kimi KTMT-dən operativ müdaxilə tələb etməyin vaxtı çatdığını, yəni Azərbaycana da eyni cür silahlı reaksiya verilməsini tələb edirlər.  
Xatırladaq ki, İrəvan Qazaxıstanda baş verənlərə müdaxilə ilə Ermənistanın köməyinə də məhz KTMT “sülhməramlıları”nın gələcəyini güman edirdi. Yalnız fit çalmaq lazımdır. Amma fit yoxdursa, heç bir kömək də yoxdur, olmayacaq da.
Rusiyanın diqqəti və qüvvələri Qazaxıstan və Ukrayna cəbhəsində parçalanır. Cənubi Qafqazdakı məsələlərdə Türkiyə ilə qismən də olsa uzlaşa bilən Moskva hələ ki, Ukraynada ABŞ-NATO ilə ortaq məxrəcə gəlməyə çalışır.

Mərkəzi Asiyada və Əfqanıstanda isə Çinlə üz-üzə gəlməyə, yaxud nüfuz dairələrini üməyyənləşdirməyə çalışan Rusiyanın başı dərddədir. ABŞ ondan Çinlə apardığı hibrid müharibənin "fitilini çəkməyi" tələb edir. Ona görə, ermənilərin Kremli -KTMT-ni özlərinin düzüb-qoşduğu atışmalara cəlb etmək cəhdi effekt verməyəcək. Bəlkə də KTMT-nin bu situasiyada səssizliyi Paşinyanın ölkəsindəki rusyönmülülərə Rusiyanın onlara faydasızlığını göstərməyə bəhanə olacaq. Yəqin ki, çağırışlarına reaksiya verilməyən İrəvanda daha bir "Nemıtaya Rossiya" aksiyası görünəcək...
P.S. Bütün bunlardan sonra aydın olur ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat də məqsədli olub. Görünür, cavab atəşinin açılacağına əmin olan düşmən, bununla, öz aləmlərində KTMT-nin dəstəyini əldə etmək üçün zəmin hazırlamaq niyyətində olublar…